AzərbaycanDünyaMəqalələr

Qumuq türkcəsi

Qumuq türkcəsi qumuqların danışdığı türk ləhcəsidir. Qumuqlar əsasən Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşayırlar.

Sözügedən region Rusiya Federasiyasının ən cənub hissəsində yerləşir və Azərbaycanla həmsərhəddir.

Dağıstan  “dağ” sözü ilə  “istan” şəkilçisinin birləşməsindən yaranıb və “Dağlar ölkəsi” mənasına gəlir. Paytaxtı Mahaçqala şəhəridir.

Qumuqlar Dağıstandan başqa Çeçenistan və Osetiya Respublikalarında yaşayırlar. 2018-ci ilin qeydlərinə görə Dağıstanda 300 mindən çox, qonşu bölgələrdə isə təxminən 200 mindən çox qumuq türkləri yaşayır. Qumuqlar Qafqazda Azərbaycan türklərindən sonra ən çox yaşayan türk toplumudur.

Bu gün Türkiyənin Çanaqqala vilayətinin Biga rayonunda qumuq türklərinin yaşadığı kəndlər var. Türkiyədə yaşayan qumuqlar bu torpaqlara Qafqazda rus işğalına qarşı müqavimət simvoluna çevrilən Şeyx Şamilin 1859-cu ildə çar Rusiyası əsgərləri tərəfindən əsir alınmasından sonra köç etmək məcburiyyətində qalıblar.

Tarix boyu müxtəlif tayfaların köç yolları üzərində olan Dağıstan bu gün 30 fərqli etnik qrupa ev sahibliyi edir. Qumuqlar avarlar, dargilər və ləzgilərdən sonra bölgәnin dördüncü ən böyük etnik qrupunu təşkil edir. Qumuqların Dağıstanda məskunlaşması bir neçə fərqli köç dalğası ilə baş verib.

Qumuq adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bununla belə, qumuq adının çəkildiyi ən qədim tarixi mənbə Kaşğarlı Mahmudun “Divanu Lüğat-it-Türk” əsəridir. Müəllif məşhur əsərində bu mövzuda üç fərqli izahat verir. Onlardan biri qumuqların türk tayfası olduğunu göstərir. Daha aydın desək, müəllifin bu  əsərindəki “Birini qumuq tayfasına bənzədirsən, yenə də belə adlanır” ifadəsindən qumuqların bir tayfa hesab edildiyini anlamaq olar.

Bundan əlavə, qumuqlarla bağlı ən mühüm araşdırmalardan biri də Əhməd Zəki Vəlidi Toğan tərəfindən aparılıb. Əhməd Zəki Vəlidi Toğanın verdiyi məlumata görə, qumuqlar  Oğuz dastanında Dərbəndin müdafiəsi ilə məşğul olan qıpçaq türklərinin tayfası kimi təsvir edilir. Dərbənd şəhəri bu gün Dağıstan ərazisində yerləşir və Şimaldan Cənuba keçən yeganə yol olduğu üçün tarixi əhəmiyyətə malikdir.

Türk dilinin qıpçaq qrupuna aid olan qumuq dili tatar, qazax, qırğız, başqırd, qaraqalpaq, noqay, qaraçay – balkar, krım tatar və qaray türkləri ilə birlikdə tarixi qıpçaq türkcəsinin çağdaş nümayəndələrindən biridir. Müasir türk dil sahəsinin coğrafi və linqvistik prinsiplərinə görə Şimal-Qərb və ya Qıpçaq qrupunda olsa da, oğuz qrupunun təsirlərinə də məruz qaldığı müşahidə olunur.

Zəngin xalq ədəbiyyatına malik olan qumuq dili Kazan və Krım dilinin təsirinə məruz qalıb. İslamı qəbul edən qumuqlar  1928-ci ilə qədər ərəb əlifbasından istifadə ediblər. 1928-ci ildən 1938-ci ilədәk latın əlifbasından istifadə edən qumuqlar  1938-ci ildə sovet rəhbərliyinin qəbul etdiyi qərar nəticəsində kiril əlifbasına keçməli olublar.

Qumuq dili tarixdə bütün Dağıstan boyları arasında ortaq ünsiyyət dili kimi istifadə edilib. Dağıstan tayfalarına nisbətən daha çox ziyalı və dövlət xadimi yetişdirən qumuqlar Dağıstanda dominant rol oynayırdılar.1918-ci ildə qurulan Birləşmiş Qafqaz Cümhuriyyətinin rəsmi dili qumuq dili kimi qəbul edildi.

Günümüzdə qumuq türkcəsi üç dialektə bölünür: Hasav – Yurt, Buynak və Haydak. Qumuqların dil və mədəni sərhədləri çox genişdir və Dağıstanda danışılan 14 müxtəlif rəsmi dildən biridir. Funksionallığı baxımından rus dilindən təsirlənsə də, qumuq türkləri tərəfindən həm təhsildə, həm mətbuatda, həm də gündəlik həyatda geniş istifadə olunur. Proqramımızın bu günkü hissəsində qumuqlar, qumuq türklərinin yaşadığı yer və qumuq dili haqqında danışdıq.

Related Articles

Bir cavab yazın

Back to top button