Keçid İdarəetmə Şurası gənclər təşkilatının dəbiri Kavə Şirzad, yaydığı bir video-çarxda Ərdəbil məhkəməsinin tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı çıxardığı qərar haqqında fikir bildirib. Belə ki, İran Ali Məhkəməsinin təsdiq etdiyi 15 il həbs cəzası və 2 il sürgün edilməsi ilə bağlı hökmü qınayıb.
“Şəhrvəndiyar Danişkədəsinin üzvü olan Şirzad həmçinin milli fəalın və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib. “Vətəndaşların ümumi mənafeləri naminə fəaliyyət göstərən insanlar həbs olunmamalı, işgəncəyə məruz qalmamalıdır. Bunlar daha yaxşı bir cəmiyyətin inşası üçün səy göstərən cəmiyyətdəki ən yaxşı insanlardır,” deyə o vurğulayıb. Şirzad həmçinin qeyd edib ki, bu gün Abbas Lisani kimi insanların yerinə “hakimiyyətdəki dövlət malını mənimsəyənlər, böyük oğrular və cinayətkarlar” həbs edilməlidir.
“Kimsənin fikirləri ilə razılaşıb razılaşmaya bilərik. Bu əhəmiyyət kəsb etmir. Önəmli olan hər kəsin həbs və işgəncə təhlükəsi ilə üzləşmədən sərbəstcə öz fikrini ifadə etmək hüququnun olmasıdır,” deyə o əlavə edib.
Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Təcdid Nəzər Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Qeyd edək ki, birinci 1-ci məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Təcdid Nəzər Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə əksüləməl verib. Habelə bu hökmün ləğv edilməsini istəyiblər.
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kəmpeyni təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Haqları Kəmpeyni fəalı Sadıq Rəcəbiyan Təmək, Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiyon Şurasının dəbiri Yusif Kor fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayıb. Onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.