Bu fikirlər “Ekhtaznews” saytında dərc olunan “Azərbaycanın böyük oyunu: Rusiya Qafqazdan niyə qorxur?” başlıqlı yazısındandır.
Qeyd edək ki, sözügedən sayt SEPAH-a bağlıdır və onun maliyyəsi ilə yayınlanır.
Sayt yazır ki, rus sülhməramlılarının Azərbaycanı tərk etməsi, həm rəsmi Bakının istəyi, həm də Rusiyanın bir çox reallıqları görməsi ilə bağlıdır. “Azərbaycandan qoşunlarını çıxarmaq qərarına gəlməklə, Kreml etiraf edir ki, Cənubi Qafqazda iqtisadi təhlükəsizliyin təmin edilməsi, ən azı indilik bu coğrafiyada sərt gücə malik olmaqdan daha vacibdir”.
Paralel olaraq İran nəşri qeyd edir ki, Rusiya regionu tərk etməklə uduş kartını Azərbaycana verdi. “Ölkə ordusunun mübahisəli bölgəyə tam nəzarət etməsinə şərait yaratdı. Əksər ermənilər üçün bu, Rusiyanın vədini pozmasının yeni təsdiqi idi. Bu hadisələrdən dərhal sonra müşahidəçilər Rusiya ilə Azərbaycan arasında hansısa sövdələşmənin aparıldığını ehtimal edirdilər”.
Yazıda Azərbaycanın önəmli ölkə olmasından və bölgədə bir sıra oyunlar oynadığından da bəhs olunur. “Azərbaycan Şərq-Qərb enerji siyasətində rol oynayır və Gürcüstan və onun yaxın müttəfiqi Türkiyədən keçən iki boru kəməri ilə Avropa və beynəlxalq bazarlara nəql olunan neft və qazı təmin edir”.
Həmçinin nəşr Azərbaycanın coğrafi mövqeyinin də onun üçün uduş vəd etdiyini etiraf edib. “İranla ümumi sərhədinə görə Azərbaycan Moskva ilə Yaxın Şərq arasında şimal-cənub qapısı kimi görünür. Nəticədə, Azərbaycan əlverişli coğrafi mövqeyinə və öhdəlik götürmədiyinə görə hər iki tərəflə oynaya bilib. Nəzərə alaq ki, Azərbaycan Orta Dəhlizdə yerləşən mərkəz ölkədir”.
“Ekhtaznews” daha sonra yazır ki, Bakı Avropa Komissiyası ilə razılığa gəldikdən sonra 2022-ci ildə Aİ-yə qaz ixracını artıracaq. Lakin o, həm də Rusiyanın enerji ixracatçıları ilə iş üçün ideal yerdə yerləşir. “Oksford Enerji Tədqiqatları İnstitutu mart ayında dərc etdiyi hesabatda təklif edirdi ki, Azərbaycan yaxın müttəfiqi Türkiyə ilə əməkdaşlıq etməklə Rusiya qazının sanksiyalarsız xarici bazarlara çıxması üçün qovşaq yaratmağa kömək edə bilər. Üstəlik, Azərbaycanın regional güc brokeri kimi artan statusu sayəsində bu aktor Rusiyaya İranla daha güclü əlaqələr qurmaq məqsədlərinə nail ola bilər”.
Son zamanlar, xüsusən də İran prezidentinin ölümündən sonra İran mediasının Azərbaycana münasibətində müsbət dəyişiklik müşahidə olunur. Belə ki, təkcə, “Ekhtaznews” deyil, ötən gün SEPAH-ın nəzarətində olan “Parstoday” saytı da Bakı ilə bağlı müsbət fikirlərlə dolu məqalə dərc edib.
Həmin sayt indiyə qədər İran mediasında yazılmayan sözlərdən istifadə edib. Məsələn, “Parstoday” saytı “Laçın dəhlisi sionustlərin keçid məntəqəsi olacaqmış” başlıqlı məqaləsində yazır: “İsrail Azərbaycan igidlərinin qanı və canı bahasına alınmış Qarabağda özlərinə dövlət qurmaq xülyasına düşüblər. Onlar Laçın dəhlizindən quracaqları “Kürdistan” dövləti üçün dəhliz düzəltməyi planlaşdırıblarmış. Lakin Azərbaycan buna imkan verməyib”.
SEPAH mediasının Rəisi dövründə Azərbaycana qarşı aqressiv davranışları daha çox müşahidə olunurdu. Lakin son dəyişikliklərin nə ilə bağlı olduğu hələlik məlum deyil.