Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

TRAMP PUTUN VƏ ZELENSKİ İLƏ TELEFONLA DANIŞIB – Hər iki liderlə söhbəti uzun olub…

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

“ANT”TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.

“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp şəxsi görüşlərin təşkili barədə də razılığa gəliblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Putinlə Tramp arasında telefon danışığı barədə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

ABŞ Prezidenti Putini əmin edib ki, Amerika tərəfi əldə olunmuş bütün razılaşmaları yerinə yetirəcək.

“Ukraynada nizamlanma mövzusu da müzakirə olunub. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putin isə öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib və Donald Trampla razılaşıb ki, uzunmüddətli nizamlanmaya sülh yolu ilə nail olmaq olar.

Rusiya Prezidenti Amerika dövlətinin başçısının əsas tezislərindən biri olan “ölkələrimizin birgə işləməsinin vaxtı çatıb” tezisini dəstəkləyib.

Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına da toxunulub.

Rusiya Prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib və Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran sahələr, o cümlədən Ukrayna nizamlanması ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib.

Vladimir Putin və Donald Tramp şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirilməsi barədə razılığa gəliblər”, deyə Kremlin malumatında qeyd olunub.

Ukrayna Prezident Ofisi isə xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında da söhbət olub. Bu, Trampın Putinlə söhbətindən dərhal sonra baş verib.

Xüsusilə, söhbət bir saata yaxın davam edib.

“Prezidentlər arasında söhbət indicə başa çatıb”, – mənbə bildirib.

Az sonra Ukrayna Prezidenti bu barədə Telegram-da şəxsən məlumat verdi.

“Mən indicə Donald Trampla danışdım. Uzun söhbət. Sülhün əldə olunması imkanları haqqında. Komanda səviyyəsində birgə işləməyə hazır olduğumuz barədə. Texnoloji imkanlarımız, xüsusən də pilotsuz təyyarələr və digər müasir istehsallar haqqında. Prezident Trampa bizim birlikdə edə biləcəyimiz şeylərə göstərdiyi marağa görə minnətdaram”, – Zelenski qeyd edib.

O, həmçinin minerallar sazişini müzakirə etmək üçün Ukraynaya gələn ABŞ-nin maliyyə naziri Skott Bessentlə söhbətini Trampla müzakirə etdiyini deyib. ABŞ Prezidenti də öz növbəsində ona Putinlə söhbətinin təfərrüatları barədə məlumat verib.

Zelenski vurğulayıb ki, Ukrayna “hamıdan çox sülh istəyir”.

“Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə birgə addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin bunu həyata keçirək”, – dövlət başçısı yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button