Site icon Aznews TV

Təbrizdəki türbə və məqbərələr – Xudafərin körpüləri

Azərbaycanın bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə kəsərək iki hissəyə bölür. Bu səbəblərə görə Arazın üstündə çoxlu körpülər inşa edilmişdir. Arazın su səviyyəsi və yatağında qayalıqların çox olması da qədim körpü tikintisi üçün əlverişli idi.

Araz üzərində çoxlu körpülər atılsa da, onlardan ən məşhuru Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olmuşdur. Burada genişlənən çay yatağında iri qayalıq sahələri vardır. Qədim dövr və orta əsrlərdə həmin keçidin kommunikasiya vasitəsi olaraq necə böyük rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü şahidlik edir.

Körpülərin birləşdiyi hər iki sahil gözəl dağlıq landşaftı olan yerdir. Bu təbiət abidəsinə üzvi olaraq daxil edilmiş körpülər insanın ətraf mühitlə qarşılıqlı münasibətinin uğurlu nümunəsidir. Bu səbəbdən Xudafərin dərəsi təbiətin və tarixin dəyərli abidəsidir.

Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir. Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı əlaqələrdə də yararlı olmuşdur. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini – miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun – hər il cənubdan Arrana və Qarabağa gedən güclü mövsüm axınlarının da qovşağı olmuşdur.

Exit mobile version