Azərbaycanİran

Məhbus güneyli həkimin səs yazısı yayıldı: “Qızımın gözü qarşısında boğazıma bıçaq dayadılar”

Hazırda Yəzd şəhərinin həbsxanasında 15 illik məhkumluq dövrünü yaşayan güney azərbaycanlı həkim Həmid Qarahəsənlinin səs yazısı yayılıb.

O, iki hissədən ibarət qısa səs yazısında istintaq dövrü məmurların vəhşiliklərini izah edib.

Qarahəsənli, dəfələrlə və günlərcə döyüldüyünü, təhqir olunduğunu və ailə üzvlərinin məhv ediləcəyi ilə bağlı hədələndiyini deyib.

“Kərəc həbsxanasında saxlanıldığım müddətdə məndən məcburi saxta etiraf almaq üçün həyat yoldaşım və 13 yaşlı qızımın gözləri qarşısında yerə yıxıb boğazıma bıçaq dayadılar. Etiraf etməsən başını kəsəcəyik dedilər. Hətta İŞİD terrorçularının belə bir vəhşilik etmələrinə inanmıram”,- Qarahəsənli bildirib.

O, bununla yanaşı, Kərəcin “Rəcaişəhr həbsxanasında da təhlükəsizlik məmurlarının işgəncə metodlarını 55 saniyəlik səs yazısında izah edib.

“Həbsxanaya aparıldığım ilk gün 24 saat ayaq üstə saxlayıb oturmaq və yatmağıma icazə vermədilər. Hər dəfə dindirməyə aparmadan öncə 4 nəfərlik qrup halında məni döyür, ağır işgəncələr verir,  sonra dindirmə otağına aparırdılar. Dindirmə müddətində də başıma davamlı zərbələr endirir, təhqir edirdilər”,- məhbus həkim bildirib.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də  azərbaycanlı rentgenoloq, 54 yaşlı  Həmid Qarahəsənli və həyat yoldaşı – laboratoriya elmləri üzrə mütəxəssis, 46 yaşlı Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs edilib.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs ediliblər.

Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum olunub.

Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button