
“ANT”nin məlumatına görə, bunu İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar Qüdsdə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə mətbuat konfransında deyib.
“Müharibə sabah girovlarımızın azad edilməsi, Qəzzanın silahsızlaşdırılması, HƏMAS və “İslami cihad” silahlılarının zolaqdan çıxarılması ilə başa çata bilər. Diplomatik vasitələrlə məqsədlərimizə çatmaqdan şad olardıq. Amma bu mümkün olmasa, hərbi səylərimizi davam etdirməkdən başqa çarəmiz yoxdur”, – Saar deyib.
İsrailin xarici işlər naziri qeyd edib ki, Yaxın Şərqdə sabitlik və deradikalizasiya zəifliklə əldə edilə bilməz: “Artıq bir həftədir ki, İsrail Qəzzada terror dövləti olan HƏMAS-a qarşı fəaliyyət göstərir. İsrail ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun müvəqqəti atəşkəsin uzadılması təklifi ilə razılaşıb, amma HƏMAS bunu iki dəfə rədd edib. Onlar (radikallar – red) hələ də 59 vətəndaşımızı (İsrail – red.) girov saxlayırlar, bizə (İsrail – red.) seçim qoymayıblar”.
Bundan əlavə, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, (Qəzza zolağında -red) atəşkəsin davam etdiyi 42 gün ərzində İsrail Qəzzaya humanitar yardım daşıyan 25 min yük maşını buraxıb.