Azərbaycanİran

Güneyli alim Evin həbsxanasında aclıq aksiyası keçirir

İsveç vətəndaşı olan və Tehranın Evin həbsxanasında edam hökmü altında yaşayan güney azərbaycanlı professor Əhmədrza Cəlali aclıq aksiyasına başlayıb. Bu barədə onun həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

“Həyat yoldaşım dünyaya səsini çatdırmağın yeganə yolunun aclıq aksiyası keçirmək olduğunu düşündüyü üçün buna əl atıb”, – deyə Mehranniya Fransa xəbər agentliyinə açıqlamasında bildirib.

Xatırladaq ki, iyunun 15-də İsveç və İran arasında məhbus mübadiləsi olub, İsveç hökuməti bu ölkədə həbsdə olan iranlı keçmiş prokuror koməkçisi Həmid Nurini sərbəst buraxıb və qarşılığında Tehranda həbsdə olan iki İsveç vətəndaşının ölkələrinə qayıtmalarına nail olub.

Məhbus mübadiləsi zamanı güney azərbaycanlı alimin taleyinə laqeydlik, onun azad edilməsi üçün səy göstərməmək professor Əhmədrza Cəlali və onun həyat yoldaşının etirazı ilə qarşılanıb.

Onlar İsveç hakimiyyətini ayrı-seçkilikdə ittiham edib, bu hərəkətin iddia olunan insan haqları və demokratik prinsiplərə zidd olduğuna diqqət çəkiblər.

Qeyd edək ki, İsveç vətəndaşı olan güney azərbaycanlı Əhmədrza Cəlali 2016-cı ilin april ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Related Articles

Bir cavab yazın

Back to top button