Araşdırma & Təhlilİran

İranın Kimlik Siyasəti Problemi

Yazar: Ramin Cabbarlı

Son onilliklərin dünya siyasətində kimlik önəmli rol oynamışdır. Dünya, əsasən, sinifdən kimliyə əsaslanan ictimai hərəkatlara keçidin şahidi oldu. Qərbdəki feminist və vətəndaş hüquqları hərəkatlarından tutmuş (keçmiş) Sovet İttifaqındakı millətçi hərəkatlara qədər hamısı kimlik yönümlü idi. Həqiqətən də, dünyada yeni ictimai hərəkatların yüksəlişi müəyyən mənada kimlik yönümlü hərəkatların yüksəlişinin bir uzantısı idi. Hal-hazırda, hətta sinif narazılıqları da irq, etnik mənsubiyyət, din və vətəndaşlıq statusu kimi sinif və digər kollektiv kimliklərin kəsişdiyi məqamlarda problem səviyyəsinə qaldırılır. İran bu tendensiyada istisna deyil. Şübhəsiz, etnik və dini müxtəlifliyi səbəbindən müasir İran siyasətində kimlik daha əhəmiyyətli faktor kimi rol oynayır.

Kollektiv kimliklər qrup üzvləri tərəfindən paylaşılanlardır. Ümumiyyətlə, fərdlərin birdən çox kollektiv kimliyi vardır və bunlar dinə, etnik mənsubiyyətə, milliyyətə və s.-ə əsaslana bilər. Bu kollektiv kimliklərin hər hansı birinin fərd üçün nisbətən güclü və önəmli olması bir çox ictimai, siyasi və kontekstual amillərdən asılıdır. Bəzi insanlar üçün dini kimlik ən vacib olsa da, digərləri milli və dini kimliklərindən daha çox etnik olanı vurğulamağı üstün tuta bilərlər. Müxtəlif hadisələrin araşdırmaları göstərir ki, bir qrup kollektiv şəkildə siyasətlə məşğul olduqda, o qrupun kollektiv kimliyi siyasi əhəmiyyət qazanır. Beləliklə, bir cəmiyyətdəki siyasi və ictimai hərəkatları anlamaq üçün kimliyin səbəb və yüksəlişini araşdırmaq çox vacibdir. Ümumiyyətlə, fərdlər kollektiv hərəkatlarda bir qrupun üzvü olaraq iştirak edirlər.

Onlar hərəkətlərinin xeyir və ziyanlarını mənsub olduqları qrupa əsasən ölçürlər. Bu, insanların siyasi iştirakı ilə bağlı məsələləri araşdırarkən “biz kimik” sualına verilən cavabların nəyə görə nəzərə alınmasının vacib olduğunu izah etməyə qədər uzadıla bilər.

Şübhəsiz, etnik və dini müxtəlifliyi səbəbindən müasir İran siyasətində kimlik daha əhəmiyyətli faktor kimi rol oynayır.

Sosioloqlar və sosial hərəkat araşdırmaçıları qrupların identifikasiya və səfərbərliyi arasındakı səbəb-nəticə əlaqəsini tədqiq ediblər. Bu inkişaf etməkdə olan sahənin qabaqcıl nümayəndəsi, Amsterdamdakı Vrije Universitetindən Bert Klandermans bir çox nəşrlərində qrup identifikasiyası və səfərbərlik arasındakı səbəb-nəticə əlaqəsini təsvir etmişdir. Onun araşdırması göstərir ki, kollektiv hər hansı bir kimlik hakimiyyət uğrunda mübarizənin mərkəzinə çevrildikdə, başqa sözlə, kollektiv kimlik məsələsi siyasiləşdiriləndə ​​siyasi əhəmiyyət kəsb edir. Burada mübarizə qıt olan qaynaqlar, nüfuz, siyasi, mədəni və ya iqtisadi güc kimi müxtəlif şeylər üzərində ola bilər. Öz kollektivləri üçün ümumi vəziyyəti dəyişdirmək və ya qorumaq uğrunda mübarizəyə sosial qrupların cəlb olunması ilə həmin kollektivlərin kimliyi siyasiləşdirir və onu öz üzvləri üçün daha qabarıq və ya daha vacib edir. Sonra isə kimliyin daha da qabarması qrup identifikasiyasını gücləndirir və nəhayət, güclü qrup identifikasiyası sosial hərəkatların baxışlarında fikir birliyi yaradır və qrup üzvləri arasında koordinasiyanı asanlaşdırır.

Bəzən kollektiv kimliklərin siyasiləşdirilməsi hekayənin sadəcə başlanğıcıdır. Fərqli kollektiv kimliklər ziddiyyət təşkil etdikdə onun mürəkkəbliyi arta bilər. Yuxarıda qeyd edildiyi kimi, fərdlərin bir çox kimlikləri var. Ancaq ortaq dərdlər və bunlardan məlumatlılıq bir kimliyi digərlərinə nisbətən daha vacib edə bilər.

Bəzi hallarda fərdlərin ikili kimlikləri (iki qabarıq kimlik) ola bilər, nümunə kimi həm alt etnik kimlik, həm də üst milli kimliyin onlar üçün önəmli olmasını qeyd edə bilərik. Kimliyin qabarmasıyla siyasət arasında səbəb-nəticə əlaqəsi olduğundan iki fərqli kimliyə sahib olmaq siyasi mövqeni mürəkkəbləşdirir. Bu, əsasən, dövlət siyasətindən asılıdır: insanlar ikili kimliklərə malik olduqda nəticəsi hər iki kimliyi qoruyacaq inteqrasiyadan seperatçı kimliyin inkişaf edirilməsinə, yəni güclü bir alt qrup etnik kimliyin qabarması və milli olanın kənar tutulmasına qədər dəyişə bilər.

İranda hadisələrin inkişafını müşahidə etdikdə kimlik siyasətinin nəticələrinin yalnız daxili təhlükəsizliyə təsir etmədiyi, həm də ölkənin bəzi geosiyasi üstünlüklərini və risklərini üzə çıxardığı məlum olur. İrandakı mövcud etnik münasibətlər və onların regional təsirləri, ölkənin dini, milli və etnik kimliklərinin inkişafı, qabarıqlığı və tarixi konteksti nəzərə alınmadan başa düşülə bilməz.

Bu yazının əsas mövzusu 84 milyonluq İran əhalisinin təxminən üçdə birini təşkil edən etnik Azərbaycan türkləri olacaq. Burada, siyasiləşmiş kimliklərin geosiyasi təsirlərini qısaca müzakirə etməzdən əvvəl, kollektiv kimlikləri siyasiləşdirmiş tarixi anları və sosial-siyasi prosesləri izah etməklə başlayacağam.

