Site icon Aznews TV

İsrail Suriyada İrana bağlı qüvvələrə zərbə endirdi

Bu barədə Suriya İnsan Haqları Monitorunq Qrupu məlumat yayıb.

Bununla belə, Əsəd rejiminə bağlı SANA xəbər agentliyi piyadaya qarşı minanın partlaması nəticəsində çox sayda vətəndaşın öldüyünü və yaralandığını açıqlayıb.

Digər tərəfdən “Əl-Ərəbiyyə” xəbər verir ki, bu hücumda İran raketləri olan anbar və Tehrana bağlı silahlı qüvvələrə məxsus silah dolu yük maşını hədəf alınıb.

Bu ərəbdilli medianın xəbərinə görə, Suriya İnsan Haqları Monitorinq Qrupunun direktoru Rami Əbdülrəhman hədəf alınan anbarın yaşayış məntəqələri arasında yerləşdiyini deyib.

“Bu hadisə bir daha təsdiq edir ki, İraqdan Suriyaya ərzaq daşıyan yük maşınları əslində İrana bağlı silahlılar üçün qaçaqmalçılıq yolu ilə silah aparırlar”,- Rami Əndülrəhman bildirib.

O, deyib ki, hücum edilən yerdə müşahidə edilən böyük dağıntılara görə, Deyr əz-Zorda partlayışın minanın partlaması nəticəsində meydana gəldiyi iddiası doğru deyil.

Ötən ilin yanvarında eyni bölgədə İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı hava hücumu təşkil edilmiş, 11 nəfər həlak olmuşdu.

İsrail Suriyadakı zərbələrinə görə məsuliyyəti nadir hallarda öz üzərinə götürsə də, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri yüzlərlə hava hücumu həyata keçirib.

İsrail rəsmiləri Suriyanın İran İnqilab Keşikçiləri Korpusunun hərbi bazasına çevrilməsinə icazə verməyəcəkləri barədə dəfələrlə xəbərdarlıq ediblər.

Exit mobile version