“Aznews tv” “Daneşcu” ajansına istinadən xəbər verir ki, İranın energetika naziri Əli Əkbər Mehrabian Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan ilə görüşündə deyib: “İranın hazırkı hökuməti qonşu dövlətlərlə əlaqələrin inkişafına önəm verir və buna uyğun olaraq bu əlaqələr hər gün artır”.
O, ölkəsinin imkanları haqda məlumat verərək, İran prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə zəmin yaradılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə, habelə 10-13 may tarixlərində Ermənistan tərəfinin ev sahibliyi ilə 17-ci İran-Ermənistan Əməkdaşlıq Sammitinin keçirilməsinin koordinasiyasının zəruriliyi vurğulanıb və bu sammitin iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişafı üçün mühüm olacağı bildirilib.
Qeyd edək ki, İran hakimiyyəti son dövrlərdə işğalçı Ermənistan rejimi ilə demək olar ki bütün sahələrdə əməkdaşlıqdan ötrü, necə deyərlər, dəridən-qabıqdan çıxır. Lakin İranla Azərbaycan arasında müsəlman “qardaşlığı”ndan dəm vuran molla rejimin nümayəndələri əməldə bunun tamamilə əksini nümayiş etdirir. Bu da təbii olaraq İranın Azərbaycana qarşı həmişə olduğu kimi, ikibaşlı siyasətinin bariz nümunələrindən sayılır.