Mövzuya davam etməzdən əvvəl dil barədə qeyd: bu yazıda ‘Azərbaycan türkləri’ və ‘azərbaycanlılar’ və ‘etnik azərbaycanlılar’ anlayışları bir-birini əvəz edir. Başqa cür qeyd edilmədiyi təqdirdə isə “Azərbaycan” dedikdə tarixən (və hazırda) etnik azərbaycanlıların yaşadığı İranın şimal-qərb hissələrini nəzərdə tutur.

İrandakı mövcud etnik münasibətlər və onların regional təsirləri, ölkənin dini, milli və etnik kimliklərinin inkişafı, qabarıqlığı və tarixi konteksti nəzərə alınmadan başa düşülə bilməz.

Səfəvilər İmperiyası və İnklüziv Kimlik

XVI əsr Səfəvi imperiyasında yaşayan xalqların tarixində dönüş nöqtəsi oldu. Əhalisinin əsasən sünni olmasına baxmayaraq, Səfəvi dövlətinin qurucusu Şah İsmayıl 1501-ci ildə İslamın şiə məzhəbini imperiyanın rəsmi dini elan etdi və demək olar ki, bütün əhalini şiələşdirən siyasət həyata keçirdi. İntensiv (müxtəlif) dini mərasimlərin sayəsində bunun iranlılara uzunmüddətli ictimai-siyasi təsiri oldu. Dini təriqətin fərqli etnik mənşəyə malik insanları bir araya gətirməsi üçün intensiv mərasimlər lazımdır. Güclü və emosional mərasimləri olan bir din etniklərarası fərqləri azaldır və üst kimlik olan şiə məzhəbinə aidlikləri ilə aralarındakı oxşarlıqları artırır. Tarixən intensiv mərasimləri olan dinlər belə bir mexanizmdən istifadə edərək çoxmillətli imperiyaların parçalanmasına mane olurdu. Şiə ayinlərində əsas irəliləyiş Səfəvi İmperiyası dövründə baş verdi. Faciəli Kərbəla döyüşü ilə bağlı olan (680 -ci ilin oktyabrı) şiəliyə xas mərasimlərin əksəriyyəti bu illərdə, yəni təxminən 9 əsr sonra sistemli şəkildə inkişaf etdirildi.

Şiələrin ayinləri yüzillər boyuca onların həmrəyliyinin qorunmasında əhəmiyyətli rol oynadı. Hazırda İran əhalisinin 90-95 faizi şiədir. Əksər iranlıların dini kimliyi Səfəvi İmperiyasından və əhalisinin inancını sünni İslamdan zorla şiə İslam etiqadına dəyişməsindən mirasdır. Şiə ayinlərinin inkişafı hətta Səfəvilər İmperiyasının süqutundan 1925-ci ilə qədər və Pəhləvi sülaləsinin qurulmasından sonra da davam etdi.

Şiə kimliyinin coğrafiyası İran sərhədlərini aşdığından, güclü bir dini üst kimlik millət-dövlətlər dövründə digər ölkələrin vətəndaşlarına təsir etmək imkanları yaradır. Bu yumşaq güc İranın geosiyasi müdaxilələri üçün mühüm vasitədir.

Şiəliyi qəbul etməyin cəmiyyət və bölgə üçün gözlənilməz nəticələri oldu. Bu, çoxmillətli İran dövlətinə, ictimai birliyi qorumaq və ölkə daxilində etnik qarşıdurmaları maneə yaratmaq üçün şiə üst kimliyini qurmağa icazə verdi. Bu eyni zamanda bəzi geosiyasi üstünlüklər gətirdi. Şiə kimliyinin coğrafiyası İran sərhədlərini aşdığından, güclü bir dini üst kimlik millət-dövlətlər dövründə digər ölkələrin vətəndaşlarına təsir etmək imkanları yaradır. Bu yumşaq güc İranın geosiyasi müdaxilələri üçün mühüm alətdir.

Eksklüziv millətçiliyə doğru

Pəhləvilər sülaləsinin dövrü (1925-1979) inklüziv dini kimlikdən eksklüziv fars mərkəzli millət quruculuğu layihəsinə keçidi əhatə edir. Məhz Pəhləvilərin hakimiyyəti altında millətlərarası fikir ayrılıqları daha qabarıq göründü və etnik azlıqlar öz narazılıqlarını açıq şəkildə ifadə etməyə başladılar. Bu narazılıqlar sonradan müxtəlif növ iddialara çevrilə bildilər. Bu iddiaların zirvəsi İranın şimal-qərbində Azərbaycan və Kürdüstan muxtar bölgələrinin qurulması idi, bu da öz növbəsində ölkənin siyasi mərkəzinin qəddar basqı kampaniyaları ilə nəticələndi.

Azərbaycanlıların 1925-ci ildə Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsindən əvvəl və sonrakı dövrdə olan hərəkatlarının müqayisəsi onların həm tələblərində, həm də narazılıqlarındakı davamlılığı göstərir. 1925-ci ildən əvvəl azərbaycanlılar əsasən dövlətin mərkəzsizləşdirilməsini və federativ sistemin qurulmasını tələb edirdilər. Pəhləvi hakimiyyətinin qurulmasından əvvəl və sonra azərbaycanlıların tələblərində davamlılığı izləyə bilsək də, Pəhləvi rejiminin eksklüziv millətçiliyi də yeni narazılıqların yaranmasına səbəb oldu. Bunların hamısı növbə ilə analiz olunacaq.

İran Azərbaycanı və xüsusən də Təbriz İranın Məşrutə (Konstitusiya) İnqilabında qabaqcıl rol oynadı. Azərbaycanlılar üçün inqilabın ən əhəmiyyətli nəticələrindən biri əyalət əncüməni (komitəsi) idi. Leiden Universitetindən Turac Atabaki Azərbaycanda yazdığı: “İyirminci əsr “İranında Etnos və Muxtariyyət” (1993) deyirdi: “Azərbaycanlıların əyalət əncümənləri ideyasının qəbulu üçün Məclisi təşviq etməsində oynadığı rol şişirdilə bilməz”.

Azərbaycanlıların 1925-ci ildə Pəhləvi sülaləsinin qurulmasından əvvəl və sonrakı dövrdə olan hərəkatlarının müqayisəsi onların həm tələblərində, həm də narazılıqlarındakı davamlılığı göstərir.

