Azərbaycanİran

Güneyli məhbus rejissor zindanda koronovirusa yoluxub

Onun Evin zindanının karantin bölməsinə köçürüldüyü bildirilir.

Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı rejissor Cəfər Pənahi koronovirusa yoluxub.

İran İnsan Haqları Təşkilatı, rejissorun zindanın karantin bölməsinə köçürüldüyünü, durumunun ağır olmasına baxmayaraq onun müalicəsi və xəstəxanaya köçürülməsinə icazə verilmədiyini bildirib.

Məlumatda avqustun 5-də şiddətli qızdırmadan əziyyət çəkən rejissordan koronovirus testi götürülüb və nəticə müsbət çıxıb.

İnsan haqları təşkilatı zindanda olan qaynaqlara istinadən Cəfər Pənahinin öz şəxsi vəsaiti hesabına müalicə olunmasını təklif etsə də, Evin zindanının rəhbərliyi bununla razılaşmayıb.

Güneyli rejissorun həbsindən 3 həftə keçməsinə baxmayaraq, onun ailəsi və vəkili ilə görüşməsinə icazə verilmir.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da polisə “Silahını yerə qoy” çağırışı edən kinematoqrafçılar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kino xadimi ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

Pənahi saxlanıldıqdan bir neçə gün sonra İran məhkəmə sisteminin sözçüsü Məsud Setayişi onun 6 illik həbs cəzasını çəkmək üçün Evin zindanına köçürüldüyünü deyib.

O, rejissorun “toplaşma və əlbir olmaq” və “sistemə qarşı təbliğat”da ittiham olunduğunu və 6 illik həbs cəzası qərarının dəyişməyəcəyini bildirib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.

Related Articles

Bir cavab yazın

Back to top button