Azərbaycanİran

​​Təbrizli rejissor şovinizmin tələblərinə tabe olmayacağını deyib

“Bütün filmlərimi ana dilimdə, türk dilində çəkmişəm və bundan sonra da belə edəcəyəm.

Bu dili daha yaxşı bilir, fikir və duyğularımı daha güclü ifadə edə bilirəm”. Bu sözləri təbrizli rejissor Vəhid Nami Tehranın “29 Bəhmən” kinoteatrında, özü və qardaşı Nəvid Naminin yaradıcılığı barədə keçirilən konfransda deyib.

O, türk dilinə qadağalar və məhdudiyyətlərin tətbiq edilməsi və məhdudiyyətlər qoyulmasını tənqid edib.
Konfransda iştirak edən jurnalistlərdən biri Vəhid Namiyə filmlərini türk dilində çəkdiyinə görə irad bildirib və bunun məntiqsiz olduğunu deyib.

“Bir rejissor öz ana dilində film çəkdiyinə görə sorğu-sual edilməməli, cavabdehlik daşımamalıdır. Kimlər bu qaydanı qoyub? Bu məcburiyyətlərin və qaydaların əleyhinəyəm və öz dilimdə film çəkməyə davam edəcəyəm. Təbriz şəhəri boyda olan Kozovoda kimi kiçik bir ölkədə 3 dil rəsmi dövlət dili kimi qəbul olunub, yaradıcılığımın türk dilində olmasına irad bildirmək şovinizm nümunəsidir, bu isə artıq alınmayacaq”,- təbrizli rejissor cavab verib.

O, uzun illərdir İranda qeyri-fars xalqlara, dillərə və mədəniyyətlərə qarşı ədalətsiz davranıldığını, onların kimliyi, dili və mədəniyyətinin təhrif edildiyini deyib.

Vəhid Nami son dövrlər qeyri-fars xalqlarla bağlı məsələlərin gündəmə gəlməsindən bir sıra dairələrin narahatlıq keçirdiklərini söyləyib və bunu reallıqları qəbul etməmək xəstəliyi adlandırıb.

Rejissor hakim sistemdə təmsil olunan bir sıra güc mərkəzlərinin xalqların milli kimliyini saxtalaşdırmağa və özlərinin mənafeyinə uyğun formalaşdırmağa çalışdıqlarını, ancaq bunun nəticə verməyəcəyini bildirib.

Qeyd edək ki, Vəhid Hüseyni Nami 1975-ci ildə Təbrizdə anadan olub, kino sənəti üzrə təhsil alıb, 20-dən çox qısametrajlı və sənədli film çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button