Məşrutə İnqilabı 1905-ci ildən 1906-cı ilə qədər davam edən, Şah hökumətinin təslim olduğu və Milli Məclisi (Məclisi) çağırmaq üçün qəbul etdiyi bir sıra etirazlarla başladı. Bir az sonra, 1906 -cı ilin sentyabrında Təbriz Komitəsi (Əncümən-e Təbriz) Milli Məclisə öz millət vəkillərini seçmək məqsədi ilə qurulsa da, tezliklə özünəməxsus bir regional parlament oldu. Əyalət və yerli məclislər yaradan Əlavələr məcəlləsi 1907-ci ilin oktyabrında Məhəmməd Əli Şah tərəfindən təsdiq edildi. Bu sənəd əyalət və yerli komitələrin qanunları ilə bağlı hazırlanan 122 maddədən ibarət idi. Burada yazılanlara görə, ölkənin bir parçası olan əyalət öz mərkəzi hökuməti və alt vilayətləri olan ərazi kimi müəyyən edildi. Ümumilikdə İran dörd əyalətə bölündü, Azərbaycan da bunlardan biri idi. Qanun əyalət əncümənlərinin necə qurulacağını, millət vəkillərinin hansı qaydada seçilməsini və hər bir əyalətdə bu əncümənlərin səlahiyyət həddini izah edirdi. Elmi araşdırmalar Azərbaycan əncümənindəki milli elementlərin ağırlığına işarə edir. Məsələn, görkəmli tarixçi sosioloq Nadir Söhrabi “Osmanlı İmperiyasında və İranda inqilab və konstitusionalizm” (2011) adlı kitabında yazır: “Qəzetlər, Məclis protokolları və xatirələr bir növ milli komitələrin təşkil edilməkdə olduğunu açıq şəkildə göstərir”.

Şah 1908-ci ilin iyununda Tehrandakı Məclisin bombalanmasını əmr etdi. Məşrutəçilər və şahçılar arasında vətəndaş müharibəsi başladı, əsas hadisələrin isə çox hissəsi Təbrizdə baş verirdi. Məclislərin bombalanması xəbəri Təbrizə çatanda Təbriz Əncüməni şəhərdəki məşrutəçi qüvvələri şahçılara qarşı toplamaq və silahlandırmaq üçün ictimaiyyətdən bu xəbəri gizlətdi. Buradan onun qüvvələrinə Məşrutə İnqilabının böyük simalarından biri (və etnik azərbaycanlı) Səttar Xan rəhbərlik edirdi. Növbəti 13 ay ərzində məşrutəçilər vətəndaş müharibəsində üstünlük əldə edə bildilər və şahı daha çox güzəştə getməyə məcbur etdilər.

Ancaq Məşrutə İnqilabı uğursuz sonluqla başa çatdı. Şah Rusiya İmperatorluğunun köməyi ilə ölkəyə nəzarəti bərpa edə bildi və parlament siyasətini boğdu. Lakin Azərbaycanın Məşrutə İnqilabındakı rolu ziyalıların və sonradan Şiə din xadimi, millət vəkili və siyasi lider Məhəmməd Xiyabani kimi fəalların xatirələrində yaşayırdı. Burada davamlılıq tezisinin doğruluğu aydındır: Azərbaycanın əyalət əncümənləri üçün çağırışlardakı, konstitusiya işinin təşkilində və möhkəmləndirilməsindəki rolu federalizm ideologiyasının və bu ideyaya xalq dəstəyinin bariz göstəricisidir.

Üstəlik, Azərbaycandakı qısa ömürlü Azadistan əyalətinin (1920-ci ilin əvvəlindən həmin ilin sentyabrına qədər davam etdi) tədqiqi hərəkatda iddiaların və tələblərin həm oxşarlığını, həm də davamlılığını göstərirdi. Bu hərəkatda Tehran və Təbriz arasındakı mübahisə İranla İngiltərə arasındakı müqavilə ucbatından baş versə də, Azadistan hərəkatının tələbləri həm Azərbaycan Məşrutəçiləri, həm də Azərbaycan Demokrat Firqəsinin (ADF) tələblərinə çox oxşayırdı. ADF 1945-ci ilin noyabrından 1946-cı ilin dekabrına qədər Azərbaycan Milli Hökumətini idarə edən Cəfər Pişəvərinin rəhbərlik etdiyi, Sovet İttifaqı tərəfindən dəstəklənən və Pəhləvilərə qarşı mövqedə bir partiya idi. Mərkəzsizləşdirilmiş idarəetmə bütün bu hərəkatların tələblərində ortaq mövzu idi.

Müasir İranın qabaqcıl tarixçisi Ervand Abrahamian müxtəlif yazılarındakı iddiasına uyğun olaraq bir məqaləsində Xiyabaninin Azərbaycana “nə ədalətli parlament təmsilçiliyinin, nə də ki mərkəzi hökumətlərdən düzgün büdcənin ayrılmamağından” şikayət etdiyini irəli sürmüşdü. Xiyabani federalizm ideyası ilə uzlaşırdı. Əyalət məclislərinə çağırışları və yerli hökumət qurmaq cəhdlərindən göründüyü kimi İran sərhədləri daxilində Azərbaycan üçün daha çox yerli muxtariyyət istəyirdi.

Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsindən 20 il keçməsinə baxmayaraq, azərbaycanlıların tələbləri hələ də eyni idi. ADF-nin rəsmi orqanı olan “Azərbaycan”dakı məqalələrin təhlili və o dövrün müxtəlif sənədləri ADF hərəkatının fərqli bir siyasi kontekstdə də eyni tendensiyanın davamını təmsil etdiyini açıq şəkildə göstərir: O dövrün müxtəlif qəzetləri də bu davamlılıq tezisini dəstəkləyir. Sonrakı paraqraflarda bu xüsusiyyətlərin bəzilərinə istinad edəcəyəm. ADF-nin başçılıq etdiyi hərəkatla əvvəlki iki hərəkat, yəni: Məşrutə və Azadistan hərəkatı arasındakı bir fərq ADF-nin mədəni muxtariyyətə, ana dilində təhsil almaq hüququna və Azərbaycan dilini İran Azərbaycanı əyalətində rəsmi hala gətirilməsinə daha çox önəm verməyidir.

ADF federativ bir sistemi və ya əyalət və vilayət komitəsini şiddətlə tələb etmişdi. Belə ki, bunun üçün yalnız ADF-nin rəsmi qəzeti olan “Azərbaycan”da irəli sürülən arqument və tələblərin əsas məzmununa istinad edə bilərik. Birincisi, İranda hakimiyyətin mərkəzsizləşdirilməsi olmadan demokratiya və azadlıq qurula bilməz. İkincisi, yerli özünüidarəetmə Konstitusiya ilə təmin edilmiş bir hüquqdur. Üçüncüsü, 1941-ci il Atlantik Xartiyasında qeyd olunan öz müqəddəratını təyin etmək hüququ İrandakı azərbaycanlılara da aiddir. Dördüncüsü, öz müqəddəratını təyin etmə “təbii bir hüquq” olsa da, ADF özünü ayrılıqçı bir partiya hesab etmir və öz müqəddəratını təyin etmə mütləq şəkildə separatizmə bərabər deyildir və ölkənin parçalanmasına çağırış kimi başa düşülməməlidir. Beşincisi, ABŞ, Sovet İttifaqı və İsveçrə kimi nümunələr öz müqəddəratını təyin etmənin bir ölkənin birliyini gücləndirə biləcəyini göstərir.

