Site icon Aznews TV

Xələc türkləri, yaşadıqları yerlər və dili

Arqu qolunun yaşayan yeganə dili kimi böyük əhəmiyyət kəsb edir. Hətta türk dilinin arxaik xüsusiyyətlərini qoruyub saxladığı üçün bu gün mövcud olan türk ləhcələri arasında xüsusi bir yerə malikdir.

Xələc türkcəsinin hələ də mövcud olduğu faktı Almaniyanın Göttingen Universitetinin Türkologiya şöbəsindən Gerhard Doerfer və komandası tərəfindən 1968-ci ildə İranda edilən tədqiqat səfəri zamanı ortaya çıxmışdır.

Xələc türkcəsinin daşıyıcıları olan xələc türkləri tarixin müxtəlif dövrlərində fərqli coğrafiyalara yayılsalar da, hazırda dillərini qoruyub saxlayan və yaşadıqları yeganə bölgə İran kimi tanınır. Ondan başqa, Türkiyə və Türkmənistanda xələc türklərinin böyük bir icma təşkil etdiyini söyləmək mümkün deyil. Lakin bu yerlərdə özlərini xələc kimi tanıdan kiçik bir əhalinin olduğu məlumdur. Bundan əlavə, Türkiyədə Ağrı vilayətinin Doğubəyazid rayonu, Niğde vilayətinin Bor rayonu və Sakarya vilayətinin Hendək rayonu ərazisində Xələc adında üç kənd, Bolu vilayətinin Gerede rayonu və Uşak vilayətinin Banaz rayonu ərazisində Halaçlar adında iki kənd mövcuddur.

Xələc türkləri haqqında ilk məlumatlar “Oğuz Kağan” dastanının uyqurca və farsca versiyalarında yer alıb. Xüsusilə X-XIV əsrlərdə İslam coğrafiyaçıları və alimləri bu türklərlə bağlı məlumatlar vermişdir. Numizmatik tapıntılar da mövzuya dair mühüm mənbələrdir. Bu qaynaqlarda xələclər “Kalaç”, “Halaç”, “Hılci”, “Halaci” kimi adlarla xatırlanır. Onların yaşadıqları bölgə isə müasir Əfqanıstanın şimalı, Tacikistan və Özbəkistanın cənub hissələrini əhatə edən tarixi Toхaristan olaraq göstərilir.

Xələclər Amudəryanın cənubuna erkən köçən türk tayfalarından biridir. Amudəryanın cənubunda ilk dəfə VII əsrin son rübündə Samingan vilayətində tapılan iki baktria sənədində adları “Xalaso” kimi qeyd olunub. Çin mənbələrində isə (Xin-Tangshu) eyni bölgədə “Hedaluozhi” və ya “Gedaluozhi” kimi tanınırlar. Amudəryanın cənubunda əldə edilən Brahmi yazılı sikkələrdə “Hitivira Kharalaca”, yəni “Halaç İlteberi” yazılmış pullar tapılıb ki, bu da onların izlərini təqib etməyə imkan verir. Mənşələri barədə fərqli fikirlər mövcuddur. Onların Qarluqlarla eyni tayfadan və ya Eftalitlərin qalıqları olduqları haqda məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, bəzi tarixçilər onların Oğuzlara mənsub olduqlarını söyləyirlər.

Xələc türkcəsindən ilk bəhs edən şəxs XI əsrdə yaşamış böyük türk dilçisi Kaşğarlı Mahmud olub. O, “Divanü Lüğətit-Türk” əsərində xələc türklərindən danışıb və dillərindən nümunələr gətirib. Onlardan çoxu bugünkü xələc türkcəsi ilə uyğunluq təşkil edir.

Xələc türkcəsi əsrlər sonra 1906-cı ildə İran dilləri üzrə mütəxəssis Vladimir Minorski tərəfindən yenidən ortaya çıxarılıb və xələc türkcəsi ilə bağlı materiallar toplanıb. Daha sonra iranlı tarixçi və dilçi Məhəmməd Moqəddəm xələc türkləri və dilləri haqqında tədqiqatlar aparıb və əsərini 1950-ci ildə nəşr etdirib. Louis Bazin 1969-cu ildə apardığı tədqiqatdan sonra alman türkoloqu Gerhard Doerferin tələbələri Semih Tezcan, Volfqanq Heşe (Wolfgang Hesche) və Henriz Şeynhart (Heinrich Scheinhardt) ilə birlikdə 1968-1973-cü illərdəki araşdırmaları ilə xələc türkcəsini yenidən işləmişlər. Doerfer və tələbələri xələcin türk dilləri arasında qədim və özünəməxsus xüsusiyyətlərə malik olduğunu sübut edərək Kaşğarlı Mahmudun bəhs etdiyi Arqu dilinin davamçısı olduğunu müəyyənləşdirmişlər.

Xələc türkcəsi müasir türk dilləri arasında Oğuz qrupuna yaxın olsa da, müstəqil bir türk dili qolu kimi qəbul edilir. Bu gün 51.000 nəfər tərəfindən danışıldığı təxmin edilən bu ləhcənin rəsmi dil statusu yoxdur. İranın Aştiyan, Fərhan, Təfrəş şəhərlərində 29, Qumda isə 31 Halaç kəndi mövcuddur. Bu gün Xələc türkcəsini danışanlar əsasən orta və yaşlı nəsil, ibtidai və orta məktəb təhsilli, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan xələc türkləridir. Böyük şəhərlərdə yaşayan gənc nəsil isə ana dillərini deyil, ölkənin rəsmi dili olan farscanı üstün tutur. Buna görə də rəsmi dil statusu olmayan və danışanların sayı azalan xələc türkcəsi UNESCO-nun 2010-cu il “Təhlükə altında olan dillər” siyahısı”nda “Zəif dil” kimi qeyd edilib.

Exit mobile version