Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünyaİran

İranın təhlükəli Qərbi Azərbaycan planı: Türkiyə ilə toqquşma hazırlanırdı…

Xəbər verdiyimiz kimi, Urmiyada on minlərlə Azərbaycan türkü küçə və meydanlarda İran rejiminin haqsızlığına etiraz edib.  

Mövzu ilə bağlı Globalinfo.az güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamranidən açıqlama alıb.

Onun sözlərinə görə, İran rejiminin bundan yüz il öncə Qacarlar sülaləsini devirdikdən sonra əsas hədəfi türk kimliyini yox etmək və assimilyasiyaya məruz qoymaq olmuşdur:

“Min ildən artıqdır ki, əhalinin əksəriyyətini təşkil etdiyi halda türk dilini rəsmiyyətdən salmaq da daxil olmaqla, bu istiqamətdə çox işlər görüblər. Türkləri mediada müxtəlif proqramlarda və ümumi platformalarda təhqir etmək əsas planlarından biri olmuşdur. İkinci plan isə İranda Rza şah Pəhləvini hakimiyyətə gətirdikdən sonra ən son Qacarların dövrünə qədər Azərbaycan əyaləti adı altında varlığını sürdürmüş Güney azərbaycanlıların tarixi torpaqlarından Azərbaycan toponimlərini müxtəlif qanunlarla zaman içində götürərək süni əyalət və ustanlara bölmək olmuşdur. Bu gün baxdığımızda ən son hicri-şəmsi tarixi ilə 1316-cı ildə I Pəhləvinin zamanında İran siyasi-coğrafi bölgələri ustanlara bölünüb. İran bu gün 31 ustandan ibarətdir. Qacarlar dövrünə qədər Azərbaycan əyaləti adı altında varlığını sürdürmüş Güney Azərbaycan təxminən 12 ustana bölünüb. Sonra isə Azərbaycan toponimlərini bu ustanlardan götürüb bugünə qədər türklərin hafizəsini silməyə davam etmişdir. Xəzər dənizini Mazandaran adı ilə tanıtdırmağa çalışıblar. Hətta ən böyük problemlərdən biri – türklər İranda uşaqlarına istədiyi türkcə adı rəsmi şəkildə verə bilmirlər”.

WhatsApp Image 2025 03 24 at 23.55.07

Saleh Kamrani

Hüquq müdafiəçisi qeyd edib ki, İran rejimi türklərə qarşı müxtəlif sahələrdə genişmiqyaslı assimilyasiya siyasəti aparır:

“İqtisadi çətinliklər, sərmayə qoyuluşunun azalması, işsizliyin artması və s. ilə Azərbaycan bölgələrinin boşaldılması hər zaman İran rejiminin siyasəti olub. Bu gedişatı yetərli görmədiyi üçün xüsusilə mərkəzi Urmiya olan Qərbi Azərbaycanda türk nüfuzunu sürətlə azaltmaq və yox etmək üçün orada iki əsas siyasət aparıb. Birincisi, məqsədyönlü şəkildə Urmiya gölünü qurutmaqdır. Bilirsiniz ki, bura duzlu göldür və əkin sahələrini korlamaqla azərbaycanlıların sayını orada azaldıb İranın Kəbiri və iç bölgələrinə doğru itələmək siyasəti aparıblar və bu, indi də davam edir.

İkincisi, Qərbi Azərbaycan bölgəsində kürd nüfuzunu planlı şəkildə artırıblar. O cümlədən, səkkiz il davam edən İran-İraq savaşında və daha öncə isə Səddam Hüseyn və Şah zamanında kürdləri məqsədyönlü şəkildə İraqın şimalından kütləvi olaraq azərbaycanlıların yaşadığı yerlərdə yerləşdiriblər. Bütün bunların rəsmi sənədləri var. Burada kürd nüfuzunu bir anda çoxaldıblar. Daha sonra PKK və digər kürd terror dəstələrini müxtəlif formada dəstəkləyərək, onlarla əməkdaşlıq quraraq İraqla və Türkiyə ilə olan sərhəddə onların qaçaqmalçılıq fəaliyyəti üçün şərait yaradıblar. Normal dövlət qaçaqmalçılığa qarşı mübarizə apardığı halda bunlar rəsmi şəkildə sığorta belə veriblər ki, siz qaçaqmallar gətirin, əldə etdiyiniz pullarla Azərbaycan torpaqlarını alın və orada nüfuzu artırın. Həmçinin, narkotik və silah alverini bu kürd qruplar vasitəsilə gerçəkləşdirirlər. İranın müxalif fiqurları Türkiyədən, İraqdan və regionun başqa ölkələrindən qaçaqmal gətizdirirlər. Onlar arasında ən məşhuru PKK-ya bağlı olan Zindəşta adlı beynəlxalq aləmdə tanınmış narkoterrorçudur. Urmiyada onu xeyriyyəçi kimi təqdim edirlər və türklərə qarşı bu hərəkətlərin başında da bu adamı qoyublar”.

