11 Sentyabr teraktının əsas şahidlərindən olan Əli Rza Süleyman Pakı həbs etdirməklə Gürcüstan Baş naziri Georgi Qaxariya İran və Rusiya kəşfiyyatının tapşırığını icra edib.
Bunu Pakın müdafiəsi üçün Gürcüstana gələn 11 Sentyabr terakt işinin vəkili Kennet Timerman “Mtavari Arxi” televiziyasına müsahibəsində deyib.
“İran hakimiyyəti Gürcüstan hökumətinə bu adam haqqında hüquqi təqib başlatmaq tapşırığı verib. Hazırda Gürcüstan məhkəmə sistemində baş verənlər böyük skandaldır. 2017-ci ildən bu insan törətmədiyi cinayətə görə həbsdədir. O, yalnız terrorçular barədə doğruları dediyi üçün həbsdə oturur. ABŞ hökuməti indiyə qədər bu işə müdaxilə etməyib, amma indi biz onlardan müdaxilə tələb etmişik ki, bu problemi ədalətli həll edək. Əgər situasiya düzəlməsə, bu, böyük skandala gətirib çıxaracaq”, – deyə o bildirib.
Timerman Pakın həbs edilməzdən öncə İranın Gürcüstandakı səfiri Seyid Cavad Şahidlə danışdığını bildirib:
“Onun saxlanılmasından 3 ay öncə səfir kəşfiyyatın keçmiş əməkdaşına 11 sentyabr teraktı ilə bağlı şahidlikdən imtina qarşılığında 5 milyon dollar və Gürcüstan vətəndaşlığı verəcəklərini deyib.
Məni narahat edən odur ki, İran səfiri bu işdə Gürcüstan hakimiyyətilə əməkdaşlıq etmədən gürcü pasportunu necə verə bilər. Kim bunu edə bilər? Bunu yalnız Gürcüstan daxili işlər naziri edə bilərdi. Bu insan deyilən sxemlə bağlı iranlılarla razılaşıb. Görünür, onun müəyyən maraqları olub. O, bu işdə birbaşa məsuliyyət daşıyır. Sizin nazir illərini Rusiyada keçirib və onun kəşfiyyatla güclü əlaqələri var”.
Qeyd edək ki, Əli Rza Süleymani Pak 2018-ci ildə Gürcüstanda həbs edilib. Rəsmi Tiflisi onun killer olduğunu və ölkə ərazisində İran vətəndaşlarından birini öldürmək istədiyini bildirib.
Pak 11 sentyabr teraktı ilə bağlı ABŞ-ın əsas şahidlərindən biri olub. Məhz Pak İran kəşfiyyatının casusu olduğu dönəmdə ABŞ kəşfiyyatına hazırlanan teraktla bağlı xəbər verib və ABŞ-a bu işdə İranın rolunu sübut etməyə cəhd göstərib.
Pak Gürcüstanda 2017-ci ildən yaşayıb. O, Gürcüstana İranda həbs edilən qardaşını azad etmək üçün gəlib. İran Pakdan öz ifadələrindən imtina etməsini istəsə də, o, buna razılıq verməyib və ardınca onun qardaşı İran həbsxanasında qətlə yetirilib. (Axar.Az)