Şərqi Azərbaycan Əyalətinin ətraf mühit fəalları və “Davamlı İnkişaf Evi” insan hüquqları və vətəndaşlıq Komissiyasında Çalışan Şərqi Azərbaycan Vəkillər Assosiasiyasının bir sıra hüquqşünaslarının dəstəyi ilə Təbriz istilik elektrik stansiyasının müdiri və Şərqi Azərbaycan Enerji İstehsalat Şirkətinin idarə heyətinin üzvlərini məhkəməyə veriblər.
Fəallar və hüquqşünaslar adı çəkilən hər iki qurumun rəhbərliyinin ətraf mühitin çirkləndirilməsi, qanuni səlahiyyətlərini yerinə yetirməmələri, əhalinin sağlamlığına laqeyd yanaşdıqları səbəbindən cinayət işinə cəlb olunmalarını tələb edirlər.
Qeyd edək ki, son aylar Təbrizdə hava çirkliliyi səviyyəsinin artması dəfələrlə məktblərin bağlanmasına səbəb olub.
Ətraf mühit fəalları şəhərin hava çirkliliyinin əsas amili kimi istilik elektrik stansiyasında mazutdan istifadə edilməsi göstərirlər.
Təbrizin parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsi və mazutdan istifadə edilməsinə görə hökuməti kəskin tənqid edib.
“Təbrizin petrokimiya zavodu və istilik elektrik stansiyası şəhərin havasının çirkləndirilməsində birinci rolu oynayırlar.
Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib.