az

Təbrizdə 5 milli-mədəni fəalın son məhkəmə iclası keçirilib

Sentyabrın 11-də 5 milli-mədəni fəalın sonuncu məhkəmə iclası keçirilib

Sentyabrın 11-də Təbrizin Ümumi və İnqilab Məhkəməsində 5 milli-mədəni fəalın sonuncu məhkəmə iclasları keçirilib.

Nadir Sadiqiyan, Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri və Əmir Səttari 11 sentyabr tarixində son müdafiələrini etmək üçün hakim qarşısına çıxarılıblar.

Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi, milli-mədəni fəallar Nadir Sadiqiyan, Vəhid Əbhəri, və Əmir Səttarini “telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa dəvət etmək”, Yusif Sələhşuru “telekommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa dəvət etmək” və “ictimai asayişi pozmaq” və Məhəmməd Mərdini “ictimai asayişi pozmaq”da ittiham edərək son müdafiələrini etməyi tələb edib.

Nadir Sadiqiyan və Yusif Sələhşur 25 iyul, Məhəmməd Mərdi 26 iyul, Vəhid Əbhəri və Əmir Səttari isə 22 iyul tarixlərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq 11 avqusta kimi “ETTELAAT”-ın təcridxanasında dindirildikdən sonra Təbriz zindanına köçürülüblər.
Onlar 14 və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz(Xuzistan) etirazçılarına dəstək aksiyası keçirlib. Aksiyada həmçinin, Güney Azərbaycan bölgələrində mövcud olan sosial problemlərə, ekoloji böhrana laqeyd qalan hökumətin siyasətinə etiraz edilib.

Müxtəlif şəhərlərdə çoxlu sayda milli-mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb.

Bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılsa da, həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.

Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, 24 iyul aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayı 150 nəfər civarındadır.

Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və mediiya məlumat verilməsin.
Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button