İran hökumətinin təsvib etdiyi yeni idari məntəqə bölgüsünə görə, Güney Azərbaycanın Qoşaçay mahalı üç bölgəyə bölünüb.
Yeni idari məntəqə bölgüsünə əsasən, Qərbi Azərbaycan əyalətinin Qoşaçay mahalı Qoşaçay, Çaharborc və Baruq şəhərləri mərkəz olmaqla üç ayrı rəsmi bölgə adı alıb.
Ötən gün rəsmi olaraq Baruq şəhərinin Fərmandarlığı binasının açılış mərasimi keçirilib.
Mərasimə Qoşaçayın İran Məclisindəki nümayəndəsi Mehdi İsazadə, Batı Azərbaycan əyalətinin ustandarı Məhəmməd Mehdi Şəhriyari və İran prezidentinin Məclisdəki nümayəndəsi Hüseynəli Əmiri qatılıblar.
Dünən onların iştirakı ilə Çaharborc şəhərində də İcra Fərmandarisinin açılışı olacaq.
Qoşaçay şəhərinin Məclisdəki millət vəkili Mehdi İsazadə yeni idari məntəqə bölgüsünün hər üç şəhərin gəlişməsinə səbəb olaçağını bildirib.
Ancaq onun açıqlaması hakimiyyətinin mərkli planından xəbər evrir.
“Bu hər üç şəhərin gəlişməsinə yol açacaq. Eyni zamanda gələcəkdə bölgədə Qoşaçay mərkəz olmaqla yeni əyalətin yaradılması işini də asanlaşdıracaq və yeni şəhərlər onun əyalətə çevrilməsində təməl rolunu oynayacaq”-deyə, Mehdi İsazadə bildirib.
Onun bu açıqlaması əsas niyyətin çoxdan planlaşdırılan Batı Azərbaycanı daha da kiçilməyini göstərir.
Çaharborc ilə Baruqun şəhərə çevrilməsi İranın idari məntəqə bölgüsü ilə bağlı təsvib etdiyi qanuna ziddir.
Qanunda şəhər adı almaq üçün orada yaşayan əhalinin 80 min nəfər olması nəzərdə tutulur. Ancaq Çaharborcun əhalisi 26 min, Baruqun əhalisi isə 11 min nəfərdir.
Buna qədər Qoşaçay Urmu və Xoydan sonra Batı Azərbaycan əyalətinin üçüncü ən böyük bölgəsi sayılırdı. Bu bölgü ilə Qoşaçay, əyalətin ən kiçik bölgələrindən birinə çevrilmiş olub.
Bildirək ki, Batı Azərbaycan əyalətinin adının dəyişdirilməsi, onun bir neçə əyalətə bölünlməsi cəhdləri uzun illərdir davam edir.
Bundan öncə dəfələrlə Soyuqbulaqla Bəykəndi bölgələrinin ayrıca əyalətə çevrilməsi ilə bağlı kürd millət vəkilləri İran Məclisində məsələ qaldırıblar.
Bu önəri azərbaycanlılarla bir neçə azərbaycanlı millət vəkili tərəfindən etirazlarla qarşılandığı üçün həyata keçirilməsi yubandırılıb.
Xatırladaq ki, uzun illərdir Doğu Azərbaycan əyalətinin də parçalanması yönündə işlər aparılır.
Marağa şəhərinin ayrılaraq Marağa və ya Səhənd adı ilə ayrıca əyalətə çevrilməsi barədə önərilər azərbaycanlıların narazılığa səbəb olub. Özəlliklə, marağalılar və təbrizlilər buna sərt etiraz edir.