Site icon Aznews TV

Tramp İrana zərbə endirməmək qərarının səbəbini açıqladı

ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək əmri versə də, 10 dəqiqədən sonra əmrin icrasını dayandırıb.

Aznews.tv-nin “The New York Times” qəzetinə istinadən verdiyi məlumata əsasən, amerikan PUA-nın vurulması haqda xəbər alan Tramp dərhal İranın raket batareyalarını və radarlarını məhv etmək əmri verib.

Hətta, qərardan sonra hərbi təyyarələr göyə qalxıb, gəmilər isə İrana tərəf hərəkət etməyə başlayıb.

Lakin Tramp gözlənilmədən qərarının icrasını dayandırıb.

ABŞ prezidenti öz addımını bu cür izah edib:

“Onlar çox böyük səhvə yol veriblər. Düşünürəm ki, hücum əmrini hansısa İran generalı verib. Açığı, mən bunun qəsdən edildiyinə çətinliklə inanıram. Lakin çox ağılsız addımdır. PUA-ya görə 150 nəfərin həyatına son qoymaq qeyri-bərabər cavabdır. Generallarım mənə zərbə zamanı, ən azı, bu qədər insanın öləcəyini bildiriblər”.

Yeri gəlmişkən, rəsmi Tehran istənilən hücumu dəf etməyə hazır olduğunu bildirib. Və sübut kimi, ABŞ dronunu məhv edən raketin göyə buraxılmasının videogörüntülərini nümayiş etdirib.

Məlumata əsasən, raketin buraxıldığı ərazi, Vaşinqtonun zərbə endirəcəyi məntəqələrindən bir idi.

Aznews.tv

Exit mobile version