güneyli siyasi fəal Eldar Qaradağlı 20 Yanvar faciəsi ilə bağlı danışarkən deyib.
O, Azərbaycanı Sovet dövlətinin ən zəif halqası kimi görən Qarbaçov hökumətinin Bakı ilə bağlı 3 böyük hədəfi olduğunu bildirib:
“Birincisi, Bakıda hər an böyüməkdə olan Millli Azadlıq Hərəkatını basdırmaq! Onlar hesab edirdilər ki, güc nümayişi ilə Azərbaycanın milli azadlıq liderlərini Bakıdan uzaqlaşdıracaqlar. Bununla da başlayan oyanış hərəkatı başsız qalaraq sönəcək.
İkincisi, erməni-rus ordusunun Qarabağa girməsini tez zamanda təmin etmək! Belə ki, Bakıda gündən-günə yüksələn istiqlal arzularının ucu Qarabağa dayanmadan bütün bölgə Ermənistan dövlətinin tərkibinə qatılmalı idi. Bu isə Bakını hərbi nəzarətdə tutmaqla mümkün idi. SSRİ dağılandan sonra onun xələfi olan Rusiya dövləti Qarabağa birbaşa qoşun yeritməklə təkcə oranı deyil, Naxçıvanı da Ermənistan dövlətinə bağlamaq niyyətini açıq şəkildə ortaya qoymuşdu. Ancaq Naxçıvanda etnik tərkib bütünlüklə türk olduğundan istəyini gerçəkləşdirə bilmədi.
Üçüncü hədəf isə dünyaya “Hələ varam, ölməmişəm” mesajı və hayqırtısı idi. Sovet dövlətinin bu mesajı dünya üçün çox da maraqlı və ciddi xarakter daşımadı. Çünki 20 Yanvardan bir neçə ay öncə rus kommunistlərinin gözü önündə Berlin divarı yıxıldı. Bununla da SSRİ-nin süqutu başladı”.
Güneyli siyasi fəal rusların Azərbaycan türklüyünə qarşı düşmənçiliyinin dəfələrlə – Təbrizdə, Gəncədə, Urmuda, Qarabağda və başqa bölgələrimizdə göründüyünü, 20 Yanvar hadisəsi zamanı isə tamamilə üzə çıxdığını bildirib:
“20 Yanvar gecəsində əliyalın millətimizin milli azadlıq və müstəqillik iradəsi rusların vəhşi əməlləri ilə qarşılaşdı. O gecə qəhrəman millətimizin yüksək dirənişi qarşısında Moskvanın Azərbaycan siyasəti rəsmi olaraq çökdü. 20 Yanvar olaylarından sonra Azərbaycanda Sovet hökuməti əleyhinə gündən-günə artan milli istiqlal mücadiləsi sərhədləri aşaraq, qonşu ölkələrə də örnək oldu. 20 Yanvar faciəsi Mixail Qorbaçov, Yazov kimi cinayətkarların əsl mahiyyətini üzə çıxardı.
Qərbin demokratik dövlətləri birmənalı olaraq dosta çevrilən köhnə düşməni qınamaqdan çəkinərək, Bakı qırğınını görməzlikdən gəldilər. Hətta müəyyən vaxtdan sonra Qorbaçova Nobel Sülh mükafatı da verdilər. Bakıya ancaq Təbriz, Ankara, İstanbul, İzmir, Qars, Kayseri kimi qardaş türk şəhərlərindən dəstək gəldi. Bu şəhərlərdə böyük nümayişlərlə yanaşı yas və anım mərasimləri keçirildi. Təbriz o gün ən böyük yas mərasiminə şahidlik etdi. Bakıdan, Naxçıvandan Təbrizə gələn nümayəndə heyəti öz soydaşları ilə görüşdülər”.(axar.az)