Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi və mühafizəkar cərəyana yaxınlığı ilə tanınan Əhməd Əlirzabeygi “Əsriran” agentliyinə verdiyi müsahibədə İsrail casuslarının İran kəşfiyyatına sızdıqlarını deyib.
O, İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin üzvünün Tehranda qətlə yetirilməsi ilə əlaqədar olaraq İsrailin İranın təhlükəsizlik və kəşfiyyat orqanlarına casus yerləşdirdiyini irəli sürüb.
İsrailin İran təhlükəsizlik və kəşfiyyat orqanlarına sızmasının çox ciddi məsələ olduğunu deyən Əlirzabeygi, İsrail kəşfiyyat rəsmilərinin İrana qarşı dediklərini praktikadada həyata keçirə bildiklərini söyləyib.
“Onlar əminliklə danışırlar. Döyüşçümüzü Suriyada izləyib Tehranda öldürürlər. Bu heçdə yaxşı hal deyil”-deyə, Əhməd Əlirzabeygi qeyd edib.
Millət vəkili ölkədə İsrailə qarşı hərbi üstünlük haqda danışılmasına baxmayaraq, bəzi baş verən hadisələrin ölkə kəşfiyyatında İsrail üçün işləyən insanların sayının artdığını göstərdiyini və Müdafiə Nazirliyində bununla bağlı kifayət qədər əlamətlərin olduğunu irəli sürüb.
Qeyd edək ki, bundan öncə İranın keçmiş prezidenti Mahmud Əhmədinəjadda İsaril casuslarının ölkənin əhəmiyyətli strateji obyektlərinə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə sızdıqları barədə açıqlamalar verib.