Site icon Aznews TV

Zəngəzur dəhlizi bəhanəsi ilə İran rejimi və fars müxalifətinin anti-Azərbaycan və anti-Türk siyasətləri ilə bağlı Güney Azərbaycan siyasi təşkilatlarının bəyanatı

Son günlərdə Rusiya hökuməti rəsmilərinin Zəngəzur bölgəsi vasitəsilə Şimali Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqələrin açılmasının zəruriliyi ilə bağlı çıxışlarından sonra, “Zəngəzur dəhlizi” adı ilə bilinən bu layihə ilə bağlı İran İslam Respublikası və fars (tacik) müxalifətində yenidən anti-Azərbaycan anti-Türk təbliğatının gücləndiyini görməkdəyik. Bu günlərdə həm İslam Respublikasını dəstəkləyən, həm də ona müxalif olan fars mediası Azərbaycan və Türk əleyhinə məqalələrlə doludur. Fars hakimiyyəti və müxalifəti, bu yolun Zəngəzurdan keçməsi səbəbindən (hansı ki, tarixi olaraq Azərbaycanın torpağı olub və Sovet dönəmində Türk dünyasını coğrafi olaraq ayırmaq məqsədilə Ermənistana birləşdirilib) İranın tranzit yollarından kənarlaşdırılması, İranla Ermənistan arasındakı sərhədin kəsilməsi və ya NATO-nun bölgədə yerləşməsi kimi bəhanələrlə bu layihəyə qarşı çıxır və elə bir səs-küy salırlar ki, guya İranın bir hissəsi bu dəhlizə veriləcək. Rejim tərəfdarlarının bəzilərinin reaksiyaları o qədər irəli getdi ki, bu səs-küylərin arasında bəziləri yenidən Azərbaycanı hərbi müdaxilə ilə təhdid etməyə qədər irəlilədilər.

Amma hamıya yaxşı məlumdur ki, İran hakimiyyəti və fars müxalifətinin ortaya atdığı bu əsassız bəhanələr əslində çox şişirdilib və onların əsas problemi açıq şəkildə dilə gətirməyə qorxduqları bir məsələdir. Bu isə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbərinin dediyi kimi, Türk dövlətlərinin ittifaqının – onların dediyi kimi “Böyük Turan”ın reallaşması qorxusudur ki, bu da irqçi farslar arasında böyük narahatlıq yaradır. Onlar yaxşı bilirlər ki, ölkə daxilində “Türk məsələsi” başda olmaqla, qeyri fars xalqların haqları ilə bağlı ciddi problem var. Güney Azərbaycandakı Türk xalqı və İranın digər bölgələrdə yaşayan Türklər, Türk dünyası ilə güclü maddi və mənəvi bağlar qurarsa, fars hegemoniyası üçün artıq sonu gələcək və nəticədə, Türk xalqı və digər məzlum xalqların haqları bərpa edilməli olacaq. Onlar yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin qarşısını almaq üçün Ermənistana ehtiyacları var, lakin Ermənistan artıq İrandan üz çevirib, çünki Ermənistan da bu məsələlərdə İran rejiminin heç bir gücünün olmadığını bilir. Buna görədir ki, İran İslam Respublikası və sözdə fars müxalifəti Azərbaycanın və Türk millətinin əleyhinə belə bir təbliğat kampaniyası aparırlar, hansını ki, bu qədərini ancaq İkinci Qarabağ müharibəsində görmüşdük. Lakin onların hər sözündən bəlli olur ki, əsas qorxuları ölkə daxilindədir, xaricdə deyil.

Bununla belə, bütün mütəxəssislər razılaşırlar ki, İran Qafqaz məsələlərində artıq təsir gücünü itirib və ancaq hay-küy sala bilir. İranın yeganə ümidi Rusiyanın Ermənistana dəstəyi idi, lakin Ermənistanın qərbə yönəlməsi ilə o da əldən çıxdı.

Bu şəraitdə biz, Güney Azərbaycan siyasi təşkilatları, Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanın verdiyi öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında, Azərbaycanın Naxçıvana keçid yolunu açmağa tam haqqı olduğunu vurğulayırıq. Eyni zamanda, İran hakimiyyətinin və fars müxalifətinin Güney Azərbaycan Türklərinə və İrandakı digər Türklərə qarşı təhqiramiz və təcavüzkar davranışlarını qətiyyətlə pisləyir və xəbərdarlıq edirik ki, vəziyyət belə davam edərsə artıq millətimizin səbri daşacaq. Kimsə düşünürsə ki, belə hücumlarla Türk milləti öz haqlarından vaz keçəcək, çox böyük səhv edir. Türk milləti Güney Azərbaycanda və İranın fərqli bölgələrində hər gün daha da əzmkar bir şəkildə “Azadlıq, Ədalət, Milli Hökumət” strateji şüarı ilə öz azadlıq mübarizəsini davam etdirəcəkdir.

Azərbaycan Mərkəz Partiyası – AMP

Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

Azərbaycan Öyrənci Hərəkəti – AZOH

Güney Azərbaycan Demokrat Partisi – GADP

13/09/2024

Exit mobile version