
Təbriz Şəhər Şurasının Tikinti və Nəqliyyat Komissiyasının başçısı Ruhullah Rəşidi şəhərdə təhlükəli durumda olan ən azı 200 çoxqatlı binanın müəyyən edildiyini deyib.
O, bununla yanaşı vaxtilə şəhər səviyyəsində 30 min qeyri-standart yaşayış yerinin sökülməsi ilə bağlı məhkəmə qərarlarının çıxarıldığını, ancaq icra edilmədiyini söyləyib.
Rəşidi təhlükəli durumda olan binalarla yanaşı bir sıra bölgələrdə qeyri-standart evlərin çox olduğu üçün hər hansı təbii fəlakət nəticəsində ciddi faciələrin yaşanacağı barədə xəbərdarlıq edib.
Təbriz bələdiyyəsinin Şəhərsalma Təşkilatının verdiyi son statistikaya görə, hazırda Təbrizdə 290 10 qatdan çox olan, 285 10 qatdan az olan, 1250 5 qatlı tikili var.
Bundan öncə ötən ilin dekabr ayında Təbrizin keçmiş bələdiyyə başçısı Abbas Rəncpur şəhərdə 100 min qəzalı vəziyyətdə evin olduğunu bildirmişdi.
Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsin, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər.
Təbrizdə marginallaşma, şəhərətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.