Bu barədə yerli media məlumat yayıb.
Hadisədən bir gün əvvəl, oktyabrın 13-ü gecə, rejissorun həyat yoldaşı pencərələrinin altında əli bıcaqlı naməlum şəxsin olduğu barədə sosial media hesabında paylaşım edib.
O, naməlum əxsin onları ölümlə hədələdiyini, polisə zəng edəcəkləri barədə xəbərdarlığa əhəmiyyət vermədiyini yazmışdı.
Daryuş Mehrcuyi bir müddət əvvəl hökumətin kino sahəsinə senzura tətbiq etməsinə etirazını bildirmişdi.
Rejissor, hökumətə və İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə ünvanladığı açıq məktubunda senzuraya etiraz məqsədilə nazirliyin qarşısında oturaq aksiya keçirəcəyini bildirmişdi.
“İrşad Nazirliyi! Hörmətli nazir! Məni dinləyin, mən artıq bacarmıram. Savaşmaq istəyirəm. Gəlin məni vurub öldürün. Bu mənim sinəm, öldürün, ancaq haqqı alacağam”, – Mehrcuyi açıq məktubunda yazmışdı.
Onun ölümünün açıq məktubundan sonra baş verməsi qətldə hakimiyyətə bağlı qüvvələrin əli olduğu barədə ehtimalları artırır.
Qeyd edək ki, müasir İran kinosu 8 dekabr 1939-cu ildə Tehranda anadan olan Daryuş Mehrcuyi ilə başlayır. O, İran kinosunu realizm, simvolizm və bədii kinoya xas həssaslıqla tanış edib. Onun filmləri Roberto Rossellini, Vittorio de Sika və Satyacit Rayin filmlərinə bənzəyir.