Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Qeyd edək ki, Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbəla şəhərində anadan olub.
Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi qaynaqlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçüb.
O, Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır.
Şairin yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də, Şərq və dünya poeziyasının nadir incilərindəndir.
1556-cı ildə Kərbəlada taun xəstəliyindən dünyasını dəyişən Azərbaycan şairi, orada da dəfn olunub.