Enerji siyasəti dünya üçün strateji əhəmiyyətli bir faktordur. Hazırda böyük dövlətlər enerji sahəsində üstünlüyü ələ almaq naminə ciddi mübarizə aparırlar.
Aznews.tv Newtimes.az-a istinadən xəbər verir ki, son dövrlərdə bu mübarizə o dərəcədə intensivləşib ki, qlobal miqyaslı ciddi böhranların meydana gəlməsini daha çox məhz həmin faktorla əlaqələndirirlər. Konkret olaraq, ABŞ dünyanın enerjidaşıyıcıları ilə zəngin olan böyük dövlətlərilə kəskin rəqabətdədir. Bu kontekstdə Amerika daha çox Rusiya, Aİ, Səudiyyə Ərəbistanı, Venesuela, İran, Meksika və digər ölkələrin enerji siyasətinə ciddi təsir göstərməyə cəhd göstərir.
Vaşinqton başlıca olaraq neft və qazın qiymətini özünün maraqlarına uyğun tənzimləməyə çalışır. Bunun üçün o, “qaya qazı” (və ya “şist qaz”) istehsalını artırır. Bu proses genişləndiyi halda dünya bazarında təbii qazın qiymətini Amerika müəyyən edəcək. Ekspertlər bu aspektdə iki vacib məqamı vurğulayırlar. Birincisi, dünya bazarında enerjidaşıyıcılarının qiyməti bazarın real tələbatına görə deyil, daha çox geosiyasi və siyasi faktorlara görə dəyişmə riski ilə üzləşib. İkincisi, belə bir şəraitdə müstəqil dövlətlərin öz milli təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmasına ehtiyac getdikcə artır.
Bu iki faktorun işığında bir tərəfdən, böyük dövlətlərin bir-biri ilə rəqabətində risk faktoru yüksəlir, digər tərəfdən, Azərbaycan kimi müstəqil siyasət yeridən dövlətlərin enerji siyasətinin yeni şəraitə daha çevik reaksiya verməsi zərurəti yaranır. Birinci məsələ ilə bağlı hazırda situasiya ürəkaçan deyil. ABŞ, Rusiya, Çin, İran və digər böyük dövlətlər enerji sahəsində nüfuz savaşlarını daha da intensivləşdirməklə yanaşı, silahlı qarşıdurmadan da çəkinmirlər. İndi enerji ilə bağlı üç məkanda – Yaxın Şərq, Venesuela və İranda vəziyyət gərgindir. Heç kəs təminat verə bilməz ki, buna bənzər proseslər digər ölkələrdə də başlamayacaq.
Bütün bunlar ekspertləri daha ehtiyatlı proqnozlar verməyə təhrik edir. Məsələn, ukraynalı ekspert Aleksandr Oxrimenko hesab edir ki, “hələlik OPEC dünya neft bazarında əsas oyunçudur və orada əsas rolu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri oynayır. Lakin dünya dəyişir. Əgər əvvəllər ABŞ neftin əsas alıcısı idisə, indi dünyada enerji resurslarının əsas satıcısına çevrilir. Faktiki olaraq, ABŞ OPEC ilə rəqabət aparır və gələcəkdə belə mürəkkəb şəraitdə OPEC-in dünya neft bazarında rolunun azalması istisna olunmur. Ona görə də mən hətta OPEC-in yeniləşməsini istisna etməzdim”.
Bu kimi qiymətləndirmələr OPEC-ə üzv və qeyri-üzv ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi işığında daha əhəmiyyətli görünür. Ukraynalı ekspert də bunu Azərbaycan üçün müsbət hal hesab edir. Çünki onun qənaətinə görə, OPEC dünya neft bazarında əsas oyunçudur. Azərbaycan da “OPEC+” formatının təşəbbüskarı və iştirakçısıdır. Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında bu təşkilatın bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib. Bununla yanaşı, Müştərək Texniki Komissiyanın bazarın balanslaşdırılması üzrə tövsiyələri dinlənilib. Bu qurumun neft istehsalının azaldılmasına dair öhdəliklərə əməl etmə səviyyəsi də nəzərdən keçirilib.
Azərbaycan üçün bu cür müzakirələrin əhəmiyyətli tərəflərindən biri, bu formatın tətbiq edilməsi təşəbbüsünü hələ 2016-cı ildə Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda çıxışı zamanı irəli sürməsi ilə bağlıdır. Orada dövlət başçısı neft istehsal edən ölkələrin “OPEC+” formatında iclasının keçirilməsi tezisini irəli sürərək, bu formatın OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını keçirməyə imkan verəcəyini əsaslandırmış, o cümlədən enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini təşkil etmək şansının meydana gələcəyini ifadə etmişdi.
