Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında saxlanılan və 13 il həbs cəzasına məhkum edilən azərbaycanlı məhkum Hamid Qarəoğlaninin xəstə olmasına baxmayaraq, müalicə olunmasına icazə verilmir.
Urmu zindanında saxlanılan məhkumların ailələri ilə telefon danışığı zamanı Hamid Qarəoğlaninin durumu barədə onlara məlumat verib və bunun ictimailəşdirilməsini istəyiblər.
Fevarl ayında xüsusi təyinatlı qüvvələrin Hamid Qaraoğlaninin də olduğu siyasi məhbuslar saxlanılan bölməyə hücumu, onları döyüb başqa bölmələrə köçürdüklərindən sonra epilepsiya xəstəliyindən əziyyət çəkən azərbaycanlı məhbus 24 saat nəzarət altında saxlanılır.
İnsan haqları təşkilatlarına bağlı qaynaqların verdiyi məlumata görə, fevral ayının ilk günlərində Hamid Qaraoğlani və başqa azərbaycanlı məhkum Fərzad Samani zindan məsullarının basqıları ilə qarşılaşb, barələrində daha sərt cəza tədbirləri tətbiq edilib və onlar zindanın “hərbi” bölməsinin təkadamlıq kameralarına salınıblar.
Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı il tarixində İran Kəşfiyyat Xidməti tərəfindən saxlanılıb və 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsi tərəfindən mühakimə olunub.
“”Amerika-İsrail” düşmən ölkələrinə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleimaninin şəklini cırmaq”da günahlandırılan Qaraoğlani ilk mərhələdə edam cəzasına məhkum olunsa da, sonradan onun cəzası 13 il həbs cəzası ilə dəyişdirilib.
Hamid Qaraoğlani zindandan İran Məhkəmə Sisteminin başçısına yazdığı açıq məktubda günahsız olduğunu, təhlükəsizlik məmurlarının işgəncə altında ondan məcburi etiraflar aldıqlarını və barəsində irəli sürülən ittihamların heç birini qəbul etmədiyini bildirib.