Müstəqil qazax mütəxəssis, blogger Nurlan Saltayev Qazaxstanda keçirilən seçkilər və ölkənin xarici siyasətindəki mümkün dəyişikliklər haqda YeniÇağ-a müsahibə verib.
Aznews.tv sizə bu müsahibəni təqdim edir:
– Sizcə gələcəkdə Qazaxstanın xarici siyasətində hansı dəyişiklikləri gözləmək olar?
– Düşünürəm ki, ciddi dəyişikliklər gözlənilmir, çünki Tokayev Nazarbayevin prezidentliyi dönəmində ölkənin xarici işləri naziri vəzifəsində çalışıb. Əsas odur ki, Qazaxstanda dekolonizasiya başa çatmayıb. Bunun səbəbi odur ki, dünyada ən uzun quru sərhəd Qazaxstanla Rusiya arasındadır və əhalimizin 30% ruslardan ibarətdir. Təxminən 25 il əvvəl ruslar əhalimizin 60%-ni təşkil edirdi. Ehtiyatlı siyasət nəticəsində Rusiya Ukrayna, Moldova və Gürcüstandakı kimi, Qazaxstanın şimal-şərqində müharibə açmağa imkan tapmadı. Lakin buna görə Qazaxstan Gömrük Birliyinə daxil olmaqla suverenliyinin bir hissəsini itirmək məcburiyyətində qaldı.
– Qazaxstanın Azərbaycan və Türkiyə ilə möhkəm siyasi və iqtisadi münasibətləri var. Nazarbayevin dönəmində bu münasibətlər inkişaf edib.
– Xeyr, Nazarbayev dönəmində bu münasibətlər inkişaf etməyib – bu bir propaqanda məhsuludur. Əksinə, inkişaf Rusiya istiqamətində olub: gömrük qanunvericiliyinin unifikasiyası, məhsulların, işçi qüvvəsinin və xidmətlərin Rusiya, Belarus və Ermənistana azad nəqli və s..
– Tokayevin dönəmində Qazaxstanın bizim ölkələrə qarşı münasibətləri necə olacaq?
– Azərbaycan və Türkiyə ilə bağlı Qazaxstanın siyasəti dəyişməyəcək.
– Sizcə Türk dünyasının bir olub hərbi-siyasi alyansa çevrilmək potensialı var mı?
– Türk dünyasının birləşməsi tarixi zərurətdir , çünki Rusiya və Çin tərəfdən türklərə və türk dövlətlərinə qarşı güc, iqtisadi və mədəni təzyiqlər şəraitində, ehtimal var ki, bir neçə onillikdən sonra tatarlar, başqırdlar, uyğurlar və s. yox olmaq üzrə olan xalqların sırasına daxil olacaqlar. Sonra isə növbə qazaxlara və qırğızlara gələcək. Hərbi-siyasidən öncə, iqtisadi birlik yaratmaq lazımdır. Lakin bunun üçün Cənubi Azərbaycandan – Təbrizdən və Ərdəbildən loqistik yol açmaq lazımdır. Beləliklə, malların İstanbuldan Mərkəzi Asiyaya nəqliyyatı, Moskavadan qat-qat ucuz başa gələcək. Bu təqdirdə, türklər eyni tarixə və təfəkkürə malik 200 milyondan çox istehlakçıdan ibarət Vahid Türk Bazarı yaradacaq. Vahid loqistik sistem həm də, idealda Kiprdən Şimal-Buzlu okeanadək, realda isə İstanbuldan Altayadək arası kəsilməyən bir türk qurşağıdır. Türk dövlətlərinin ordularının qarşısında sərhəd maneəsi qalmadıqda, heç bir ölkə cəzasız olaraq türklərə zülm edə bilməyəcək.
Aznews.tv