Aksiya iştirakçıları ötən gecə də haqq səslərini ucaltmaqda davam ediblər.
Ötən gün və bu gün səhər etiraz edənlərə daha yeni qruplar qoşulub. Könüllülərdən ibarət yeni qruplar səsləndirilən şüarları daha da canladırıblar.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Etirazlarımız 2022-ci il dekabrın 12-dən etibarən başlayıb.