ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı hərbi gücün tətbiq olunmasının mümkünlüyünü bildirib.
Aznews.tv-nin verdiyi məlumata əsasən, bununla birgə Pompeo Donald Tramp üçün bu addımın olduqca istənilməz olduğunu bəyan edib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton İrana qarşı tətbiq oluna biləcək addımları gözdən keçirir.
Həmçinin M.Pompeo bütün dünyanı İran “təhlükəsinə” qarşı birləşməyə çağırıb.
Xatırladaq ki, İran və ABŞ arasında gərginlik Oman körfəzində iki tankerin partladılmasından sonra növbəti dəfə yüksəlib.
“ABŞ İrana qarşı atılacaq bütün addımları araşdırır. Biz bir neçə dəfə Donald Trampa bu barədə məlumat vermişik və onu məlumatlandırmağa davam edəcəyik. Əminik ki, İranın qarşısı alınmasının bərpası üçün bir sıra addım ata biləcəyik. Bu bizim missiyamızdır”, – deyə M.Pompeo qeyd edib.
Bu addımlar arasında hərbi addımın olub-olmaması barədə jurnalistin sualına ABŞ-ın dövlət katibi müsbət cavab verib.
“Tramp aydın şəkildə İranla müharibə istəmədiyini vurğulayıb. Lakin o, Tehranın nüvə silahına yiyələnməməsi üçün tətbiq edilə biləcək bütün addımları gözdən keçirir”, – deyə Pompeo əlavə edib.
Dövlət katibi həmçinin Ağ ev administrasiyasının hərbi addım atılacağı təqdirdə Konqresdən cavab gözləməyəcəyini deyib.
“Bizim onsuzda ABŞ-ın maraqlarını müdafiə etmək səlahiyyətimiz var. Bizim xalqımız tam əmin olmalıdır ki, ABŞ-ın Tramp dönəmində atacağı bütün addımları həmişə qanuna, Konstitusiyamıza uyğun olacaq və biz həmişə maraqlarımızı qorumaq üçün istənilən çətin məsələlərin öhdəsindən gələcəyik”, – deyə Mayk Pompeo qeyd edib.
Aznews.tv