Dünyaİran

İranın Ermənistanla 500 milyonluq silah anlaşması – Səfir təkzib edir, amma…

Son günlər İran və Ermənistan arasında 500 milyon dollar dəyərində gizli silah tədarükü müqaviləsinin bağlanmasına dair məlumatlar yayılır. Bu barədə ilk olaraq Yaxın Şərqdəki yüksək rütbəli hərbi məmurlara istinadla “İran İnternational” kanalı məlumat yaymışdı.

Telekanalın məlumatına görə, Ermənistana tədarük edilən hərbi məhsulların siyahısına “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” PUA-ları, həmçinin xeyli sayda zenit-raket kompleksləri daxil olacaq.

Lakin çox keçmədi ki, əvvəlcə Ermənistan Müdafiə Nazirliyi bu məlumatları təkzib etdi. Bu gün isə İran İslam Respublikasının Ermənistandakı səfiri, böyük erməni canfəşanlığı ilə seçilən və “ermənidən betər erməniliyi” ilə tanınan Mehdi Sobhani tez-tələsik həmin məlumatların yalan olduğunu iddia edib.

 

 

Səfir bu xəbərləri yayan kanalların “etibarsız mənbələr” olduğunu deyib. Sobhani bu cür xəbərlərin İranın qonşuları ilə münasibətlərinə zərər vurulmasına hesablandığını əlavə edib: “İran İslam Respublikası Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi inkişafı dəstəkləyir” – Guya…

Bu mövzuya “od olmayan yerdən tüstü çıxmaz” məntiqindən yanaşsaq, belə xəbərlərin üzə çıxması təsadüfi sayıla bilməz. Digər yandan, İrandakı rejim öz ermənipərəst siyasətini dəfələrlə açıq və yarıgizli şəkildə ifadə edib. Bunu istər 44 günlük müharibədən əvvəl, istər həmin günlərdə, istərsə də ondan sonrakı dövrlərdə izləmişik. 

 

 

 

Hətta 44 günlük müharibədən sonra da Qarabağdakı sabiq separatçı və terrorçu rejimi Laçın yolu vasitəsilə yanacaqla və digər ləvazimatlarla təmin edən İran idi. Daha sonra Zəngəzur dəhlizi məsələsində məlum bəyanatları ilə açıq ermənipərəst mövqe sərgiləyən, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən və Azərbaycanı təhdid edən də İran oldu. Azərbaycan səfirliyinə terror hücumu da İranda baş verdi…

Bütün bu və digər məlum əməllərindən sonra “dabbağda gönünü tanıdığımız” İranın Ermənistanla 500 milyon dollarlıq gizli silah anlaşması imzalaması xəbəri olduqca təbii və inandırıcı görünür – hər nə qədər təkzib bəyanatları verilsə də…

Related Articles

Bir cavab yazın

Back to top button