Dünya

UKRAYNANIN QƏLƏBƏSİ ÜÇÜN ABŞ NƏ ETMƏLİDİR? – “Amerikanın Ukraynada hansı məqsədləri güddüyünü müəyyən etmək lazımdır”

Amerikanın Ukraynaya göndərəcəyi hərbi və maliyyə dəstəyinin əngəllərlə üzləşməsi Ağ Ev administrasiyasının Ukrayna ilə bağlı strategiyasının olmaması ilə əlaqələndirilir. Belə hesab edilir ki, Prezident Bayden və eləcə də ABŞ siyasi dairələri Ukraynada gedən müharibənin qlobal geostrateji əhəmiyyətinə son dərəcə səthi yanaşırlar.

Ukraynalıların fikrinə görə, ABŞ başda olmaqla Qərb dünyasının Ukrayna ilə bağlı dərin və yaxşı hazırlanmış strateji planı olmalıdır, çünki Ukrayna özünü müdafiə etməklə yanaşı, həm də Qərbin təhlükəsizliyi üçün mühüm sipər rolunu oynayır.

“Aznewstv” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portlaında gedən “Ukraynanın qələbə qazanması üçün ABŞ nə etməlidir? başlıqlı məqalədə sözügedən məsələyə toxunulur. Həmin məqləni təqdim edirik:

”ABŞ-də seçki yarışı sürətlənməyə başlayır. Ukraynaya yardıma məcburi fasilə verilib. Ukraynalıların sürətli qələbəyə bəslədikləri ümid sönür. Amerikanın Ukraynaya hərbi yardımına iki partiyanın (Respublikaçılar və Demokratlar) verdiyi ümumi dəstəyin səviyyəsi 73 faizdən 62%-dək azalıb.

Belə görünür ki, Amerika isteblişmentinin bir hissəsi bu müharibədən başlıca dərsi götürə bilməyib: Rusiyanın Ukraynaya geniş miqyaslı təcavüzü Avropadakı və bütün dünyadakı təhlükəsizlik sisteminin üstündən xətt çəkib. İndiki müharibə təkcə Kiyevi Kremlin təsir zonasına qaytarmaq cəhdi deyil. Bu, düşünülmüş və həmçinin Rusiya imperiyasının dirçəldilməsi istiqamətində həyata keçirilən uğurlu strategiyadır. Əgər ABŞ dönüş anını itirərsə və Ukrayna yıxılarsa, onda Rusiya mütləq Qərbə doğru hərəkət edəcək. Baltika, Gürcüstan, Moldova və hətta Finlandiya zərbə altındadır. Vaşinqton bunun qarşısını nəyləsə ala bilərmi?

Birincisi, Konqresin səmərəli işləməsini təmin etmək lazımdır. Qanunların təsdiqi tam şəkildə əngəllərlə qarşılaşır. Şatdaundan (büdcə təsdiqi ilə bağlı əngəl) qurtulmaq mümkün oldu. Senat müvəqqəti maliyyələşmə ilə bağlı qanun layihəsini qəbul edib, lakin orada Ukraynaya əlavə yardım olunması yoxdur. Növbəti ildən maliyyələşmə ilə bağlı yeni mübarizə mərhələsi başlayacaq və nəticədə yenidən böhran yaşanacaq və bunun öhdəsindən gəlmək lazımdır. Əlbəttə, bu, olduqca böyük problemdir, çünki böhranın aşılması üçün təxminən 2-3 həftə lazım gəlir, qanunvericilərin digər işləri dayanır. Amerika Ukraynanı dəstəkləməsi üçün öz funksiyasını normal demokratik qaydada yerinə yetirməldir. İndi bununla bağlı bizim böyük problemimiz var.

İkincisi, Vaşinqton yardımı davam etdirməli və Ukraynaya yeni maliyyə tranşı verilməlidir. ABŞ Prezidenti Cozef Baydenin təklif etdiyi 60 milyard dollarlıq yardım zərfi təsiq olunmalıdır. Bu, bir partiyanın qərarı deyil. Ölkənin prioriteti naminə Respublikaçılar və Demokratlar birlik nümayiş etdirməlidirlər. Axı, burada söhbət Ukraynaya, İsrailə və Tayvana yardımdan gedir…

Nəhayət, söhbət həmçinin qlobal təhlükəsizlikdən gedir, çünki əslində Ukrayna bütün demokratik dünya uğrunda döyüşür.