Hətta bu gün də İranda insanlar arasında İran Azərbaycanının iştirakı olmadan siyasi dəyişikliyin mümkün olmadığı barədə güclü bir fərziyyə var. Eyni fərziyyəni İkinci Dünya Müharibəsindən dərhal sonrakı dövrdə “Azərbaycan” qəzetində rast gəlinən müxtəlif məqalələrdə görürük. Məsələn, 1945-ci ilin sentyabr ayının ortalarında çıxan “Azərbaycan bir daha tarixi yükünü götürdü” başlıqlı məqalədə müəllif siyasi dəyişikliklərdə Azərbaycanın rolundan danışır və bunun üçün bir şərt kimi Azərbaycan azadlığının vacib olduğunu iddia edir. dəyişdirmək. ADF əyalət idarəçiliyini yalnız mərkəzi hökumətin gücünü azaltmaq üçün tələb etmir, həmçinin Firqə liderləri əyalət hökumətinin həm mədəniyyət və dilini qorumağa, həm də daxili müstəmləkəçilikdən qurtulmağa şərait yaradacağını düşünürlər. Eyni məqalədə ADF etnik hüquqlar tələb edir və “digər etnik qruplar ilk addımımızı gözləyirlər” deyərək Azərbaycanı etnik hüquqların tələbində də qabaqcıl hesab edir.

Hətta bu gün də İranda insanlar arasında İran Azərbaycanının iştirakı olmadan siyasi dəyişikliyin mümkün olmadığı barədə güclü bir fərziyyə var.

Yeni Bir Narazılılq

Həm Məşrutə inqilabı ilə Xiyabani hərəkatı, Həm də ADF ilə özündən əvvəlkilər arasında əhəmiyyətli fərqlər var. İlk ikisindən fərqli olaraq, ADF ana dilində təhsil, mədəniyyətin qorunması və İran Azərbaycanında Azərbaycan dilinin rəsmi olması kimi mədəni hüquqların üzərində daha çox dayanırdı. Bu dəyişiklik, əsasən, İranda Pəhləvi sülaləsinin qurulmasından sonra azərbaycanlıların mədəni zülmünün artması ilə bağlı idi. Bundan əvvəl İrandakı azsaylı etnik qruplar fars milliyətçiliyinin eksklüziv bir versiyası ilə mübarizə aparmaq məcburiyyətində deyildilər.

Pəhləvi hakimiyyəti dövründə İranda modern bir dövlətə keçidlə eksklüziv fars millətçiliyinə və ariyan ideologiyasına keçid eyni vaxta təsadüf etdi. Bu ideologiya dövlət gücünü qeyri-fars etniklərin assimilyasiyasına məcbur edəcək aləti kimi istifadə etdi. Pəhləvilərin hakimiyyətə gəlməsindən əvvəl etnik qruplar öz ana dillərində bəzi qəzetlər nəşr edə bilirdilər. Bu dövrdə Azərbaycan dilində çap olunan qəzetləri və ya ikidilli qəzetləri (Azərbaycanca-Farsca) çıxdığını görə bilərik. Hətta Xiyabani hərəkatının rəsmi orqanı olan “Təcəddüd” iki dilli bir qəzet idi. Rza Şah rejimi fars dili və mədəniyyətinə əsaslanan monolit bir İran milləti yaratmağa çalışırdı. Beləliklə, ADF hərəkatı təkcə əyalət idarəçiliyi uğrunda mübarizə aparmırdı, həm də fars olmayan iranlıların mədəni irsini hədəf alan Rza Şahın aşkar irqçi siyasətinə qarşı bir reaksiya idi.

Pəhləvi hakimiyyəti dövründə İranda modern bir dövlətə keçidlə eksklüziv fars millətçiliyinə və ariyan ideologiyasına keçid eyni vaxta təsadüf etdi. Bu ideologiya dövlət gücünü qeyri-fars etniklərin assimilyasiyasına məcbur etmək aləti kimi istifadə etdi.

Bu reaksiyanın bir göstəricisi də Azərbaycan dilində nəşr olunan (bütövlükdə və ya qismən)  qəzetlərin ADF dövründə bərpası idi. ADF-nin rəsmi orqanı olan “Azərbaycan” iki dilli bir qəzet idi və qəzetin ilk sayından əyalət hökumətinə ehtiyac olduğunu iddia edilməsi ilə yanaşı, mədəni hüquqlar və ana dilində təhsil mövzusunda müzakirələri əks etdirən məqalələr də var idi. ADF lideri Cəfər Pişəvəri dili milli kimliyin təməli hesab edirdi. Həqiqətən də, Pişəvəri çıxışlarında “İran millətləri” ifadəsini işlətmiş və Azərbaycan mədəniyyətinə kifayət qədər büdcə ayrılmamasından narazılıqlarını bildirmişlər. Belə çıxışların birində o, Rza Şah çevrilişinin nəticəsinin Azərbaycan mədəniyyətinin məhvi olduğunu iddia etdi.

ADF-nin dil tələblərini irəli sürməkdə mübarizliyini Tehran qəzetinin tənqidlərə cavabında da görmək olar. Tehran ADF -ni Azərbaycan dilinin rəsmi dil statusu almasını və təhsilin bu dildə aparılmasını tələb etdiyi üçün separatizmdə ittiham etdikdən sonra 1945-ci ilin sentyabr ayının ortalarında ADF “Ana dili” adlı bir məqalə ilə cavab verdi. Bu yazıda ADF azərbaycanlı uşaqların 3-cü sinfə qədər yalnız ana dilində təhsil almaq hüququnu müdafiə edərək yalnız bundan sonra tədris proqramına fars dilinin daxil edilməsinin və Azərbaycan dilinin yanında tədris olunmasının lazım olduğunu müdafiə etdi. Bu yanaşmanın pedaqoji sağlamlığını izah edən məqalədə daha sonra “öz dili olmayan bir millətin kölə olacağı” qənaətinə gəlmiş ana dilini qorumağın siyasi əhəmiyyəti müzakirə edildi.

