Dünya

Ukrayna Rusiyanın hücumunu ləngidə bilib – Və Kurskda irəliləməyə çalışır

Ukrayna qoşunları Pokrovsk istiqamətində əvvəllər itirilmiş mövqelərini bərpa ediblər və Kursk vilayətində irəliləyişlərini davam etdirirlər. Rusiya qoşunlarının isə Seversk istiqamətində və Çasov Yar yaxınlığında irəliləməsi qeydə alınıb.

“Aznewstv” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Materialda qeyd olunur ki, Ukrayna müdafiə qüvvələri bu yaxınlarda Pokrovskdan cənub-şərqdə itirilmiş mövqelərini bərpa edib və Rusiyanın hücumunu ləngidə bilib. Sentyabrın 2-də dərc olunan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qoşunları Novoqrodovkanın cənub-qərb hissəsində (Pokrovskdan cənub-şərqdə) mövqelərini bərpa edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bildirib ki, hazırda Pokrovsk istiqamətində ruslar öz hücumlarını Novoqrodovka yaxınlığında cəmləşdirirlər.

Ukraynalı hərbi analitik Konstantin Maşovets bildirib ki, Ukrayna Silahlı Qüvvələri Marinovkanı (Novoqrodovkanın cənubu) saxlamaqda davam edir və bu, onun fikrincə, işğalçıların cənubdan Selidovoya doğru hərəkətinin qarşısını alır.

Sentyabrın 2-də yayılan əlavə geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Mixaylovkanın şimal-qərb hissəsinə, eləcə də Nikolaevkanın qərbindəki tarlalara doğru irəliləyib. Rusiya “hərbi müxbirlərinin” dediyinə görə, rus qoşunları Lisovkanı ələ keçiriblər. Lakin ISW bu məlumatı təsdiq etmir.

Sentyabrın 2-də yayılan geolokasiya görüntüləri Kursk vilayətindəki rus qoşunlarının Olqovka yaxınlığında (Korenevonun şərqində) itirilmiş mövqelərini bərpa etdiyini göstərir və ISW ekspertləri Ukrayna Silahlı Qüvvələrinin kənddən çox güman ki, geri çəkildiyini qeyd edirlər.

Rusiyalı “hərbi müxbirlər” Ukrayna qüvvələrinin Poqrebki və Malaya Loknya (hər ikisi Sudjanın şimal-qərbi) yaxınlığında az da olsa irəliləyiş əldə etdiyini və rus qoşunlarının mühasirəyə düşməmək üçün əvvəllər bu yaşayış məntəqələrindəki mövqelərini tərk etdiyini qeyd ediblər.

Rusiya mənbələri qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri sentyabrın 1-də Komarovka, Korenevo, Olqovka, Kremyanoye, Malaya Loknya, Çerkası Poreçye, Russki Poreçye, Velikiy Soldatskoye və Martınovka ərazilərində, həmçinin Borki yaxınlığında hücum əməliyyatları keçirib. Rusiyalı bloqerlər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələri Qluşkovski rayonunda Seym çayı üzərindən Rusiyanın ponton keçidlərinə hücumu davam etdirir.

Həmçinin bildirilir ki, hazırda Leninqrad Hərbi Dairəsinin ordu korpusu, 11-ci Hava-desant briqadası, 56-cı hava-desant alayı və xüsusi təyinatlı “Axmat” birləşmələri Kursk vilayətində fəaliyyət göstərirlər.

Related Articles

Bir cavab yazın

Back to top button