
Xarici siyasətdə mövqelərini itirən İran rejimi eyni zamanda daxildə ciddi iqtisadi və siyasi böhranla qarşı-qarşıyadır. Bütün bunlarla bərabər, ABŞ-nin maksimum təzyiq siyasəti və hava hücumu ehtimalı İran rejimini çətin vəziyyətə salıb və onu daha da aqressivləşdirib.
Suriyə olaylarından sonra İranla Türkiyənin əlaqələrinin gərginləşməsinin bir neçə səbəbi var:
• İran Suriyada məğlub olmasında Türkiyəni məsul görür.
• ABŞ-ın İrana qarşı iqtisadi və hərbi tədbirlərində Türkiyənin ABŞ ilə işbirliyi etmə ehtimalı rejim içindəki güc mərkəzlərini narahat edir.
• İran rejimi və ümumiyyətlə fars millətçiləri düşünürlər ki, İranda bir otoritet boşluğu yaranarsa, Türkiyə İran içindəki Türklərlə maraqlana bilər. Bu isə İranda mövcud olan fars hegemonluğuna ağır zərbə olacaq.
Türkiyəyə Suriyada kürdlər və ələvilər vasitəsilə cavab vermək cəhdləri uğursuz olan İran rejimi eyni taktikadan Qərbi Azərbaycanda istifadə etməyə çalışdı. Lakin burada da uğursuz oldu.
İran rejimi Qərbi Azərbaycanda iki həssas yerdə Kürdlərin Novruz tədbiri adı altında terror qruplarına mitinq keçirmək üçün icazə verdi.
Birinci tədbir 28 fevralda Araz çayı sahilində, Naxçıvan sərhədində yerləşən Poldəşt şəhərinin Zakirli kəndində keçirildi. Zakirli kəndi Qarasu bölgəsində, Türkiyə və Azərbaycan sərhədlərinin birləşdiyi yerə yaxın yerləşdiyi üçün seçilmişdi. Bu səbəbdən mitinqin əsas məqsədlərindən biri Quzey Azərbaycan və Türkiyəyə siyasi mesaj göndərmək idi.
İkinci tədbir isə 18 martda Urmiyə şəhərinin kənar məhəllələrindən birində, “Tir Meydanı”nda keçirildi. İran rejimi adətən Kürd bölgələrində tədbirlərə yalnız şəhərdən uzaq kəndlərdə icazə versə də, bu dəfə Urmiyə şəhərinin kənar məhəlləsində icazə verməsi diqqətçəkən məqam idi. Qərbi Azərbaycanın yerli məsullarının bu mitinqlə razı olmamasına baxmayaraq, Tehrandan mitinqin keçirilməsinə dair qəti təlimat gəldiyi barədə məlumat yayıldı.
Eyni gün bəzi yaxın bölgələrdə Kürdlərin Novruz tədbirləri ləğv edildi ki, Urmiyədə keçirilən mitinqdə iştirak daha çox olsun. Lakin Urmiyədə təşkil olunan tədbir sırf Novruz bayramı ilə bağlı deyil, tamamilə siyasi mitinq xarakteri daşıyırdı. PKK/PEJAK terror qruplaşmalarının geyimlərini geyinən şəxslər mitinq zamanı rəqs edir, siyasi mahiyyətli kürdcə mahnılar səsləndirirdilər. Bütün kürd terror qruplaşmalarına bağlı media qurumları bu mitinqi dəstəkləyirdi.
Buna baxmayaraq, günlərlə aparılan geniş təbliğata rəğmən mitinqə cəmi 5 minə yaxın insan qatıldı. Havadan çəkilən görüntülərdən bu rəqəmi müəyyən etmək mümkündür. Terror qrupları iştirakçı sayının 100 min olduğunu iddia etsələr də, görüntülər bu iddianın doğru olmadığını açıq şəkildə sübut edir.