Universal təhsilə keçidin bu dövrdə başlanılmasına baxmayaraq, Pəhləvilərin hakimiyyətindən əvvəl əhalinin yalnız 5 faizi savadlı idi. Universal təhsil eksklüziv millət quruculuğu prosesində müəyyən imkanlar yaratsa da, cəmiyyətə təsirləri müxtəlif oldu. Bir tərəfdən, ümumbəşəri təhsil hökumətin məktəblərdə məcburi assimilyasiya proqramını həyata keçirməsinə icazə vermişdi; digər tərəfdən, ümumbəşəri təhsil cəmiyyətdə dil və etnik fərqlilikləri daha qabarıq göstərdi. Etnik mənsubiyyətin əsas əlaməti olmuş və hələ də olan dilin istifadəsinə qoyulan qadağa, etniklərin ayrı-seçkiliyə məruz qalma anlayışlarını əhəmiyyətli dərəcədə gücləndirdi.

Fars olmayan dilləri qadağan etmək, azərbaycanlılara və digər qeyri-farslara qarşı iqtisadi və mədəni ayrı-seçkilik etmək, icra hakimiyyətində ədalətli siyasi təmsilçiliyin olmaması azərbaycanlıların və digər bəzi böyük etnik qrupların kimliklərinin daha da siyasiləşdirilməsi ilə nəticələndi. ADF-nin “Azərbaycan” qəzetində Azərbaycan Milli Hökumətinin hakimiyyəti dövründə ( 1945-ci ilin noyabrından 1946-cı ilin dekabrına kimi) yazılmış çoxsaylı məqalələr qeyri-fars etniklərə qarşı inteqrativ siyasət tələb edirdi (assimilyasiya siyasətindən fərqli olaraq). Bu, kimliklərini qorumaq uğrunda mübarizənin mərkəzində idi. Əks təqdirdə, çoxlu sayda məqalə açıq şəkildə qeyd olunur ki, ADF separatçı kimlik layihəsi həyata keçirmək məcburiyyətində qalacaq.

Pəhləvi rejimi fars olmayan müxtəlif etnik qruplara təzyiqi artırmaqla yanaşı, din xadimlərinə və dini qruplara da yeni məhdudiyyətlər qoydu; həm də hicab geyinməyi tamamilə məhdudlaşdırdı. Sonrakı onilliklər ərzində din xadimləri də öz narazılıqlarını formalaşdırdılar. Dini qruplar və məscidlər şəbəkəsi üzərində nəzarət din xadimlərinin əlində qaldığından Pəhləvi taxtı laxlamağa başlayanda bu şəbəkə asanlıqla sülaləyə qarşı kütləni səfərbər etdi və nəticədə, İslam İnqilabına çevrilən təşkilati işin təşəbbüskarı oldu.

Pəhləvi rejiminin eksklüziv millət quruculuğu layihəsinə qarşı reaksiya ən azı iki səbəbdən güclü idi. Birincisi, rejim millət quruculuğu layihəsində fars olmayanları təcrid etməklə əsas etnik azlıqların kimliyini siyasiləşdirdi. İkincisi, Pəhləvi rejimi yeni inklüziv üst kimlik ilə əvəz ounmayan şiə üst kimliyini faktiki olaraq tərk etdi. Eksklüziv millət quruculuğundakı bu uğursuzluq, narazı etnik və dini qrupların siyasiləşməsi və radikallaşması ilə nəticələndi. Beləliklə, etnik narazılıqların artması və şiə kimliyinin yayılmasına qoyulan məhdudiyyətlər nəticəsində təkcə etnik kimliklər daha məşhur və siyasiləşmiş olmadı, həmçinin narazı din xadimlərinin siyasi hakimiyyət uğrunda mübarizəyə cəlb edilməsinə təkan verildi.

Nəticəni hamımız bilirik: bütün bu mübarizə və narazılıqlar, xüsusən İranda din xadimlərinin Pəhləviyə qarşı aktiv fəaliyyətə cəlb olunması, nəhayət, 1979-cu il inqilabına səbəb oldu. İslam İnqilabından dərhal sonra (1980 -ci ildə) Azərbaycan Şiə İslam din xadimi Seyid Məhəmməd Kazım Şəriatmədari ilə əlaqəli mötədil bir partiya olan Müsəlman Xalq Cümhuriyyəti Partiyası mərkəzsizləşdirmə və başqaları ilə birgə daha böyük dil hüquqları tələb etdi. Məsələ burasındadır ki, ideoloji fərqliliklər olsa da, Məşrutə İnqilabından başlayaraq İrandakı müxtəlif etnik azərbaycanlı hərəkatları arasında diqqətəlayiq bir davamlılıq izlənilə bilər.

Eksklüziv Millətçiliyə Xidmət Edən İnklüziv Üst Kimlik

Müxtəlif ideoloji, dini və etnik mənşəyə malik iranlıların hər biri 1979-cu il inqilabına aparan proseslərdə iştirak edirdilər. Faktiki olaraq hər bir böyük kimlik qrupunun Pəhləvi rejiminə qarşı öz narazılıqları və öz növbəsində sülaləni devirmək üçün hərəkata qoşulmaqda səbəbləri vardı. Lakin, sonda, şiə fundamentalistlərinin rəhbərlik etdiyi hərəkat qalib gəldi. Hakimiyyəti əllərində cəmləyən kimi müxtəlif vasitələrlə əleyhdarlarını və rəqiblərini yox etmək üçün hərəkətə keçdilər.

İslam İnqilabının kollektiv kimliklərlə əlaqəli məsələlərə də təsirləri oldu. Məsələn, İslam inqilabçıları etnik baxımdan müxtəlif, eyni zamanda dini baxımdan homogen bir cəmiyyəti əhatə edən ölkənin rəsmi və ümumi bir kimliyi olaraq şiəliyi dirçəltmək üçün əllərində olan geniş təbliğat vasitələrindən istifadə etdilər. Həmçinin İslam həmrəyliyini xarici siyasətlərinin əsas prinsipi olaraq da elan etdilər. Yenə də Brenda Şafferin “Bakı Dialoqları” nın təkrar nəşrində düzgün ifadə etdiyi kimi: “İslam həmrəyliyinin əsas geosiyasi maraqlarla ziddiyyət təşkil etdiyi hallarda Tehran, demək olar ki, həmişə praqmatik maraqları ideologiyadan üstün tutur”.

İnqilab həm də milli və etnik kimliklərə təsirsiz ötüşmədi. İslam rejimi Pəhləvi rejiminin millətçiliyini pisləsə də, praktiki olaraq fars üstünlüyü doktrinası toxunulmamış qaldı. Ölkənin etnik azlıqları 1979-cu il inqilabından sonra iqtisadi, mədəni və siyasi ayrı-seçkilikdən əziyyət çəkməkdə idilər. Üstəlik, İslam Respublikası Konstitusiyasında yer alan etnik bərabərlik və dil hüquqları ilə bağlı müddəalar heç vaxt praktikada tətbiq edilməmişdir.

