İran

SƏİD CƏLİLİ, YOXSA MƏSUD PEZEŞKİAN? – Güney Azərbaycandan olan siyasi şərhçilər kimi daha şanslı görür?

Məlum olduğu kimi, ötən ay İran Prezidenti İbrahim Rəisinin müəmmalı helikopter qəzasında həlak olmasının ardından İslam Respublikasında növbədənkənar prezident seçkiləri elan olundu. Dünən başa çatan səsvermə mərhələsində 3 mühafizəkar - parlament sədri Məhəmməd Baqer Qalibaf, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi və yeganə islahatçı namizəd, əslən Güney Azərbaycan türkü olan sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparıb

Açıqlanan rəsmi məlumata görə, ötən gün keçirilən seçkilərdə 58,6 min seçki məntəqəsi fəaliyyət göstərib. Hələlik seçkidə iştirak edənlərin dəqiq sayı barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bu gün İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami seçkilərin ikinci mərhələyə qaldığını elan edib. Möhsün Eslami sayılmış 24 milyon 535 min 185 bülletendən əldə olunan nəticələri açıqlayıb. Nəticələr aşağıdakı kimi olub:

1. Məsud Pezeşkian – 10 milyon 415 min 991 səs;

2. Səid Cəlili – 9 milyon 473 min 298 səs;

3. Məhəmməd Baqer Qalibaf – 3 milyon 383 min 340 səs;

4. Mustafa Purməhəmmədi – 206 min 397 səs.

 

 

 

Qeyd edək ki, qaydalara görə, birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir. Hazırkı nəticələrə əsasən, ən çox səs alan namizədlər – Səid Cəlili və Məsud Pezeşkian iyulun 5-də keçiriləcək ikinci turda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.

Məsud Pezeşkianla bağlı qısaca onu deyə bilərik ki, əslən Güney Azərbaycan türkü olan bu maraqlı siyasi fiqur İran cəmiyyəti tərəfindən müsbət keyfiyyətlərə malik biri kimi tanınır. İxtisasca həkim olan 70 yaşlı Pezeşkian İranda nazir, nazir müavini, parlamentdə spikerin birinci müavini kimi müxtəlif yüksək vəzifələr tutub.

Pezeşkianin ölkəsində müsbət qarşılanmasının səbəbi vəzifədə olduğu dövrlərdə adının heç vaxt korrupsiya qalmaqallarına qarışmamasıdır. Digər tərəfdən, Pezeşkianın açıq sözlü bir olması cəmiyyət tərəfindən hər zaman xoş qarşlanıb. Sabiq nazir həm də müxtəlif vaxtlarda hökuməti sərt tənqid edən biri kimi tanınır. Onun etiraz aksiyalarının zorakı üsulla dağıdılması, narkotiklərlə bağlı hökumətin sərgilədiyi mövqe ilə bağlı dediyi fikirlər təqdirəlayiqdir.

 

 

Bəs maraqlıdır, Cəlali-Pezeşkian mübarizəsində hansı tərəfin şansı daha yüksəkdir?

Bu barədə Türkiyədə yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili “AzPolitika”-ya bildirib ki, İranda prezidentin daxili və xarici siyasətə təsir imkanları o qədər də geniş deyil:“İlk növbədə biz bilməliyik ki, İranda prezident məqamının o qədər də ciddi bir önəmi yoxdur. Tehran rejiminin ana siyasətini ölkənin dini lideri müəyyən edir. Prezident isə sadəcə olaraq rəhbərin müəyən etdiyi siyasi xətti icra edir. Ona görə də, düşünürəm ki, İranda kimin prezident seçilməsinin elə də böyük bir önəmi yoxdur”.