Ekspert deyib ki, nəhayət, rejimin bu fəaliyyətləri azərbaycanlıların səbrini daşırdı:

“Bilirsiniz ki, kürdlər heç bir zaman, bu PKK məsələsi ortaya çıxana qədər Novruz bayramını – biz ona il bayramı deyirik – qeyd etməzdilər. Əcəm  bayramı, yəni “türklərin bayramı” deyərdilər. İndi bunu siyasi alətə çeviriblər. Və birinci dəfə İran Təhlükəsizlik Şurası Urmiyanın bir bölgəsində onlara Novruz şənliyi keçirməyə icazə verdi. Ramazan günlərində şadyanalıq etməyə rəsmi icazə yoxdur deyə türklərin belə bir bayramı qeyd etməsinə icazə vermədilər. Kürdləri isə İraqın şimalından, Sənəndəcdən və s. yerlərdən toplayıb PKK terrorçularının geyimlərini geyərək “Urmiya Kürdüstandır” deyən sloqanlar atdırdılar. Bu da türklərin qəzəblənməsinə, hiddətlənməsinə səbəb oldu.

Ancaq bu ayın 22-də Həzrət Əlinin şəhadət günündə Qərbi Azərbaycanda İranın səlahiyyətli şəxsləri məzhəbi bir mərasim olaraq nəzərdə tutub azərbaycanlılara ancaq bu matəm günündə tədbir keçirməsi üçün zəmin yaratmağa çalışdı və birinci dəfə bu mərasimin adını “Həzrət Əli üçün ələvilər yığıncağı” adlandırdı. Bilirsiniz, İranda azərbaycanlıların çoxu şiədir, amma azərbaycanlılar heç zaman özlərinə “ələvi” deməyib. Rejim bu oyunu ilə əslində istəyirdi ki, bu məsələni Suriyadakı hadisələrlə, ordakı ələvi azlığı və Türkiyənin içində olan ələvi məsələsi ilə əlaqələndirsin. Və sanki Güney azərbaycanlılar ələvidirlər və Türkiyənin siyasətinə qarşıdırlar. Hansısa yolla Güney azərbaycanlılarla türkləri qarşı-qarşıya gətirməyə çalışırlar. Daha öncə də, bilirsiniz, Ərdəbildə Osmanlı-Səfəvi məsələsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına xoşagəlməz sözlər söyləmişdilər, amma planları baş tutmadı”.

iran 1 1

S.Kamrani bildirib ki, Azərbaycan milli fəalları ya o mərasimi boykot etməli, ya da ona qatılaraq Azərbaycan milli hərəkatının istəkləri və şüarları əsasında keçirməli idilər:

“Azərbaycan milli hərəkatı ikinci yolu seçdi və bildiyiniz kimi, yüz minlərlə insan ora toplanmışdı. Ancaq səslənən şüarlar bəzi məzhəbi şüarların yanında tamamilə Azərbaycan milli hərəkatının şüarlarını ehtiva edirdi. “Urmiya türkdür və türk qalacaq”, “Torpaqdan pay olmaz”, “Urmiya Kürdüstan olmaz” və buna bənzər şüarlarla ciddi şəkildə öz etirazlarını bildirdilər. Rejim bu mərasimi ələvi saxtakarlığı ilə təqdim etməyi planlaşdırsa da, mərasim tamamilə Azərbaycan milli hərəkatının təşəbbüsünə çevrildi. Və bu dəfə rejim özü şərait yaratdığı tədbiri xüsusi təyinatlılar vasitəsilə dağıtmağa çalışdı və bəzi fəallarımız da saxlanıldı.

Rejimin bu planı baş tutmadı. Azərbaycan milli hərəkatı və azərbaycanlılar Urmiyada həm terrora, həm də rejimin terroru dəstəkləməsinə, eləcə də azərbaycanlıların dini və məzhəbi hisslərinin sui-istifadə edilməsinə etirazlarını bildirdilər. Nə qədər ki, İran rejimi terrorçulara himayədarlıq edir, Qərbi Azərbaycanı kürdləşdirmə siyasətindən vaz keçməyib, kürd terror dəstələri İran rejimi ilə əməkdaşlıq edib bu siyasəti davam etdirəcəklərsə, Azərbaycan milli hərəkatı mübarizəsini sürdürəcək. Belə görünür ki, bu məsələ gələn aylarda da davam edəcək”.

Sonda S.Kamrani əlavə edib ki, Qərbi Azərbaycanın digər bir strateji əhəmiyyəti də var:

“Bu bölgə həm Türkiyə ilə həmsərhəddir, həm İraqdakı Türkmən eli bölgəsinə bağlanır, eyni zamanda Naxçıvanla da həmsərhəddir. Əgər bu gün Zəngəzur koridoru dünya miqyasında strateji əhəmiyyətə malikdirsə, Qərbi Azərbaycan bölgəsi həm dünya siyasəti, həm də Türk dünyasını bir-birinə coğrafi olaraq birləşdirmək baxımından Zəngəzur koridorundan daha çox strateji əhəmiyyətə malikdir. Ona görə də bu layihənin arxasında İran rejimindən başqa həm bölgədə, həm də beynəlxalq arenada türkofob güclər dayanır. Ancaq azərbaycanlılar öz mübarizələrini güclü şəkildə davam etdirirlər. Birinci dəfədir deyə bilirik ki, Azərbaycanda milli cərəyan və məzhəbi kəsimin istəkləri sosioloji olaraq da üst-üstə düşməkdədir. Şiə məzhəbini ən azı Səfəvilər və Şah İsmayıl dövründən bəri zaman keçdikcə panfarsist mənfəətlərin çərçivəsinə salmışdılar, amma artıq bu, türk hürriyyəti, Azərbaycan kimliyi və mənfəətləri ilə üst-üstə düşür və düşünürəm ki, getdikcə güclənəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button