
Bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.
O,dini təhsilin Azərbaycanda alınmasının əhəmiyyətindən danışıb:
“Dini təhsil məsələsi prioritet istiqamətlərdən biridir.Biz xarici ölkələrdə dini təhsil almağı qadağan etmirik. Qanunvericilik də buna icazə verir. Lakin xarici ölkələrdə dini təhsil almağın da tərəfdarı deyilik. Bunu açıq şəkildə dilə gətiririk. Məsələnin əsas səbəbi şəriət və mədəniyyətlə bağlıdır. Belə ki, şəriət nöqteyi-nəzərindən İran, Türkiyə, Pakistan və ərəb ölkələri ilə dinimiz eynidir. Onlar necə namaz qılır və oruc tuturlarsa, biz də eyni şəkildə ibadət edirik. Həmçinin, Həcc prosesini də eyniliklə həyata keçiririk. Amma həyat tərzlərimiz fərqlidir.
Həyat tərzi və mədəniyyəti formalaşdıran faktorlar təkcə dinlə bağlı deyil. Burada milli adət-ənənələr, ailə dəyərləri kimi amillər də təsir göstərir.
Mən xaricdə oxuyub gələnlərin hamısına hörmətlə yanaşıram.Amma onlar sanki başqa ölkə mədəniyyətinin nümunəsidirlər. Bizim prinsipimiz isə dindar olmaqdır, farsa, Anadolu türkünə çevrilmək yox.
Mənim ağlıma ruhani deyəndə Hacı Zeynalabdin Tağıyev gəlirdi. İndi ruhani deyəndə insanlar onu ərəb kontingentində və İran qiyafəsində görürlər. 1990-ci illərdə deyirdik ki, dindarların sayı çoxaldıqca azərbaycanlıların sayı azalır. Çünki azərbaycanlı başqa mədəniyyətin nümayəndəsinə çevrilir. Bu nöqteyi-nəzərdən dini təhsil bizim üçün önəmlidir.
İran, Anadolu və Ərəb mədəniyyətinə sonsuz hörmət göstəririk. Mənim üçün önəmli olan öz mədəniyyətimə uyğun təhsilin olmasıdır. Bu baxımdan dini təhsil məsələsi bizim üçün prioritetdir.
Biz xaricdə dini təhsil alanlara zərərli insanlar kimi baxmırıq. Amma deyirik ki, dini təhsili özümüz verək.
Müstəqilliyimizdən bu günə qədər 3000 artıq şəxs xarici ölkələrdə dini təhsil alıb.Onların daxilində mənim qədər vətənini ,dövlətini sevən insanlar da var.Lakin bununla belə biz ölkə daxilində dini təhsilin tərəfadarıyıq”.