Ukrayna böyük güclərin apardığı çirkin “gizlənpaç” oyunun girovluğundadır və bundan qurtulmaq üçün qurbanlar verməkdə davam edir…
Artıq xəbər verildiyi kimi, Vladimir Putin Britaniya və ABŞ-yə xəbərdarlıq edib ki, Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verərlərsə, Rusiya ilə birbaşa müharibəyə qoşulmuş olacaqlar.
“AzPolitika” xəbər verir ki, Putinin bu açıqlaması Qərb mətbuatının və siyasi dairələrinin əsas müzakirə mövzusuna çevrilib.
Putin deyib ki, uzaqmənzilli raketlərlə Rusiya ərazilərinin vurulmasına icazə verilməsi “NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olardı və biz üzləşdiyimiz təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”.
O, bu addımın “münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişəcəyini” deyib.
Putinin bu isterik reaksiyası Böyük Britaniyanın özünün “Storm Shadow” raketlərilə Ukraynanın Rusiya ərazilərini vurmağa icazə verdiyinə dair xəbərlərin fonunda meydana gəlib.
Bu xəbəri ilk olaraq, “The Guardian” nəşri Britaniya hökumətindəki mənbələrinə istinadla yayıb və qeyd edib ki, “ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemminin Kiyevə son birgə səfəri “Storm Shadow” ilə bağlı müsbət qərar qəbul edilməsəydi” baş tutmazdı”.
“The Times” qəzetinin yazdığına görə isə Qərbin mövqeyini sərtləşdirən “son damla” Rusiyanın İrandan 200-dən çox ballistik raket alması olub. Ukraynanın tərəfdaşları bunu Rusiyanın “oyun qaydalarını pozması” və “eskalasiyanın artırılması” kimi qəbul ediblər.
Putinin təhdidlərinə ilk cavab verən isə təbii ki, Böyük Britaniya olub. Krallığın Baş nazirinin Putinə cavabı müxtəlif cür yozulur. Məlum olduğu kimi, Keir Starmer deyib: “Bu münaqişəyə Rusiya başlayıb. Rusiya Ukraynaya qanunsuz müdaxilə edib. Rusiya bu münaqişəyə dərhal son qoya bilər. Ukraynanın özünümüdafiə hüququ var və təbii ki, biz təlim imkanları verməklə Ukraynanın özünümüdafiə hüququnu tamamilə dəstəkləmişik. Amma biz Rusiya ilə hər hansı bir münaqişə istəmirik, hətta bizim belə bir niyyətimiz yoxdur. Amma bu münaqişəyə onlar başlayıb və Ukraynanın özünümüdafiə hüququ var. Ona görə də biz təlimlər və imkanlar təqdim edirik. Bilirsiniz ki, bu imkanların mahiyyəti ilə bağlı əlavə müzakirələrə ehtiyac olduğu aydındır”.
Onun son cümləsini bir çox mütəxəssislər Baş nazirin tərəddüd etməsi kimi qiymətləndirir. Digər cəbhə isə “Ukraynanın özünümüdafiə hüququ var və təbii ki, biz Ukraynanı tamamilə dəstəkləmişik” fikrinin Britaniyanın öz qərarında qəti olduğunun ifadəsi hesab edir.
Hər halda ABŞ-yə yollanan Starmerin Co Bayden ilə danışıqlarının əsas mövzusu məhz Ukranaya verilən icazə və Putinin buna mümkün cavabı olacaq. Ancaq o da məlumdur ki, ABŞ-nin Avropadakı müttqəfiqləri çox nadir hallarda Vaşinqtonun razılığı olmadan taleyüklü bəyanatlar və qərarlar verirlər. Odur Ki, Ukraynaya məlum icazəni verdiyi bildirilən Britaniyanın bu addıma ABŞ-dən xəbərsiz getdiyi qətiyyən inandırıcı görünmür.
Digər yandan, ABŞ “Storm Shadow” və Fransanın “Scalp” raketlərinə “yaşıl işıq” yandırsa da, Putinin reaksiyası ilə bağlı narahatlıqlar fonunda özünün“ATACMS” ballistik raketlərinə dair eyni qərarı verməyə bilər. Ancaq Qərb mətbuatının yazdığına görə, Vaşinqtonda əsas müzakirə mövzusu ilin sonuna qədər Ukraynanı güclü mövqeyə gətirmək üçün Bayden administrasiyasının qalan aylardan necə istifadə edəcəyidir. Çünki Ukraynanın mövqeyinin gücləndirilməsi qarşıdakı seçkilərdə Demokratlar Partiyasına olduqca lazımdır. Hesab olunur ki, zərbələrə icazə verilməsi Putini danışıqlar masasına oturtmaqda kömək edər və masada Zelenskiyə üstünlüklər verər.
