
Ərdəbil əyalətinin Nəmin şəhərində yerləşən tarixi Şeyx Bədrəddin türbəsinin divarının boyanması və üzərində yazılar yazılması sosial media fəallarının etirazları ilə qarşılaşıb.
Güney azərbaycanlı sosial media fəalları İranın “Vəqflər İdarəsi” tərəfindən reklam xarakterli yazının yazılmasını, tarixi aidənin üzərinin boyanmasını Azərbaycan tarixi, mədəniyyəti və şəxsiyyətlərinə qarşı sayqısızlıq kimi dəyərləndirib və Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyini tənqid ediblər.
Fəallar ölkənin fars dilli əyalətlərində bir neçə on illik tarixi olan evlərin qorunması üçün yüksək məbləğdə büdcə ayrıldığı halda, Güney Azərbaycanın neçə yüz illik tarixi abidəsinə qarşı dövlət qurumunun belə münasibətini ayrı-seçkilik nümunəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, 13-cü əsrdə Güney azərbaycanın Zəngan şəhərində dünyaya gələn Şeyx Bədrəddin Astaraya, oradan isə Nəin şəhərinə köçüb və oradaca dünyasını dəyişib.
Arif, sufi və elm adamı kimi tanınan Şeyx Bədrəddin “Pir Bədrəddin” kimi də tanınır yerli azərbaycanlılar onu müqəddəs şəxsiyyət kimi qəbul edirlər.