Site icon Aznews TV

“Traktor”un türkiyəli məşqçisi Mustafa Denizli komandanı tərk etdi

Güney Azərbaycanının ən populyar futbol komandası “Traktor”un türkiyəli məşqçisi komandanın rəhbərliyindən çıxıb.

İRNA xəbər agentliyinin məlumata görə, Mustafa Denizli klubun sahibi Məhəmmədrza Zunuzi və klubun baş direktoru Qulamrza Sadiqiyan ilə razılaşdıqdan sonra “Traktor” komandasının məşqçiliyini tərk edib.

İran idman saytları Denizlinin komandadan ayrılma səbəbini onun verdiyi çempionluq vədini yerinə yetirmədiyi ilə izah edib. Bu ilin iyun ayında Mustafa Denizli “Traktor” futbol kmandasının rəhbərliyini ələ aldıqdan sonra 13-cü həftənin sonunda 18 xal toplaya bilmişdi. Ancaq hal-hazırda İran Liqasında Traktor komandası 8-ci yerdədir.

İranda idman xəbərlərini yayımlayan Varzesh3 saytı yazıb ki, “Traktor komandası ardıcıl olaraq dörd həftə qələbə qazana bilmədi. Traktor tərəfdarları komandanın performansından narazı olsalar da, komandanın baş məşqçisinə qarşı heç bir şüar səsləndirmədilər, ancaq azarkeşlərin narazılığı və komandanın liqada 8-ci pilləyə düşməsi klub rəhbərlərini yeni qərar verməyə məcbur etdi.”

Həmin saytların məlumatına görə, daha öncə Denizli şəxsi səbəblərdən dolayı komanda rəhbərliyindən ayrılmağı tələb etmişdi.

69 yaşlı tanınmış futbol məşqçisi daha öncə İranın “Perspolis” komandasını rəhbərlik edibi, ancaq indiyə kimi İranda çempion olmağa nail ola bilməyib. Mustafa Denizli Təbrizə ilk gəldiyi zaman hava limanında coşqu ilə qarşılanmışdı.
Traktor klubunun rabitə və media ofisi yeni bir baş məşqçi ilə razılaşana qədər komandanın rəhbərliyini müvəqqəti olaraq Əhəd Şeyx Lari həyata keçirəcək.
Exit mobile version