AzərbaycanBölgəSiyasət

Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualına cavab verə bilmədi

ONA-nın redaktoru Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı çətin sual qarşısında qoyub.

Aznews.tv ONA-ya istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Avrasiya Media Forumunda iştirak edən ONA-nın redaktoru Cavid İsmayıl forum çərçivəsində təşkil olunmuş “Etimad böhranı. Qüvvələrin qlobal paylaşılması” adlı panelin spikerlərindən olan Anna Akopyana sual verib.

Cavid İsmayıl paneldə Azərbaycan və Ermənistan qadınları arasında etimad mühiti yaratmağın vacibliyindən danışan A. Akopyana bu sualı ünvanlayıb: “Çıxışınızda Azərbaycan və Ermənistan qadınları arasında etimad mühitinin yaradılması barədə danışdınız. Siz və həyat yoldaşınız, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan Koçaryan və Sarkisyana qarşı mübarizə aparan şəxs kimi tanınmısınız. Lakin maraqlıdır ki, oğlunuzu hərbi xidmət üçün Dağlıq Qarabağa göndərmisiniz. O Dağlıq Qarabağa ki, Ermənistanın rəsmən və beynəlxalq hüquq tərəfindən tanınmış ərazisi deyil. Bundan başqa, həyat yoldaşınız, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də – Azərbaycanın Şuşa şəhərinin işğalı günündə Şuşaya getdi və kameralar qarşısında rəqs etdi. Belə olan halda yürütdüyünüz Qarabağ siyasəti Koçəryan-Sarkisyan rejiminin yürütdüyü siyasətdən nə ilə fərqlənir? Necə düşünürsünüz, Ermənistan tərəfindən və şəxsən ailəniz tərəfindən bu kimi hərəkətlərə yol verildiyi halda, Azərbaycanla Ermənistan arasında etimad mühiti yarana bilərmi? Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ruhuna nə dərəcədə uyğundur? Növbəti sual. Ermənistanla Türkiyə arasında etimad mühitinin yaranması üçün hansı addımları atmağı düşünürsünüz?”

Panelin moderatoru, britaniyalı aparıcı və prodüser Stiven Koul C. İsmayıl sual verərkən onu siyasi bəyanatlar səsləndirməməyə çağırıb və çıxışını kəsmək istəyib. Lakin jurnalist siyasi bəyanat səsləndirmədiyini, sualının nə ilə əlaqəli olduğunu izah etdiyini bildirərək, çıxışını tamamlayıb.

Akopyan isə sualdan yayınaraq, ümumi və dağınıq cavab səsləndirib. O, detallara və ya siyasətə girmək istəmədiyini, tədbirdə qadın kimi təmsil olunduğunu, bir qadın və ana kimi mesaj verdiyini bildirib: “Lakin onu demək istəyirəm ki, biz hələ də münaqişədəyik. Müharibə başa çatmayıb. Ona görə bizim oğlumuz Dağlıq Qarabağda orduda xidmət edir. Mənim mesajım, bir-birinə etimad etməyə başlamaq və münaqişənin həllini müharibə deyil, danışıqlar vasitəsi ilə həll etməyə çalışmaqdır”.

2016-cı ilin aprel hadisələrini xatırladan A. Akopyan qeyd edib ki, onun mesajı eyni hadisənin bir də heç vaxt təkrarlamaması, münaqişənin danışıqlar yolu ilə həllini düşünməyə başlamaqdır.

Akopyan Türkiyə ilə bağlı suala isə ümumiyyətlə cavab verməyib.

Qeyd edək ki, iki gün davam edən XVI Avrasiya Media Forumunda Azərbaycanı JTI şirkətinin dəstəyi ilə ONA Informasiya Agentliyinin redaktoru Cavid İsmayıl və musavat.com saytının rəhbəri Xalid Kazımlı təmsil edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button