İnqilab həm də milli və etnik kimliklərə təsirsiz ötüşmədi. İslam rejimi Pəhləvi rejiminin millətçiliyini pisləsə də, praktiki olaraq fars üstünlüyü doktrinası toxunulmamış qaldı.

Bütün bunlara baxmayaraq, inqilabçı İran bir müddət şiəliyi ölkənin ən qabarıq kimliyi kimi tanıtmaqla, əsasən, bu məzhəbdən etnik qruplarının etnik narazılıqlarını idarə edə bildi. Sünni məzhəbindən fərqli olaraq, şiəlik öz inananlarını birləşdirmək və şiə həmrəyliyi hisslərini gücləndirmək qabiliyyətinə malikdir. Bu güc şiəliyin intensiv, təkrarlanan, emosional və kollektiv olaraq tətbiq etdiyi mərasimlərdən qaynaqlanır. İntensiv dini ayinlər tətbiq etmək, onu ən qabarıq kollektiv kimliyə çevirir. Bu halda güclü şiə kimliyinə sahib olan etnik azlıqlar, ən azından müəyyən dərəcədə etnik ayrı-seçkiliyi gözardı edə bilərlər. Bunlara əlavə olaraq, dini kimliyin müasir bir millət dövlətində ən qabarıq kimlik olaraq təbliğ edilməsi gizli etnik hökmranlığa yol açır. İslam İnqilabından sonra farsların üstünlüyünün nisbətən aşkarlanmadan davam etməsinin bir səbəbi ölkənin şiə kimliyinin altında yuva qurmasıdır. Bu vəziyyət dominant fars etnik mənsubiyyətinin sərhədlərini daha az görünən etdi, güclü məlumatlılıq olmadığı üçün dominantlığı asanlaşdırdı və nəhayət etnik ayrı-seçkiliyi davam etdirdi. Ancaq dindarlığın səviyyəsi aşağı düşəndə, baş verən hadisələr dini həmrəyliyin həqiqiliyinə şübhə yaratdıqda və ya dini kimlik digər kollektiv kimliklərlə ziddiyyət təşkil etdikdə tendensiya dəyişə bilər.

İslam Həmrəyliyi Prinsipi Praktikada

İranın 1980-ci ildən 1988-ci ilə qədər davam edən 8 illik İraqla müharibəsi zamanı iranlıları səfərbər etmək üçün millətçi deyil, dini ritorikadan istifadə etməsi təsadüfi deyildi. Bu müharibə zamanı ayrı-seçkiliyə məruz qalan müxtəlif etnik mənşədən saysız-hesabsız insanlar, xüsusən də azərbaycanlılar İranı müdafiə etmək üçün cəbhədə canlarını qurban verdilər. Etnik azlıq qruplarının İran əhalisinin yüzdə əllidən çoxunu təşkil etdiyini və hər qrupun ayrı-seçkiliyin müxtəlif formalarını təcrübə etdiyini nəzərə alsaq, müharibənin özü millətlərarası həmrəyliyin yaradılmasında əhəmiyyətli rol oynadı.

Şiəlik İran İslam Respublikasında əhalinin bağlı qalacağı gözlənilən çətir kimlik kimi təbliğ edilmişdir. Bundan əlavə, İran rejimi dayanmadan əsas xarici siyasət yanaşması olaraq “İslam həmrəyliyi”ni elan etdi. Belə bir siyasət qabarmış dini kimliyin etnik kimlik sərhədlərini aşmasına və buna görə də etnik narazılıqlara mane olmasına imkan verdi. Əslində, İran əsasən şiə ölkəsi olduğu üçün (yüzdə 90 ilə 95 arasında), şiə İslam inancının gücü və populyarlığı faktiki olaraq İranın milli kimlik anlayışına da sıçradı və bununla da İrana aidlik hissini gücləndirdi.

İran İslam Respublikası xarici siyasətində İslam həmrəyliyini əsas prinsip kimi qəbul etsə də, rejim onu ​​tətbiq etməkdə çox seçicidir. Məsələn, İran nəinki Çinin Uyğur azlığının – İslam dininə inanan və daha çox Sincan Uyğur Muxtar Bölgəsində yaşayan bir türk etnik qrupunun faciəli vəziyyətinə görə susdu, həm də bu yaxınlarda Çin ilə 25 illik strateji əməkdaşlıq müqaviləsi imzaladı. Rusiyadakı çeçenlərlə də İslam həmrəyliyi prinsipi tətbiq edilməmişdir.

İran əsasən şiə ölkəsi olduğu üçün (yüzdə 90-95), şiə İslam inancının gücü və populyarlığı faktiki olaraq İranın milli kimliyi anlayışına sıçradı və bununla da İrana aidlik hissini gücləndirdi.

Həqiqətən də, İranın gördüyü işlər İslamı müxtəlif Yaxın Şərq ölkələrində yumşaq güc vasitəsi olaraq geosiyası məqsədlərinə çatmaq üçün istifadə etmək kimi təsvir oluna bilər. Xüsusilə Yaxın Şərqdəki şiələr arasında şiə kimliyinin təbliği ilə İran yerli şiə kimliklərini üst kimliyinə çevirməyə çalışır. Yuxarıda müzakirə edildiyi kimi sünni kimliyindən fərqli olaraq, şiə kimliyi ən önəmli kimliyə çevrilmə qabiliyyətinə malikdir. Təsadüfi deyil ki, İranın Yaxın Şərqdəki əsas mədəni təşəbbüslərindən biri şiələri intensiv mərasimlər etməyə təşviq etməkdir. İran bu mərasimlərin Gürcüstan, Azərbaycan və Livan da daxil olmaqla bir çox ölkədəki şiə icmaları və hətta, əsasən, sünni Səudiyyə Ərəbistanında azlıq olan şiələr arasında belə keçirilməsini dəstəkləyir və asanlaşdırır.

İran çox yaxşı bilir ki, bu mərasimlər əsas şiə ölkəsi olan İranla həmrəyliyini asanlaşdırdığı halda o ölkələrin şiə icmalarının öz milli kimliklərinə inteqrasiyasına maneələr yarada bilər. Ümumiyyətlə, qeyri-siyasi görünən bu mədəni proqramların vəzifəsi İslam həmrəyliyi deyil, İranın potensial iştirakı və müdaxiləsi üçün sosial baza hazırlamaqdır. Əsas səbəb İranın geosiyasi ambisiyalarını həyata keçirmək üçün, əsasən, sünni ölkələrdə yaşayan şiə icmalarından istifadə etməsidir.