 

 

M. Mehdili qeyd edir ki, İran hakimiyyəti, son vaxtlar ölkədəki edamlarla bağlı dünyadakı siyasi imici xeyli pisləşdiyi üçün, müəyən yumşalmaya gedə bilər: “Əvvəlki ölkə başçısı İbrahim Rəisi qatı mühafizəkar və sərt bir sima idi. Bu səbəbdən İran hökuməti həm dünyaya, həm də daxildəki xalqlara daha yumşaq bir sima təqdim etmək istəyir. Başqa sözlə, mühafizəkar yox, islahatçı birinə ehtiyac var idi. Həmin şəxs də Məsud Pezeşkiandır. Belə görünür ki, seçkilər ikinci tura qalacaq və məncə Pezeşkian qalib gələcək. Pezeşkian urmiyalıdır, Azərbaycan türküdür. Çox savadlı bir insandır və Güney Azərbaycan türklərinə xitab etməyi yaxşı bacarır. Amma qeyd etdiyim kimi, prezident postunun imkanlarının məhdud olması səbəbindən, Pezeşkianın atacağı addımlar da məhdud olacaq. Çünki hər şeyi müəyyən edən İrandakı rejimdir. Rejimin müsbət rəyi olmasa, Pezeşkian namizəd belə ola bilməzdi”.

Siyasi şərhçi hesab edir ki, İran rejiminin Güney Azərbaycan türklərinə yumşaq üz göstərməyə ehtiyacı olduğu üçün Pezeşkianın namizədliyinə icazə verib: “İranda ciddi etirazlar var. Güney Azərbaycan Mili Hərəkatı çox böyüyüb, təsir imkanları genişlənib. Quzey Azərbaycan da bölgədə söz sahibidir və önəmli bir gücə çevrilib. Digər tərəfdən, Azərbaycan türkü olan bir namizədin olması həm də güneylilərin seçkiyə olan marağını artırır. Nəticələrə görə, seçicilərin təxminən 40 faizi səsvermədə iştirak edib. Əslində bu say daha da aşağı olacaqdı. Sadəcə Pezeşkian namizəd olduğu üçün Güney Azərbaycan türklərinin seçkidə aktivliyi artdı. Azərbaycanlı bir namizəd olmasaydı insanların cəmi 20 faizi bu seçkidə iştirak edəcəkdi. Seçkinin sönük keçməsinin səbəbi xalqın prezidentlik məqamına etimadının və ümidinin olmadığını göstərir”.

 

 

Güney Azərbaycandan olan siyasi şərhçi, “AzNews TV” televiziyasının baş müdiri Elyar Kamrani isə “AzPolitika”-ya şərhində bildirib ki, İrandakı seçkilər öncədən planlaşdırılmış şəkildə aparılır: “İran hökumətinin qurduğu oyun hər kəs üçün bəlli idi. İran göstərməyə çalışır ki, “mən də demokratik qaydalar riayət edirəm və insanları səsvermyə çağırıram”. Seçkinin ikinci tura qalması gözlənilirdi. Səid Cəlili və Məsud Pezeşkianın ikinci tura qalması onu göstərir ki, hakimiyyətin gələcəkdə yeni bir oyunu var. Türk-Azərbaycan faktorundan istifadə edib, insanları yenidən sandıq başına gətirib, seçki prosesinin aktiv keçidiyini göstərmək istəyir. Amma nəticə etibarilə Azərbaycan türklərinin bu seçkidə də aktivliyi aşağı olub”.

Siyasi şərhçi hesab edir ki, hakimiyyət Seydi Əli Xameneiyə bağlı olan şəxsin prezident seçilməsinin tərəfdarıdır: “Xameneinin yaşı çox olduğundan onun ölüm ehtimalı da nəzər alınır. Bunun üçün həm də onun yerini təyin olunacaq rəhbəri müəyyən edirlər. Hesab edirəm ki, bu səbəbdən Səid Cəlilinin şansı Məsud Pezeşkiandan daha çoxdur. Düşünürəm ki, Səid Cəlili İranın növbəti prezidenti olacaq”.“AzPolitika.info”

Related Articles

Bir cavab yazın

Back to top button