Azərbaycanİran

İsa Qəmbər: “İranda yaşayan azərbaycanlılar “Azadlıq!”, “Ədalət!”, “Milli hökümət!” tələb edir”

"İranda insanların siyasi, mədəni hüquqları pozulur, iqtisadi azadlıqları məhdudlaşdırılır. Ona görə də məsələ təkcə qadın hüquqları ilə bağlı deyil. Baxmayaraq ki, bu, öz-özlüyündə kifayət qədər ciddi məsələdir. Hər bir insan, kütlə, hər bir qrup, hər bir xalq öz şüarları, tələbləri ilə meydana daxil olur. Məsələn, Azərbaycan şəhərlərində çox yayılmış şüar var - "Azadlıq!" ,"Ədalət!", "Milli hökümət"! Yəni, bu, qadın hüquqları ilə bağlı azadlıq məsələsindən başlayır, ancaq eyni zamanda ədalət tələb edir, eyni zamanda milli hökümət tələb edir".

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bildirib.

İsa Qəmbər deyib ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız İrandakı hakim rejimin ədalətli, tərəfsiz, bütün xalqlara qarşı eyni mövqe göstərəcəyinə inanmır:

“Ona görə də “Azadlıq!” ,”Ədalət!”, “Milli hökümət!” tələb edirlər. Eləcə də qadın hüququ ilə yanaşı milli hüquqları, öz narahatlıqlarını dilə gətirirlər. İkinci sualınıza gəldikdə, bu, çətin məsələdir. Siyasi mövqe bildirilə bilər, mənəvi dəstək verilə bilər, informasiya dəstəyi verilə bilər.

Beynəlxalq platformalarda İranda insan hüquqlarının kütləvi şəkildə pozulması məsələsinə diqqət artırıla bilər. Azərbaycan bunu etməlidir və edəcək.

Amma İranda baş verən hadisələrə beynəlxalq hüquqa görə Azərbaycanın birbaşa qarışması mümkün olan bir şey deyil. Azərbaycan İranda gedən prosesləri dayandırmaq üçün birinci növbədə dediyim istiqamətlərdə addım atmaqla yanaşı, beynəlxalq təşkilatlarla, beynəlxalq birliklə birgə hərəkət etməlidir. Özü də beynəlxalq birliklə hərəkət etməlidir ki, İranda insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulsun”.

Related Articles

Bir cavab yazın

Back to top button