Azərbaycanİran

Politoloq: “Cənubi Azərbaycanın müstəqilliyi bu gün regionun yeni reallığı olmalıdır”

“İranın Azərbaycana qarşı hər zaman düşmən münasibət bəsləyib və bunu əməlləri ilə də ortaya qoyub”.

Politoloq qeyd edib ki, İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirən çox azsaylı ölkələrdəndir: “Rəsmi Tehran hələ işğal dövründə bəyan edirdi ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana maddi və mənəvi yardım göstərir, dəstəkləyir. Amma reallıqda Ermənistanla işbirliyi qurur, ona hərtərəfli dəstək verir, birgə iqtisadi layihələr həyata keçirir, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına hər cür köməklik göstərirdi. Hətta 44 günlük müharibə dövründə və ondan sonra da İran hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirib Azərbaycanı təhdid etməyə çalışdı, məhz İran ərazisindən Ermənistana silah-sursat ötürüldü. Həmin dövrdə bunu təsdiq edən çoxsaylı videolar paylaşılmışdı. Bu gün də İran Ermənistan ordusunu dronlarla, digər silahlarla təmin edir və bunu təsdiq edən faktlar mövcuddur. Özünü İslamın mühafizəçisi, şiəliyin məkanı elan edən İran 30 il ərzində ermənilərin məscidləri dağıtmasına, orada heyvan saxlanmasına bir söz belə demədi. Əvəzində isə İrəvanda, Şuşada məscidləri bərpa edib rəsmi Ermənistanın “humanizm” qiyafəsini geyinməsinə şərait yaratdı”.

Qabil Hüseynli İranın müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirdiyini və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin və fəaliyyətinin əsasında da məhz bu amil dayandığını vurğulayıb: “İran rəhbərliyi həmişə hesab edib ki, müstəqil Azərbaycan 40 milyon soydaşımızın yaşadığı bu ölkədə mövcud olan rejimə qarşı ən ciddi təhlükədir.

İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarının, İranda sığınacaq tapmış çoxsaylı xəyanətkar ünsürlərimizin Azərbaycana qarşı həm əvvəllər, həm də indi apardıqları kampaniyaların əsas məqsədi ölkəmizin daim təzyiq və təhdid altında saxlamaqdır. Bu günlərdə Türkiyənin “Yeni Şafak” nəşrində İran XİN-də çalışmış və dini rəhbərliyə yaxın olduğu bildirilən Əbülfəzl Zühdüvənd adlı bir şəxsin iddiaları sərt tənqid edilib. Zühdüvəndin səs yazısında iddia edilir ki, türklər Zəngəzuru almaq istəyir, İranın Ermənistanla olan sərhədini bağlamağa çalışırlar. Bundan başqa, Zühdüvənd İranın heç vaxt Türkiyə ilə müttəfiqi olmayacağını, Azərbaycanın qorxunc bir fenomen və İran üçün təhdid olduğunu, Naxçıvanın, Azərbaycanın İrana aid olduğunu iddia edib. O, erməniləri İranın təbii müttəfiqi adlandırır və Azərbaycanı İran üçün xərçəng hüceyrəsi kimi qiymətləndirir. Zühdüvəndin dedikləri İranın ali rəhbərliyi, diplomatları, fars çevrəsinin dilindən düşməyən və bütün kuluarlarda səsləndirdikləri iddialardır.

Bu iddialar İranın Azərbaycana qarşı siyasətinin əsasında duran təməl prinsiplərdir. Bütün bunları ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik adlandırmaq olar. İranın bölgədə real siyasəti də bu həqiqəti bilavasitə təsdiq edir. İranda yaşayan ermənilərin və azərbaycanlıların vəziyyətinə diqqət yetirək. Azsaylı ermənilər diqqət və qayğı ilə əhatə olunub, mədəniyyət mərkəzləri, məktəbləri, biznesləri, mediaları ən yüksək səviyyədə təmin edilib. 40 milyon azərbaycanlının isə bir dənə də olsun məktəbi, qəzeti yoxdur. Başını qaldırıb haqqını tələb edən azərbaycanlı din düşməni, sionizmin tərəfdarı elan edilir, işgəncələrə, həbslərə məruz qalır. İranda azərbaycanlılara qarşı törədilən cinayətlərin, işgəncə, həbs faktları hər kəsə bəllidir. Görünən odur ki, İran heç də SSRİ-dən geri qalmayan bir rejimdir. SSRİ kommunizm ideyaları ilə bəzənib rus şovinizmini tətbiq edir və yayırdı, İran isə İslamla pərdələnib fars şovinizmini tətbiq etməkdədir”.

Politoloqun sözlərinə görə, bu gün İran Azərbaycanla bağlı bəzi narahatlıqlarını dilə gətirir. Baxmayaraq ki, Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur: “Hətta İran sanksiyalar altında inləyəndə belə Azərbaycan bu prosesdə iştirak etməyəcəyini bəyan etdi və bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi. Azərbaycan müstəqillik dövründə İrandan gələn bütün təhlükə və təhdidlərə susdu, reaksiya vermədi. Amma artıq susmaq mümkün deyil, Azərbaycan da öz narahatlıqlarını İrana çatdırmalıdır. Azərbaycan artıq İranda yaşayan 40 milyon soydaşımızın acı aqibətinə biganə qalmamalı, susqunluq nümayiş etdirməməlidir. Çünki onlar dünyadakı 50 milyonluq azərbaycanlı ailəsinin mühüm bir hissəsidirlər. Uzun əsrlər İran dövlətini azərbaycanlılar idarə edib, bu dövlətin mövcudluğunu qoruyub saxlayıb, onu inkişaf etdiriblər. Bu gün tarixi Azərbaycan torpaqları İranın tərkibindədir və orada yaşayan milyonlarla soydaşımız fars şovinizminin qəddarlığı altında mövcudluğunu qoruyub saxlamaq məcburiyyətindədir. 40 milyon azərbaycanlı öz elementar hüquqlarından məhrumdur, fars şovinizminin ruporu olan “İran” qəzeti isə bu böyük toplumu “tarakan” adlandırır. Amma azərbaycanlılar sınmır, öz mübarizələrini davam etdirirlər. Bu ölkədə bütün inqilabların beşiyi Təbriz olub, Səttarxan hərəkatı, Xiyabani, Peşəvari və digərləri unudulmayıb. Bu gün azərbaycanlıları əzən rejim yeni bir dalğanın başlaya biləcəyini gözardı etməməlidir. “Traktor” azarkeşlərinin milli ruhu oyanıb və fars rejimini əsl başağrısı bundan sonra gözləyir. Bu gün Cənubi Azərbaycanın müstəqilliyi regionun yeni reallığı olmalı və Yaxın Şərqin xəritəsi dəyişməlidir”.(apa.az)

Related Articles

Bir cavab yazın

Back to top button