Məsələn, İranın Livan siyasəti şiə livanlıların ölkənin milli kimliyinə inteqrasiyasına mane olan əsas faktorlardan biridir. Yəmən, İraq və Suriya kimi əksəriyyəti müsəlman olan ölkələrdə İranın vəkil şəbəkəsi də şiə hakimiyyəti funksiyasının İranın geosiyasi maraqları üçün yerli şiə icmalarından istifadə etməkdən ibarət olduğunu göstərir.

Qarabağ Konflikti Nümunəsi

İranın kimlik siyasətinin başqa bir nümunəsini Birinci və İkinci Qarabağ Müharibələri obyektivindən görmək olar. Sonuncu dəfə Tehranın Ermənistana dəstəyinin sezilməsi səbəbindən İran türklərinin etiraz dalğaları gerçəkləşdi. Tələblər Ermənistanla sərhədin bağlanması idi. İran Azərbaycanın ərazi bütövlüyünün və İslam həmrəyliyi prinsipinin tanınması ilə bağlı rəsmi olaraq neytral mövqe tutsa da, buna baxmayaraq, son otuz ildə Ermənistanla yaxşı münasibətləri qorudu və öz ərazisinin Rusiya tərəfindən Ermənistana hərbi yüklərin daşınması üçün istifadəsinə icazə verərək İrəvanı dəstəklədi. Hələ 1992-ci ildə Təbriz, Urmiya və Tehran kimi şəhərlərdə İran rejiminin Qarabağ siyasətinə qarşı nümayişlər baş tutmuşdu.

İlk növbədə, geosiyasi qayğıları və Azərbaycanın müstəqilliyinin İran daxilindəki etnik qrupları üzərində yarada biləcəyi domino effekti ehtimalı ilə əlaqədar narahatlıqları səbəbindən Tehran İrəvana meyilli davrandı. Bu cür narahatlıqlar qətiyyən yeni deyildi. Tarixi sənədlər 28 May 1918-ci ildə qısa ömürlü Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra oxşar qayğıların yarandığını göstərir. Müstəqil Azərbaycan həmişə İranın milli təhlükəsizliyi üçün potensial təhlükə kimi düşünülmüşdür. İran rejimi ölkəsindəki Azərbaycan türklərinə cəlbediciliyinin azalması üçün Azərbaycan Respublikasını daim problemlər bataqlığında görməyi üstün tutdu. Bu, müstəqilliyin İrandakı narazı azərbaycanlılara ruhlandırıcı təsirinin qarşısını almaq üçün hazırlanmış bir siyasətdir.

İranın kimlik siyasətinin başqa bir nümunəsini Birinci və İkinci Qarabağ Müharibələri obyektivindən görmək olar. Sonuncu dəfə Tehranın Ermənistana dəstəyinin sezilməsi səbəbindən İran türklərinin etiraz dalğaları gerçəkləşdi

İran rejiminin daxildə həmrəylik yaratmaq ümidi o qədər də uğurlu olmadı. Tehranın ümidlərindən fərqli olaraq, xarici siyasət yanaşması ölkədəki etnik azərbaycanlılar arasında İran milli kimliyinə mənsubluq hissini zəiflətdi. Bu, ilk növbədə, İranın Qarabağ siyasətinin tanınmış xarici siyasi İslam həmrəyliyi prinsipinə zidd olması səbəbindən baş tutdu. İran, əsasən də, şiə olan Azərbaycan Respublikasına qarşı İslam həmrəyliyini ifadə etməkdən çəkindi. Nəticə İranda etnik azərbaycanlıların Tehrandakı mərkəzi hakim orqanı xəyanətkar görməsi oldu.

Belə bir yanaşma İran vətəndaşlarının Azərbaycan vətəndaşları arasında rezonansını azaltmaqla yanaşı, ölkənin qapsayıcı kollektiv kimliyinə verilən əhəmiyyəti də zədələdi. Həqiqətən də, “İranlıların dəyərləri və davranışları” (2015) olaraq bilinən bir sorğu məlumat toplusunun üçüncü dalğası İranda dindarlığın azalma tendensiyasını açıq şəkildə nümayiş etdirir. Bu məlumatlara görə, iranlıların 66 faizi, ölkə daxilində insanların beş il əvvələ nisbətən bu gün daha az dindar olduqlarını və qarşıdakı beş ildə daha da dindar olacağını düşünür. İrandakı azərbaycanlılar üçün dindarlığın azalma faizi İranın milli ortalamasından yüksəkdir və 70 faizdir. Təbii ki, dini işlərə dövlət nəzarəti də dünyəviliyin artmasına kömək etdi. Müxtəlif hadisələr üzərində aparılan araşdırmalara görə, dövlətin din üzərində nəzarəti dindarlığı azaldır. Ümumiyyətlə, İranın kimlik siyasətinin uğursuzluğu onun üçün çox böyük nəticələr verir, çünki bu, ölkədə etnik azərbaycanlı kimliyinin ön plana çıxmasına yol açır.

Birinci Qarabağ Müharibəsi İran üçün kənardan gələn bir şok idi, çünki rejimin kollektiv şiə kimliyi ilə əhatə olunmuş eksklüziv fars millətçi təbiətini üzə çıxardı. Bu, etnik ayrı-seçkilik daha çox aşkar oldu. İranda yaşayan azərbaycanlıların yalnız 39 faizi, yuxarıda göstərilən məlumatlara görə, dövlətin etnik azlıqlara qarşı ayrı-seçkilik etmədiyini söyləyir. Bir zamanlar İranın ən sadiq etnik azlıqlarından biri olan Azərbaycan türkləri getdikcə daha çox məyus olurlar. Dindarlığın azalması kontekstində etnik bərabərsizlik və ayrı-seçkilikdən məlumatlılıq İran azərbaycanlıları arasında etnik parçalanmanı sürətləndirir. Son hadisələr göstərir ki, qabarmış Azərbaycan kimliyi fəaliyyətə keçir. Dövlət repressiyalarına baxmayaraq, İrandakı azərbaycanlıların Azərbaycan Respublikası ilə ifadə olunan həmrəylik səviyyəsi müqayisə olunmazdır.