Davamlı inkişaf yolunda: milli təhlükəsizliyin təmini
Mütləq vurğulamaq lazımdır ki, o zaman İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması ilə bağlı məqamların da təhlilini vermişdi. Bütün bunların dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında mühüm rol oynadığını təcrübə göstərdi. Şübhəsiz ki, Azərbaycan Prezidentinin həmin prosesdə xidməti danılmazdır. Konkret desək, dövlət başçısının səmərəli təklifləri və irəli sürdüyü təşəbbüslər dünya enerji bazarında stabilləşməyə ciddi töhfə verdi.
Bakıda “OPEC+” əməkdaşlığı çərçivəsində tədbirin keçirilməsi yuxarıda vurğulanan məqamların işığında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan dünya üçün faydalı olan bu prosesin həm təşəbbüskarı, həm də fəal iştirakçısı kimi qlobal enerji təhlükəsizliyinə böyük töhfə verdiyini növbəti dəfə təsdiq etmiş oldu. Neftin qiymətinin dünya miqyasında real təklifə uyğun formalaşdırılması sağlam qlobal iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Bundan başqa, dünya üzrə davamlı inkişafın bərqərar olmasına da ciddi xidmət göstərir.
İndi məlumdur ki, qlobal səviyyədə davamlı inkişaf məsələsi BMT-nin 2030-cu ilə qədər strateji inkişaf konsepsiyasının əsas bəndlərindən birini təşkil edir. Deməli, Azərbaycan Prezidenti, faktiki olaraq, dünya əhalisinin ümumi rifahına təkan verən bir təşəbbüslə çıxış edib.
Bu məqamı ekspertlər bütövlükdə Azərbaycan dövlətçiliyinin mühüm əlamətlərindən biri kimi qiymətləndirirlər. Konkret desək, Azərbaycan müstəqil dövlət quruculuğu strategiyasında əməkdaşlığa, bərabərhüquqlu tərəfdaşlıq prinsipinə, ədalətliliyə və qarşılıqlı faydalı əlaqələrin qurulmasına üstünlük verir. Rəsmi Bakının xarici siyasətində barış və əməkdaşlıq motivi həlledici yer tutur. Etiraf etmək lazımdır ki, bu məqam müasir dövlətlər üçün olduqca böyük əhəmiyyət kəsb edir. Çünki dünyanın qarışıq mərhələsində real və səmimi əməkdaşlıq xəttini seçən dövlətlərin mövcudluğu çox əhəmiyyətlidir.
Məsələnin başqa vacib aspekti Azərbaycan rəhbərliyinin milli təhlükəsizliyin təmini üçün enerji siyasətindən maksimum dərəcədə istifadə etməsi ilə bağlıdır. Vaxtında və lazımi səviyyədə həssaslıqla OPEC-lə əməkdaşlıq düzgün strategiya seçiminin nəticəsidir. Bunun arxasında isə yalnız milli maraqların təmini və milli təhlükəsizlik məsələsinin həll edilməsi dayanır. Milli təhlükəsizlik hazırda müstəqilliyini əldə etmiş bütün ölkələr üçün vacib faktordur. Onun yerinə yetirilməsi üçün düzgün diplomatik və siyasi kurs müəyyən etmək gərəkdir. Azərbaycan rəhbərliyi bu vəzifənin öhdəsindən böyük uğurla gəlir.
Beləliklə, dünya enerji mühiti üçün strateji əhəmiyyəti olan növbəti tədbirlərdən birinin Bakıda keçirilməsi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinin əlamətidir. Azərbaycan, faktiki olaraq, dünya miqyasında enerji siyasətinin dinamikasına ciddi təsir göstərən ölkəyə çevrilib. Bu isə o deməkdir ki, ölkənin milli təhlükəsizliyi daha geniş aspektdə təmin olunur. Eyni zamanda, Azərbaycan regionun lider dövləti kimi bütün sferalarda söz sahibidir.
Şübhə yoxdur ki, bu gedişat regional münaqişələrin həllində Azərbaycanın rolu və çəkisinin daha da artmasına yeni təkan verir. Onun fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində forpost ölkənin qarşıya çıxardığı müxtəlif xarakterli təxribatların da ömrünün az olduğu qənaəti yaranır. Bütün dünya üçün böyük əhəmiyyəti olan bir ölkənin – Azərbaycanın haqq səsinin eşidilməsi sadəcə bir zərurətə çevrilib. Bunun bütün böyük dövlətlər tərəfindən dərk edilməsinin vacibliyi vurğulanmalıdır. Həmin mənada “OPEC+” formatı bütövlükdə dünya üçün mühüm bir müzakirə platforması kimi qiymətləndirilir.
Aznews.tv