
İbrahim Rəisi çərşənbə günü səhər saatlarında İran nümayəndə heyəti ilə birlikdə Tehrandan Moskvaya yola düşüb.
“Aznews tv”ın xəbərinə görə, İran prezidenti İbrahim Rəisi bu gün, yanvarın 19-da Rusiyaya yola düşməzdən öncə Tehranın Mehrabad hava limanında deyib: “Bölgədə İran-Rusiya qarşılıqlı fəaliyyəti şübhəsiz ki, təhlükəsizliyi təmin edəcək və təktərəfliliyin qarşısını alacaq”.
Bu səfərin Putinin dəvəti ilə baş tutduğunu bildirən Rəisi qeyd edib: “Səfər zamanı qonşuluq və bölgəsəl diplomatiyanın təşviqi üçün səylər göstəriləcək”.
“İki ölkə arasında indiyədək əməkdaşlıq nə rusları, nə də bizi qane etmir” deyən İran prezidenti əlavə edib: “Sözsüz ki, bu əməkdaşlıqları daha yüksək səviyyəyə qaldırmaq olar. Ümid edirik ki, bu səfər iki ölkənin bölgədə və dünyada ortaq maraqlarının təmin olunmasında səmərəli olacaq və təsirli addımlarla müşayiət olunacaq”.