Mitinqin təşkilində Urmiyənin kürd millət vəkili Hakim Məməkan və şəhər şurasının üzvləri Sadiq Təvəkküli Mehr və Sasan İbrahimzadə aktiv rol oynadılar. Bu şəxslərin PKK/PEJAK-a simpatiya bəslədikləri və İranşəhrçi dairələrlə yaxın əlaqələrinin olduğu məlumdur. Xüsusilə, Hakim Məməkanın narkotik qaçaqmalçılığı ilə tanınan Zindəşti ilə çoxsaylı şəkillərinin olması və onun keçmişdə “Nojin Birliyi”ndə PEJAK-ın tanınmış simaları ilə birlikdə fəaliyyət göstərməsi diqqət çəkmişdi.
Bu mitinq Güney Azərbaycan ictimaiyyətində böyük narahatlıq və reaksiyaya səbəb oldu. Bu reaksiya xüsusilə sosial mediada açıq şəkildə müşahidə edilmişdir. Həmin günün axşamı Urmiyənin “Park-e Cəngəli” adlanan meşə parkında bir qrup azərbaycanlı gənc etiraz aksiyası keçirmiş və mitinq əleyhinə şüarlar səsləndirmişdir.
PKK düşərgələrini Qərbi Azərbaycan dağlarına yerləşdirməklə, Zindəşti və Simko kimi kürd mafiya qruplarının önünü açmaqla və Qərbi Azərbaycana kürd valilər təyin etməklə kifayətlənməyən İran rejimi bu mitinq vasitəsilə bir daha Türkiyəyə, eləcə də Azərbaycan cumhuriyyətinə mesaj verməyə və PKK kartını önə çıxarmağa çalışmışdır. İran rejiminin bu hərəkəti təbii ki uzun zamandan bəri uyğulamaya çalışdığı “Qərbi Azərbaycanda cəmiyyət tərkibini dəyişdirmək” siyasvtinə də uyğun hərəkət idi.
22 Martda Urmiyənin mərkəzi küçələrində, xalq arasında “Bazar Ağzı” olaraq tanınan İmam-Ətayi dörd yolunda Həzrət Əlinin qılıncla vurulduğu 21 Ramazan günü üçün matəm mərasimi təşkil olunacaqdı. Əslində, bu mərasim hər il bir çox şəhərdə keçirilir və mahiyyətcə yeni bir hadisə deyil. Yalnız bu il rejim bunu Urmiyədə fərqli şəkildə keçirərək Türkiyəyə “kürd mesajı” ilə bərabər “şiəlik yaxud ələvilik mesajı” da vermək istədi. Yəni Urmiyənin həm etnik, həm də məzhəb baxımından Türkiyədən fərqli olduğunu və Türkiyənin burada təsirinin ola bilməyəcəyini göstərməyə çalışdı.
Bu məqsədlə, bu ilki təziyə mərasiminə “Urmiyə ələvilərinin – Ələviyyun – böyük toplaşması” adı verildi və yer olaraq isə şəhər mərkəzi təyin edildi. Şəhər daxilində və sosial mediada bu tədbir üçün geniş reklam aparıldı. “Ələviyyun” adının seçilməsi isə açıq şəkildə Suriyədəki və Türkiyədəki ələvi toplumlarına bir işarə idi. Yoxsa hamı bilir ki Azərbaycan Tüürkləri əsasında ələvi yox şiə kimi tanınırlar. Eyni zamanda, bir sıra şəxslərə bu tədbiri “Azərbaycan torpaqlarına göz tikənlərə cavab” kimi təqdim etməsinə də izin verildi.
Bununla da rejimin ikinci bir hədəfi mövcud idi: ölkə daxilində Türk-kürd qarşıdurmasını müəyyən dərəcədə artırmaq. Çünki İranda millətlərarası problemlərin müxalif qüvvələri parçalamaq üçün istifadə edilməsi rejimin maraq dairəsinə daxildir və müxalif qüvvələri basdırmasını xeyli asanlaşdırır. Bu şəsxlərin çağırışları eyni zamanda tədbirə iştirakı müəyyən dərəcədə artıracaqdı, çünki son illərdə məzhəbi tədbirlərə iştirak kəskin şəkildə azalıb.