Üçüncüsü, ABŞ Ukrayna ilə bağlı strategiyasını müəyyənləşdirməlidir. Son zamanlar Rusiyanın artıq strateji baxımdan uduzması barədə çox eşidirik. Buna cavab olaraq soruşmaq lazımdır – görəsən, bunu Putinə deyən kimsə var? Əksinə, onlar özlərini qələbə ərəfəsindəymiş kimi hiss edirlər. Rusiyanın strateji məğlubiyyətə uğraması haqqında deyilənlər saxta və təhlükəli arqumentlərdir. Bu, o anlama gəlir ki, artıq hər şey edilib və bundan sonra heç nəyə ehtiyac yoxdur. Digər tərəfdən, risklər də artır. Axı 2024-cü ilin martında Rusiyada seçkilər keçiriləcək. Putin bu seçkiləri udandan sonra diktator yeni səfərbərlik üçün kart-blanş əldə edəcək. Yeni səfərbərliyə top yemi kimi 300 min rusiyalı cəlb olunacaq. Resursu tükənən Ukrayna üçün bu, ciddi problem törədəcək.

Yaranmış indiki vəziyyətdə Bayden “ABŞ-nin Ukrayna ilə bağlı strategiyası nədən ibarətdir?” sualına dəqiq cavab verməlidir. O, tez-tez deyir ki, biz Ukraynaya lazım olan qədər yardım göstərəcəyik. Çox gözəl, bunun üçün nə etmək lazımdır? Amerikanın Ukraynada hansı məqsədləri güddüyünü müəyyən etmək gərəkdir. Ukraynanın qələbəsi hansı anlama gəlir? Hesab edək ki, ən azından Rusiya əsgərləri Ukrayna ərazilərini tərk edəcəklər. Əgər bu strategiya varsa, onda bunun ətrafında aydın plan qurulmalıdır. Bunun üçün hansı yardımlar, silahlar və resurs tələb olunması müəyyənləşməlidir.

Dördüncüsü, nəhayət ,Ukraynaya lazım olan bütün silahlar verilməlidir. Yuxarıda qeyd olunan strategiyanın reallaşdırılması üçün Amerika Ukraynanın istədiyi silahları təqdim etməlidir. Belə hesab etmək olar ki, ukraynalılar və azad dünya arasında çox sadə, həm də şəffaf müqaviləvar. Ukraynalılar nəinki öz ölkələri naminə, eləcə də bütün dünya uğrunda mübarizə aparırlar. Elə bu səbəbdən də azad dünya Ukraynaya silah verir. Bayden administrasiyasının Ukraynaya öncələr verdikləri silahın həcmi yalnız Ukraynanın məğlubiyyətə uğramamasına kifayət edib. Lakin bu, müharibədə qalib gəlmək üçün azdır, yetərli deyil. Silahların tədarükü ilə bağlı həyata keçirilən bu cür yanlış siyasətə yekun vurulmalıdır. 

Beşincisi, ABŞ hökuməti anlamalıdır ki, bu gün dünyanı bürüyən böhranların hamısı bir-birilə əlaqəlidir. Bu yaxınlarda Missuridən olan senator Coş Holli deyib ki, Amerika İsrailə köməyi artırmaq üçün Ukraynaya yardımı dayandırmalıdır. Bu, tamamilə yanlış yanaşmadır. Çünki Rusiya hər iki münaqişənin arxasında dayanır. Həm də o, tək deyil. Məsələn, İran onunla birlikdə hərəkət edir. Dünyadakı bütün diktatorlar əlbir işləyirlər. Digər rejimlərə məhəl qoymadan yalnız onların birinə qarşı çıxmaq olmaz…

Bu gün dünyada diktatorların qlobal alyansı formalaşıb. Diktatorların alyansı təkcə döyüş meydanında güclü deyil. İndi Amerikanın kifayət qədər iş görmədiyi media müharibəsinin ən qızğın çağıdır. Məsələn, qlobal Cənubda Rusiyanın təbliğat səyləri çox səmərəlidir. Ona görə də ABŞ silah və informasiya müharibəsi baxımından diktatorlara qarşı mübarizədə bütün gücünü səfərbər etməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button