Site icon Aznews TV

RUSİYA KURSK ƏMƏLİYYATINA NECƏ CAVAB VERƏCƏK?

“Aznewstv” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri rus komandanlığının əl ata biləcəyi tədbirləri şərh ediblər.

Amerikalı analitiklər qeyd ediblər ki, Rusiyanın mümkün 4 cavab variantlarının hansının daha çox ehtimal olunduğunu söyləmək hələ mümkün deyil. Eyni zamanda, Rusiya hərbi komandanlığının qəbul edəcəyi qərara Ukrayna qüvvələrinin sayı və və imkanları barədə məlumatlar təsir edəcək:

“Birinci variant: Rusiya hərbi komandanlığı çağırışçılardan, FSB sərhədçilərindən, Rusiya Milli Qvardiyasından və sərhəd zonasında artıq yerləşdirilmiş digər qruplaşmalardan istifadə edə bilər. Rusiya hərbi komandirləri daha az təchizatlı və aşağı keyfiyyətli qüvvələrin imkanlarından istifadə etməklə Ukrayna qüvvələrini effektiv şəkildə dayandıra biləcəklərini düşünürsə,bu variantla kifayətlənmələri mümkündür.

 

 

İkinci variant: Rusiya hərbi komandanlığı Kursk, Bryansk və Belqorod vilayətlərinin sərhəd bölgələrində yerləşdirilən Şimal qoşun qruplaşmasından istifadə etmək qərarına gələ bilər. Şimal qruplaşmasının effektiv müdafiə əməliyyatları və əhəmiyyətli əks-hücumlar həyata keçirə bilməsi qeyri-müəyyəndir. Onun Kursk bölgəsində Ukrayna qüvvələrini sıxışdırmaq üçün yerləşdirilməsi sərhədin başqa yerlərində Rusiya müdafiəsində zəifliklər yaradacaq. Rusiya hərbi komandanlığı Şimal Qüvvələr Qrupunun Xarkov vilayətinin şimalındakı hücum əməliyyatlarını Kursk bölgəsindəki müdafiə əməliyyatlarından daha aşağı prioritet hesab edərsə, bu variantdan da istifadə etməyə cəhd edə bilər.

 

 

Üçüncü variant: Rusiya hərbi komandanlığı 2024-cü ilin yayında planlaşdırılan hücum əməliyyatları üçün toplanmış əməliyyat ehtiyatlarının cəbhənin digər yerlərindən Kurska köçürülməsi barədə qərar qəbul edə bilər. Rusiya hərbi komandanlığı cəbhənin prioritet sektorları üçün nəzərdə tutulmuş mövcud əməliyyat ehtiyatlarının saxlanması, xüsusən də Donetsk bölgəsində hücumun daha yüksək tempini dəstəkləmək və bunun əvəzinə daha aşağı prioritetli sektorlardan ön xətt bölmələrinin Kursk bölgəsinə köçürülməsi barədə qərar qəbul edə bilər.

Dördüncü variant: Rusiya hərbi komandirləri hazırda Kursk bölgəsindəki qüvvələrini saxlamağa, lakin eyni zamanda əraziyə əhəmiyyətli hava zərbə birləşmələrini köçürə bilər. Bununla belə, Kursk bölgəsində yerləşdirilən hazırkı Rusiya qüvvələrinin aviasiyanın gücündən nə dərəcədə yararlana biləcəyi bəlli deyil”.

Xatırladaq ki, avqustun 6-da səhər saatlarında Ukraynanın Rusiya Federasiyasının Kursk vilayəti ərazisinə hücum etdiyi məlum olub. Ukrayna hərbi komandanlığı hələ də vəziyyəti rəsmi şəkildə şərh etmir.

Bununla belə, bir neçə gün ərzində Rusiya mətbuatının məlumatına görə, Ukrayna hərbçiləri bir sıra yaşayış məntəqələrini, həmçinin Sudja qazölçmə məntəqəsini nəzarətə götürüblər. Eyni zamanda, hücumun birinci günü ərzində onlar Rusiyanın iki müdafiə xəttini yararaq, irəliləyə biliblər. Müxtəlif mənbələr artıq Ukrayna qoşunlarının 400 kvadrat kilometr civarında ərazini nəzarətə götürdüyünü bildirir.

Qərb mətbuatının məlumatına görə, Ukrayna ABŞ-dən Kursk əməliyyatını dayandırmaq üçün Rusiyanın istifadə etdiyi aerodromları vurmaq məqsədilə uzaq mənzilli ATACMS-dan istifadə etməyə icazə verməsini xahiş edib. Bu, Kiyevin fikrincə, Kursk vilayətinin bir hissəsini özündə saxlamağa imkan verəcək.

Exit mobile version