Lakin tədbir günü hadisələr planlanandan fərqli inkişaf etdi. Bir neçə min iştirakçı gözlənilirdi, ancaq kürd terror qruplarının fəaliyyətlərindən olduqca qəzəbli olan şəhər əhalisi tədbir yerinə axın etdi və tədbirdə minlərlə yox, on minlərlə insan iştirak etdi. Sadəcə “Bazar Ağzı” deyil, İmam xiyabanı boyunca Mərkəz (Vilayət-i Fəqih) meydanından Əyalət (İnqilab) meydanına qədər böyük izdiham yarandı. Gələn insanlar milli şüarlar səsləndirməyə başlayınca “Ələviyyun” tədbiri böyük xalq izdihamının arasında sönük qaldı və tədbir böyük bir milli mitinqə çevrildi. Tədbirdə yüz minlərlə Urmiyə əhalisi iştirak etdi ki havadan çəkilən görüntülərdən bunu hesablamaq mümkündür. Bir milyon əhalisi olan Urmiyə şəhərində 100 minlərlə insanın toplaşması gözlənilməz dərəcədə böyük rəqəm sayılır və hər kəs üçün sürpriz oldu.
Mitinqdə çox sayda milli şüarlar səsləndirilsə də, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Urmiyə Türkündür, Türkün qalacaq”, “Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz” şüarlarının sıxlıqla təkrarlanması xüsusi diqqət çəkdi.
Mitinq fars mediası tərəfindən ümumiliklə təxribata məruz qalsa da, Quzey Azərbaycan və Türkiyə mediasında müəyyən dərəcədə öz gerçək əksini tapdı. Bununla bərabər, mitinq sosial mediada və ictimaiyyatda böyük əks-səda yaratdı.
Bu mitinq bir daha rejim daxilində “Türk məsələsi” ilə bağlı dərin baxış ayrılığını ortaya qoydu. Çünki İranşəhrçilər yaxud fars milliyyətçiləri mitinqi pantürkistlərin təxribatı kimi qələmə verib hücum etsələr də, rejimin içindəki Türk kökənli kadrlar səssiz qalmağı və ya dəstək verməyi tərcih etdilər.
Urmiyənin “anti-terror mitinqi” Güney Azərbaycan tarixində milli mitinqlərin ən böyüklərindən, bəlkə də məhz ən böyük mitinqi oldu. Beləcə də İran rejiminin Azərbaycan və Türkiyəyə Qərbi Azərbaycanda kürd-şiə mesajı vermək planı tamamilə tərsinə döndü və rejimin planı tam anlamı ilə uğursuz oldu. Urmiyənin “anti-terror mitinqi” Azərbaycan Türk milləti üçün tarixi zəfər olarkən, terror qruplarına və İran rejimini ələ keçirən anti-Türk Şuubi-İranşəhrçi qüvvələrə böyük dərs oldu.
Bizlər Güney Azərbaycan təşkilatları olaraq bu vasitə ilə millətimizə dərin fərasət, uzaq görənlik və milli həssaslığından dolayı təşəkkür edərək bildiririk ki, Azərbaycan Türk milləti vətənimizdə yaşayan bütün azlıqlara qarşı sayğı, sevgi və qardaşlıq duyğuları bəsləməklə bərabər və onların demokratik haqlarını tanımaqla birgə, istər terror qruplarının istər iranşəhrçi-şuubyəçi qrupların təxribatlarına əsla imkan verməyəcək və lazım olan zamanda tam gücü ilə meydanda olacaqdır. Eyni şəkildə Azərbaycan Türk Milləti Güney Azərbaycan torpaqlarından qardaş Quzey Azərbaycan və Türkiyə əleyhinə təxribat aparmağa imkan tanımayacaqdır.
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Güney Azərbaycan Demokrat Partiyası – GADP
25/03/2025