İkinci Qarabağ müharibəsi İranda ümumi əhalisinin təxminən üçdə birini təşkil edən Azərbaycan türklərinin etiraz dalğalarını alovlandırdı. İranın şimal-qərb əyalətlərinin müxtəlif şəhərlərdə və Tehranda etiraz aksiyaları baş tutdu. İran hakimiyyəti etirazlar başladığı andan etibarən Rusiyanın Ermənistana hərbi yardım göstərməsinə və İranın Ermənistana dəstəyinə etiraz edən yüzlərlə etnik azərbaycanlını həbs etdi. Ötən il İranda azərbaycanlıların diqqəti İranın Qarabağ siyasətinə etiraz etmək və Azərbaycan Respublikasındakı azərbaycanlılarla həmrəylik ifadə etmək idi. İnsan haqları hesabatlarına görə, son bir ildə həbs olunan azərbaycanlıların 87 faizi Qarabağla bağlı etiraz aksiyalarında iştirak etdikləri üçün saxlanılıb. Həbs olunanlardan bəzilərinin həm polis, həm də kəşfiyyat işçiləri tərəfindən işgəncə gördüyü və döyüldüyü bildirilir.

İran hökumətinin zorakı assimilyasiya siyasəti və azlıqlara qarşı ayrı-seçkilik edilməsi bir tərəfdən, digər tərəfdən İranda dindarlığın azalması ölkədə etnik azərbaycanlı kimliyini siyasiləşdirməklə yanaşı, azərbaycanlıların kimlikləri ilə bağlı qərarlarını da radikallaşdırdı. Bu amillərlə yanaşı, Azərbaycan Respublikasının İkinci Qarabağ Müharibəsində qalib gəlməsi İrandakı azərbaycanlıların etnik qürur səviyyəsini artırdı. İnsanlar özlərini daha çox qürur duyduqları kollektiv kimliklərlə identifikasiya edirlər. Bütün bu amillər etnik səfərbərliyi gücləndirə bilər, çünki Azərbaycan kimliyinin qabarması onların şiə və ya iranlı deyil, azərbaycanlı kimi tanınmasını gücləndirir və nəhayət, güclü qrupa aidlik Azərbaycan ictimai hərəkatlarının fikirləri üzərində fikir birliyinə səbəb olur və kollektiv fəaliyyət üçün koordinasiyanı asanlaşdırır.

Şiə üst kimliyinin regional siyasətdə İran üçün bəzi üstünlükləri olsa da, Azərbaycan kimliyi milli və şiə kimliklərinin mahiyyətini və həqiqiliyini sorğulamaqla İranın daxili təhlükəsizliyinə problem yaradır. Bu şərtlər daxilində Azərbaycan kimliyinin ön plana çıxması, xüsusilə siyasi qarışıqlıqlar və ya mərkəzi hakimiyyətin zəif olduğu kritik məqamlarda İran üçün böyük nəticələrə gətirib çıxara bilər. Bundan əlavə, Azərbaycan türkləri İranın həm periferik, həm də mərkəzi bölgələrində yaşayan yeganə fars olmayan etnik qruplardır. Güc mərkəzinə coğrafi yaxınlıq azərbaycanlıların siyasi proseslərə potensial təsirini artırır. Belə ki, özünəməxsus kimliyi və ölkənin digər etnik qrupları ilə zəif əlaqələri olan narazı azərbaycanlılar, əlverişli şəraitdə öz siyasi məqsədlərini həyata keçirə bilərlər.

Şiə üst kimliyinin regional siyasətdə İran üçün bəzi üstünlükləri olsa da, Azərbaycan kimliyi milli və şiə kimliklərinin mahiyyətini və həqiqiliyini sorğulamaqla İranın daxili təhlükəsizliyinə problem yaradır.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə, işğal olunmuş ərazilərin azad edilməsi İrandakı etnik azərbaycanlı hərəkatını daha da dirçəltdi. Məsələn, 24 İyul 2021-ci ildə vətəndaş cəmiyyəti fəallarının və etnik azərbaycanlı müxalifət partiyalarının çağırışlarından sonra Təbrizdə etiraz mitinqlərində, əsasən, ərəb qrupları ilə həmrəylik nümayiş etdirildi. Xuzistanda çoxluq təşkil edən ərəblər çayların onlar yaşayan bölgələrdən farslar yaşayan əyalətlərə yöndəndirilməsinə etiraz edirdilər. İrandakı ərəblərə dəstək ifadə etməklə yanaşı, azərbaycanlılar da öz etnik hüquqlarını tələb edir və rejimin onlara qarşı iqtisadi, mədəni və siyasi ayrı-seçkiliyi kimi qəbul etdikləri münasibətinə etiraz edirdilər. Onilliklər ərzində ilk dəfə olaraq, bu etiraz aksiyasında etnik azərbaycanlılar “Azadlıq, ədalət, milli hökumət” kimi şüarlar səsləndirərək İran dövləti çərçivəsində milli hökumət qurmaq istədiklərini bildirdilər. Soydaşlarının İkinci Qarabağ Müharibəsində qazandıqları güvən və qürurdan güc alan İrandakı etnik azərbaycanlılar, İran dövlətinin icra orqanlarından kənar qalmalarına və ayrı-seçkilik yaşamalarına daha tez reaksiya verirlər.

Həm də bu an üçün yeni hökumətin etnik və siyasi cəhətdən əvvəlkindən daha eksklüziv olduğu görünür; və son prezident seçkilərində, müşavir Əli Laricani kimi Ali Rəhbərə yaxın hesab edilən siyasi elita nümayəndələrinin də prezidentliyə namizəd olmasına icazə verilmədi. Etnokratik tendensiya əhəmiyyətli bir inkişafdır və ölkə üçün daha uzunmüddətli siyasi təsirləri ola bilər. Siyasi elitalar arasında artan müxalifət, avtoritar rejimlərdə uğurlu dəyişiklik üçün demək olar ki, əsas şərtdir. Kənarda saxlanılan elita nümayəndələrinin sayının artdığını nəzərə alsaq, siyasi elita arasında parçalanma və gərginlik ehtimalının gələcəkdə artacağı ehtimal olunur. Beləliklə, həm mərkəzdə, həm də ətrafda olan azərbaycanlıların siyasi aktivliyi müxtəlif siyasi qruplar tərəfindən siyasi fürsət kimi qiymətləndirilə bilər. Görünür, seçkidən sonrakı mühitdə etnik kimliklər də siyasiləşdiriləcək. Yeni prezident İbrahim Rəisinin İnqilab sonrası dövrdə repressiv rol oynadığı deyilir. Rejimin etnik qruplara qarşı mövqeyində dəyişiklik əlamətləri ortaya çıxmadığından, mövcud siyasətin davamlılığının qorunması etnik azərbaycanlıların və digər azlıqların İran siyasətinə öz kimliyi kontekstində daha fəal yanaşması ilə nəticələnə bilər.

 

Bu məqalənin İngiliscəsi Baku Dialogues jurnalında nəşr edilmişdir.

Tərcümə: İsmayıl Zeynallı

Related Articles

Bir cavab yazın

Back to top button