Güney Azərbaycanda koronavirusla bağlı son vəziyyət olduqca təhlükəlidir. Belə ki, rəsmi amarlara əsasən, virusa yoluxma və ölüm hallarının sayında kəskin artımın olduğu müəyyənləşdirilib. Bu barədə Qərbi Azərbaycan Tibb Elmləri Danişqahının rəisi Cavad Ağazadə açıqlama verib. Belə ki, son 24 saatda daha 12 nəfər koronavirusa yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 120 min 204 nəfərə çatıb. Ötən bir gündə virus qurbanlarının sayı 9 nəfərə yüksəlib. Koronavirusdan ölənlərin sayı 3 min 738 nəfər təşkil edir. Hazırda əyalət mərizxanalarında 447 nəfər müalicəyə alır. Mərizxanaların ICU bölməsində müalicə alanların sayı 132 nəfərdir. Onlardan 32 nəfəri isə süni tənəffüs dastqahına qoşulub.
Ərdəbil əyalətinin Tibb Elmləri Danişqahının rəisi Şəhram Həbibzadə əyalətdəki son vəziyyəti şərh edib. Məlumata görə, əyalətdə son 24 saatda 31 nəfər mərizxanaya yerləşdirilib. Mərizlərdən 49 nəfərin ICU bölməsində müalicə aldığı bildirilib. Pandemi ərzində Ərdəbildə virusdan ölənlərin sayı 1439 nəfər olub.
Qəzvin və Həmədanda da koronavirusla bağlı vəziyyət təhlükəli olaraq qalır. Belə ki, son bir gün ərzində Qəzvində 142 nəfərdə koronavirusa yoluxma əlamətləri qeydə alınıb. Bu günə qədər təhlükəli virusa yoluxanların sayı 18 min 781 nəfər təşkil edir. Həmin müddətdə koronavirusa yoluxmuş daha 4 nəfər isə dünyasını dəyişib ki, bununla da virusdan ölənlərin ümumi sayı 1350 nəfərə yüksəlib.
Həmədan əyalətinin İbn Sina Tibb Elmləri Danişqahının rəisi Məhəmməd Tahiri bildirib ki, son 24 saatda 255 nəfər müalicə mərkəzlərinə müraciət edib. Onlardan 38 nəfəri mərizxanaların ümumi bölmələrinə, 14 nəfəri isə ICU bölməsinə yerləşdirilib. Virus qurbanlarının sayı isə daha 2 nəfər artaraq, 1558 nəfər olub.