Nə qədər qəribə görünsə də, bu, eyni zamanda Ukraynaya qarşı təzyiq vasitəsidir. Çünki zərbələrə icazə verilməsi qarşılığında ABŞ administrasiyası üçün Kiyevdən gələcək danışıqlarda loyallıq və müəyyən ərazi güzəştləri istəmək daha asan olacaq. Bir sözlə, Ukrayna faktiki olaraq, böyük güclərin apardığı çirkin “gizlənpaç” oyunun girovluğundadır və bundan qurtulmaq üçün qurbanlar verməkdə davam edir…
Kremlə gəlincə, Putinin bu təhdidinə baxamayaraq, orada yaxşı bilirlər ki, Rusiyanın hərbi gücü nəinki bütünlükdə NATO bloku, sadəcə, Alyansın Ukrayna ilə hərbi əməkdaşlıq sazişi bağlamış bir neçə üzvünün belə hərbi qüdrəti ilə müqayisə edilməyəcək dərəcədə zəifdir. Putinin Ukraynada istifadə etmədiyi silah, raket qalmayıb. Qalır həmin silahlarla NATO ölkələrini vurmaq. Bunun da cavabı böyük ölçüdə bəllidir.
Nüvə silahından istifadə isə Rusiyaya və şəxsən Putinə olduqca baha başa gələ bilər. Özü də bu halda təhlükə təkcə ağır hərbi zərbə ala biləcəyi Qərb cəbhəsindən yox, həm də Kremlin Çin və Hindistan kimi “son ümid yerləri”ndən başqa formalarda gələcək.
Ukrayna ilə “təkqapıya” müharibə aparmağa, bu ölkənin dinc əhalisini öz raket zərbələrilə işıqsız, istiliksiz, sususz qoymağa öyrəşmiş Putin Ukraynanın buna mümkün adekvat cavabı qarşısında Rusiyada hansı vəziyyətin yarana biləcəyini anlamamış deyil. Bu, zatən “hər şey plan üzrə gedir” desə də, bunun tamamilə belə olmadığını görən və bilən Putinin planlarına qətiyyən uyğun deyil.
Zərbələrə icazə verilsə, Ukrayna da Rusiyanın əhəmiyyətli ərazilərini enerjisiz qoya bilər. Rusiya cəmiyyətinin isə hər nə qədər şovinist, imperiyaçı, “qardaş slavyan xalqı”nın faciələrinə, başına gətirilən bəlalara biganə olsa da, qışın soyuğunda işıqsız, istiliksiz qalacağı təqdirdə hansı təpkini verəcəyi müəmmalıdır. Çünki bu vəziyyət Putinin müharibəni divandan seyr etməyə üstünlük verən ruslara verdiyi vədlərlə qətiyyən üst-üstə düşmür. Rusiyanın dərinliklərinə raket zərbələrinin endirilməsi həmçinin, Putinin onsuz da yerlərdə sürünən gerçək reytinqini, dünyadakı nüfuzunu daha da dibə vura bilər. Eləcə də bu, sözsüz ki, yerdə – onsuz da addım-adım və böyük itkilərlə irəliləyən Rusiya qoşunlarının təchizatı, hərbi aviasiyası, radiolakasiya sistemləri, hava hücumundan müdafiəsi və s. pozisiyalarda olduqca ciddi problemlər yaradacaq. Bir sözlə, bu icazə Rusiyanın həm hərbi gücünə, həm də “siyasi eqosuna” vurulan ağır zərbədir.
Odur ki, Putinin növbəti təhdid ritorikası və çapalamaları anlaşılandır. İndi məsələ Qərbin bu təhdidlərin qarşısında duruş gətirib-gətirməyəcəyidir. Çox şey Qərb liderlərinin kələ-kötür də olsa, iradəsinə bağlıdır – Putinin növbəti şantajına baş əyəcklər, ya yox?
Təəssüf ki, bu “gizlənpaç” oyunun ən çox əziyyətini çəkən müstəqilliyi, azadlığı, normal, demokratik gələcəyi çoxdan haqq etmiş, bunun üçün saysız-hesabsız qurbanlar vermiş və dünya siyasətindəki riyakarlıq, ikiüzlülük, satqınlıq və digər pisliklər səbəbindən “öz arzularının bəlasına düşmüş” Ukrayna xalqıdır…