
Bəkr ibn Abdullah əvvəlki körpünü yenidən qurduğu kimi, onun ucaltdığı körpü də sonralar dəfələrlə bərpa və təmir edilmişdir. İndiki on beş aşırımlı körpü XII əsrin abidəsi sayılır.
Körpü tağlarının dayaqları təbii özüllər – qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir.
Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8,7 metr, ən kiçik tağ aşırımı isə 5,8 metrdir.
Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çaydaşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən aparılmışdır ki, bu da Aran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə xüsusi bədiilik və konstruktiv görkəm verir.