Livan polisi bu ölkədən Səudiyyə Ərəbistanına ixrac edilən yüklər arasından 700 min ədəd “cihad həbi” adı ilə tanınan “kaptaqon” psixotrop maddəni aşkar edərək götürüb.
“Aznews tv”xəbər verir ki, faktı Livanın daxili işlər naziri Bessam Mövləvi də təsdiq edib.
O, “Twitter” hesabındakı paylaşımında bildirib ki, Livanın əmniyət gücləri uyuşdurucu maddəni Ərəbistana göndərmək istəyən şəxsi Bəqa bölgəsində həbs ediblər. Lakin nazir həmin şəxsin adı və hansı qruplaşmanın üzvü olması barədə detalları açıqlamayıb.
Qeyd edək ki, son iki ay ərzində Livan polisi 4 dəfə bu ölkədən Ərəbistana göndərilən yüklər arasında “cihad həbi” aşkar edib.
Daha öncə Livan mətbuatı etibarlı mənbələrə istinadən Livana və körfəz ətrafında yerləşən ölkələrə uyuşdurucu maddə qaçaqmalçılığının İranın dəstəklədiyi Hizbullah qruplaşması tərəfindən edildiyi barədə məlumat yaymışdılar.