Novruz bayramı zamanı yazın müjdəçiləri sayılan sayaçılar Güney Azərbaycanın yaşayış yerlərini gəzərək, mahnı oxuyur, şeirlər deyirlər, insanlara yazın gəlməsinin müjdəsini verib, camaatdan bayramlıqlarını alırlar. Bundan əlavə, yazdan xəbər verənlərdən biri də təkəmçilər sayılır. Təkəm soyuq qışdan sonra zirvələrin başına çıxan və günəşin doğuşunu görən qırmızı və sarı tüklü erkək keçidir, təkəmçilər isə həmin keçi ilə birgə şəhərləri gəzənlərə deyilir. Hələ də Güney Azərbaycanın bir çox yerlərində yaşayan insanlar bu ritualı icra edirlər.
Güney Azərbaycanda keçirilən Novruz bayramında qədim adətə görə, süfrə üzərinə
“həft sin”, yəni “s” hərfi ilə başlayan 7 ədəd əşya düzülür. Ərdəbildə “həft sin” üçün əsasən, sirkə, sarımsaq, səbzi, sumaq, sikkə, saat, su istifadə edilir.
Təbrizdə Novruz süfrəsinə maraqlı xonça düzəldilir. Xonçanın ətrafına yanan şamlar düzülür, güzgü qoyulur, içərisindəki suda xırda balıq və ya yaşıl yarpaq olan fincan, boyanmış yumurtalar və s. qoyulur.
Novruz bayramında Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da insanlar tonqal qalayaraq üzərindən atlanır, həmçinin odun ətrafında rəqs edir və mahnı oxuyurlar.
Əsrlər boyu azərbaycanlılar Güney Azərbaycanda hakimiyyət tərəfindən böyük təzyiqlərə məruz qalırlar. Hazırda da anti-Azərbaycan siyasətini davam edən molla rejimi televiziya və kütləvi informasiya vasitələrində, həmçinin təhsil müəssisələrində güney azərbaycanlıların adətlərini unutdurmağa və farslara aid olan adətləri təbliğ etməyə çalışır. Bu sahədə edilən addımlardan biri qəddar molla rejiminin Təbriz şəhərində olan təkəmçi heykəlini sökməsi olub.
Bütün bunlara baxmayaraq, Güney Azərbaycanda yaşayan həmyerlilərimiz öz adət və ənənələrini qoruyub saxlamağa və gələcək nəsillərə ötürməyə çalışırlar.