Son zamanlarda İranda qəribə xəbərləri eşidmək normal bir hala çevrilib. Öncə qulağa qəribə gələn xəbərlər sürətlə normallaşır və toplumun adi bir parçası halına gəlir. Misal üçün son illərin bahalıqları İranda yemək kültürünün dəyişməsinə səbəb olub. Ölkədə toyuq iskeletinin tapılmaması və bəzi ailələrin toyuq əti ala bilmədiyi üçün iskiletə üz gətirməsi toplumun bir bölümü tərəfindən qəribə qarşılansa da bir bölümü üçün normal həyat tərzi olub.
Uzun illərlə sürən və getdikcə ağırlaşan yoxsulluq, ölkədə milyonlarla insanın təməl ehtiyacı yəni yiyəcəkdən məhrum olmasına səbəb olub. On milyonlarla insan yetərli və düzgün yeməkdən məhrum qalıb. Artıq dünyanın zəngin ölkəsi sayılan İranda on milyonlarla insan yemək yoxluğuyla yaşayır. Bu durum İran kimi şəffaf olmayan ölkədə artıq gizlədilmir. Yayılan bilgilər toplumun necə bir fəlakət içində olduğunu daha da aydın göstərir.
Bu yaxında Tehranın Ticarət Otağının Əkinçilik və Çevrilmə Sənayesi Komisyonu başqanı Kavə Zərgəran önəmli məlumat paylaşıbdır. Zərgəranın dediyinə görə keçən on ilin yeyəcək qullanımına baxıldığı zaman İranda önəmli yemək dəyərinə sahib bir çox yiyəcəyin aşırı dərəcədə azaldığı görünür. Misal üçün bir halda ki 1395-ci ildə İranda balıq kimi su məhsulları adam başına 4 kiloqıramdı 1399-ci ildə yüzdə 50 azalaraq 2 kiloya enibdir. Habelə qırmızı ət qullanımı İranda 1390-cı ildə adam başına ortalama 13 kiloqramdan 7 kiloya enibdir və təkcə 10 illik bir sürədə yüzdə 47 azaldığını göstərir.
Bu durum o qədər yayğın olub ki, hətta qənd və şəkərin qullanımı belə son 10 ildə yüzdə 33 azalıb. Yəni İranda yiyəcəklərin keyfiyyətinin azalmasının yanında insanlar daha az yemək zorunda qalırlar. Bu sürədə İranda çox yeyilən duyu qullanımının belə yüzdə 25 azaldığı insanların yoxsulluqdan daha az yemək yediyini göstərir.
Daha yoxsul bölgələrdə örnək üçün qırmızı ətin tamamən süfrələrdən yox olması da, acı bir gerçəkdir. Bu gündə yetərli və keyfiyyətli yeyəcəyə ulaşmaq hər şeydən öncə bir insan haqqı olaraq qəbul edilir. Quraqlıq və kürəsəl istiləşmə kimi təbii fəlakətlərin yanında, insanların yetərli yeyəcəkdən məhrum qalmaları bir nəslin ciddi dərəcədə mənfi təsir aldığına səbəb olur. Misal üçün uzman gözüylə olmasa belə Afriqadaki yoxsul ölkələrə baxıldığında nəsllərcə sürən yoxsulluğun nəticəsində insanların anatomisinin dəyişməsi belə bir acı həqiqətdir. dünyada özlliklə bol qaynaqlara sahib İranda bu dərəcədə yoxsulluğa məhkum qalması ilk baxışda inandırıcı gəlməsə də inkar edilməz həqiqətdir. Bu durum Azərbaycan kimi az imkanlara sahib olan bölgələrdə daha dərin yaralara yol açıb və daha bir nəsilə mənfi təsir göstərib.